Məhkəmə qərarları › İş №2(040)-647/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-647/2024

17.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-647/2024 17.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh2 vəkili X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız əldə olunmuş 15000 (on beş min) manat pulun qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15000 (on beş min) manat pulun müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Göygöl rayonunun Murovdağ qəsəbəsində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Özü xəstə olduğuna görə, müalicəsi üçün təqaüddən aldığı məbləği hissə-hissə toplayaraq 15000 (on beş min) manat pul yığmış, həmin pulları Göygöl rayonunun Murovdağ qəsəbəsində yerləşən evinin zirzəmisindəki soyuducunun içərisində olan ağ rəngli albomun içərisində saxlamışdır. 19 avqust 2023-cü il tarixdə meyvə-tərəvəz satan şəxsdən alver etmək məqsədi ilə pulunu qoyduğu yerdən götürmək istədikdə 15000 (on beş min) manat pulunun yerində olmadığını görmüşdür. Belə olan halda Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və polis şöbəsində araşdırılma aparıldıqdan sonra cavabdehlərin barələrində cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuş, ona məsələnin mülki mübahisə olduğu və bunun üçün məhkəmədə iddia qaldırılmalı olduğu bildirilmişdir. Cavabdehlərdən Cavabdeh1- onun oğlu, digər Cavabdeh2 isə oğlunun dostudur. Polis şöbəsində verdikləri izahatlarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun evindən 870 (səkkiz yüz yetmiş) manat pul götürdüklərini etiraf etmişlər. Cavabdehlərdən pulunu qaytarmalarını tələb etsə də, cavabdehlər onun pulunu geri qaytarmamışlar. Belə ki, cavabdehlər onun pulundan yalnız 875 (səkkiz yüz yetmiş beş) manat hissəsini özünə qaytaracaqlarını bildirmiş, qalan hissəsini isə qaytarmaqdan imtina etmişlər. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd edilən hadisədən dörd-beş gün sonra Cavabdeh2 əmlak vəziyyətində əhəmiyyətli dəyişiklik olmuşdur, belə ki, Cavabdeh2 özünə 60 (altmış) baş xırdabuynuzlu heyvan və iribuynuzlu mal-qara almışdır. Bu da onu göstərir ki, cavabdehlər öz aralarında əvvəlcədən razılığa gələrək onun pulu hesabına özlərinə qanunsuz olaraq əmlak əldə etmişlər. Hal-hazırda cavabdehlərin hər ikisindən evindən götürdükləri 15000 (on beş min) manat pulun müştərək qaydada özünə qaytarmalarını tələb edir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 2023-cü ilin yayında cavabdehlər ikisi birlikdə olmaqla onun Göygöl rayonunun Murovdağ qəsəbəsində yerləşən evindən 15000 (on beş min) manat pul götürmüşlər. Hal-hazırda oğlu-cavabdeh Kərəm Abasquluyevin cinayət məsuliyyətiə cəlb edilməsini istəməsə də, cavabdehlərdən onun pulunu birgə qaydada qaytarmalarını tələb edir. Məhkəmədən iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 15000 (on beş min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, 2023-cü ilin avqust ayının ortalarında, o, anası evdə olmayan vaxt dostu Vasifi çağıraraq anasının evindən pul götürməyi qərara almış, onlar birlikdə evi axtararkən dostu Vasif evin zirzəmisində olan köhnə soyuducunun içindən pul tapdığını bildirmiş və həmin vaxt Vasif əlində olan pulların hamısını ona vermişdir, onlar birlikdə tapılan pulu saymışlar: 875 (səkkiz yüz yetmiş beş) manat olmuşdur. Onlar birlikdə yeyib-içdikdən sonra Vasif evinə getmişdir. Həmin vaxt onlar Vasiflə birlikdə 875 (səkkiz yüz yetmiş beş) manatdan əlavə pul tapmamışlar. O, tapılan puldan Vasifə heç bir məbləğdə pul verməmişdir. Bununla belə, sonradan Vasifin hərəkətlərindən şübhələnmişdir, belə ki, hadisədən az müddət sonra Vasiflə qardaşı özlərinə 60 (altmış) baş iri və xırdabuynuzlu heyvan almışlar- bu da onu düşünməyə əsas verir ki, Vasif əslində həmin vaxt ona yalan danışmışdır-tam mümkündür ki, Vasif əslində 15000 (on beş min) manat tapmış və tapılan pulun böyük əksəriyyətini ondan gizlətmişdir. O, anasının evindən götürdüyü 875 (səkkiz yüz yetmiş beş) manat pulu özü qaytaracaqdır (iddianın qismən etirafı barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Kərəm 2023-cü ilin avqust ayının ortalarında anası İddiaçı evdə olmayan vaxt onu çağırmış və anasının evindən onun üçün pul axtarmağı təklif etmişdir. Onlar Kərəmin anası Sonanın Göygöl rayonunun Murovdağ qəsəbəsində məcburi köçkün qismində məskunlaşdığı evi axtarmışlar və o, evin zirzəmisindən 875 (səkkiz yüz yetmiş beş) manat pul tapmışdır; o, tapdığı pulun hamısını-875 (səkkiz yüz yetmiş beş) manat pulu dərhal yerindəcə Kərəmə vermişdir. Həmin vaxt orada başqa pul əskinasları olmamışdır. O, iddiaçıya məxsus puldan özünə heç nə götürməmişdir. İddia ona qarşı hissədə əsassız olduğundan iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: İddiaçı şikayəti əsasında Göygöl Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən 14 sentyabr 2023-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X4 və Cavabdeh2 əməlində cinayət tərkibi olmadığına görə onların hər ikisinin barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda həmçinin qeyd edilmişdir: “...Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2023-cü ilin avqust ayının ortalarında Göygöl rayonunun Murovdağ qəsəbəsində yaşayan X4 dostu Cavabdeh2 ilə birlikdə anasının Kərəmlə birlikdə yaşadıqları saxladığı 875 (səkkiz yüz yetmiş beş) manat pulu ondan icazəsiz götürərək xərcləmişdir. İddiaçı Məhəməd qızının bu barədə məlumatı olduqda Göygöl Rayon Polis Şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsində “oğurluq” dedikdə özgə əmlakını tamah məqsədi ilə gizlin olaraq talama başa düşülür. Araşdırma zamanı İddiaçı məxsus 875 (səkkiz yüz yetmiş beş) manat pul onların ümumi əmlakı hesab edildiyinə görə, İddiaçı oğlu X1 həmin pulu evdən götürərək dostu Cavabdeh2 ilə birlikdə xərcləməsi faktında Cavabdeh1 əməlində heç bir cinayət tərkibi yoxdur. Odur ki, X1 və Cavabdeh2 əməllərində heç bir cinayət tərkibi öz təsdiqini tapmadığından onların barələrində cinayət işinin başlanılması rədd edilməlidir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1 - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2 - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. -1092.2-ci maddəsinə görə, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. -82-ci maddəsindən görünür ki: 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur; 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmə hesab edir ki, iddia qismən– Cavabdeh1 875 (səkkiz yüz yetmiş beş) manat pulun tələbi hissəsində əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməsə də, cavabdeh X4 anası İddiaçı evindən 875 (səkkiz yüz yetmiş beş) manat pul götürdüyünü etiraf etmişdir. Belə olan halda, Cavabdeh1 875 (səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədəcavabdeh X2 qarşı 875 (səkkiz yüz yetmiş beş) manatdan artıq olan 14125 (on dörd min yüz iyirmi beş) manat pul tələbi və Cavabdeh2 qarşı pul tələbinə dair hissədə əsassız olduğundan, həmin hissələrdə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehlərin onun evindən 15000 (on beş min) manat pul götürməsi barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş və iddia tələbinin həmin hissədə əsaslılığını sübuta yetirməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 875 (səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar