Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-638/2025 22.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6300 AZN (altı min üç yüz manat) məbləğində pul vəsaitinin tutularaq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehi uzun müddətdir tanıyır. Cavabdeh ona Goranboy rayonunun Goran qəsəbəsində qış yatağı olduğunu bildirərək, ona heyvanlarını gətirib orada saxlatdırmasını təklif etmişdir. Bundan sonra, o, 2021-ci ilin yanvar ayında X1 məxsus “Qazel” markalı yük avtomobili ilə özünün 11 (on bir) baş xırdabuynuzlu heyvanını Goran qəsəbəsində cavabdehə məxsus heyvan yatağına düşürmüş və bunun müqabilində cavabdehə hər ay əlli-altmış manat verəcəyi barədə şərtləşmişlər. Bundan sonra cavabdeh həmin ilin yayında heyvanları Kəlbəcərə aparmış, payızda qayıdanda, o, cavabdehə heyvanlarını aparmaq istədiyini bildirəndə cavabdeh heyvanların Alazanda (Azərbaycanın qərbində Alazan çayı hövzəsində yerləşən ərazi nəzərdə tutulur-hakimin qeydi) olduğunu, heyvanları gətirən kimi gəlib aparması üçün xəbər verəcəyini demişdir. 2023-cü ilin dekabr ayında cavabdehdən bir quzu götürmüş, həmin vaxt cavabdeh ona 25 (iyirmi beş) baş heyvanı olduğunu bildirmişdir. Bundan bir ay sonra öz heyvanlarını gətirməyə getdikdə cavabdeh ona 9 (doqquz) baş qoca qoyun vermiş, həmin heyvanlardan da 3 (üç) başı gələn kimi ölmüşdür. 2022-ci ilin noyabr ayında şərikli olaraq 10 (on) hektar arpa əkmişlər; arpanı biçəndə 12 (on iki) ton arpa çıxmış, cavabdeh ona arpanı satıb ona 3300 (üç min üç yüz) manat pul verəcəyini bildirmişdir; arpanı satmış və cəmi 1600 (bir min altı yüz) manat vermişdir. Bundan başqa, cavabdeh torpağa görə subsidiya şəklində 1800 (bir min səkkiz yüz) manat pul almışdır; həmin pulun da 900 (doqquz yüz) manat hissəsi ona çatmalı olduğu halda, ona verməmişdir. Eyni zamanda arpanın biçin yerindən 2500 (iki min beş yüz) ədəd saman kipi (preslənmiş saman-hakimin qeydi) çıxmış, cavabdeh həmin saman kiplərini də 5000 (beş min) manata satmış, həmin məbləğin 2500 (iki min beş yüz) manat hissəsi ona çatmalı olduğu halda, ona verməmişdir. Həmçinin cavabdeh heyvanların saxlanılması üçün üç il, yəni 36 (otuz altı) ay müddətində hər ay ondan 50 (əlli) manat pul almışdır və bu da cəmi 1800 (bir min səkkiz yüz) manat olmuşdur. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 20 may 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı təxirə salınaraq 03 iyun 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 03 iyul 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı 22 iyul 2025-ci il tarixə təxirə salınmışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən-800 (səkkiz yüz) manat hissədə qəbul edərək bildirmişdir ki, İddiaçı imkanı olduqca 800 (səkkiz yüz) manat məbləğində pulu hissə-hissə ödəyəcəyini vəd edir (bu barədə yazılı izahatını da məhkəməyə təqdim etmişdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin başlığı “Sübut etməkdən azad olmaq üçün əsaslar” adlanır. 82.4-cü maddədə qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə tərəflərin izahatlarını mülki iş materialları ilə birlikdə araşdırmaqla hesab edir ki, iddia tələbi qismən- 800 AZN (səkkiz yüz manat) məbləğində pul vəsaitinin tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməsə də, cavabdeh iddiaçıya 800 AZN (səkkiz yüz manat) pul borcunun olduğunu etiraf etmişdir. İddia qalan hissədə - 5500 (beş min beş yüz) manat pul tələbinə dair hissədə əsassız olduğundan-yəni həmin hissədə iddia sübutlarla təsdiq olunmadığından və həmin hissədə cavabdeh tərəfindən etiraf olunmadığından, həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 800 AZN (səkkiz yüz manat) məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-638/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-638/2025
22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver