Məhkəmə qərarları › İş №2(040)-731/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-731/2024

30.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-731/2024 30.07.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi - Ərizəçi, Maraqlı şəxs – Maraqlı şəxs2 rəisi (eyni zamanda, Maraqlı şəxs1 nümayəndəsi) X2 iştirakları ilə, Ərizəçi “övladı X1 ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, övladı 25 may 2000-ci ildə doğulmuş X1 22 iyun 2000-ci ildə Mingəçevir şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 25 may 2000-ci ildə Mingəçevir şəhərində anadan olmuş X4 onun övladıdır. Anadan olanda xəstə doğulmuşdur, çox zəif olmuşdur. Uşaq yemək yeməmiş, günü gündən vəziyyəti ağırlaşmış, bir ay çəkməmişdir ki, qəfildən vəfat etmişdir. Uşağın anası, həyat yoldaşı X5 02 noyabr 2023-cü ildə xəstəlik səbəbindən vəfat etmişdir. Onun ailə tərkibini müvafiq qeydiyyat şöbəsindən alarkən məlum olmuşdur ki, 25 may 2000-ci il təvəllüdlü qızları X1 ölümü qeydə alınmamış, sistemlərdə sağ kimi görünür. Ailə tərkibi haqqında arayış işlədiyi yerdən əmək haqqının qalan məbləğini almaq üçün lazım idi. Qızının vəfat etməsini şahidlər də təsdiq edə bilərlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum övladı X1 ölüm sənədini əldə etmək üçün vacibdir. Ərizəçi 30 iyul 2024-cü il tarixdə məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizəsində övladının ölüm tarixini 22 avqust 2000-ci il göstərmək əvəzinə səhvən 22 iyun 2000-ci il qeyd etdiyini, ona görə də övladı 25 may 2000-ci ildə doğulmuş X1 22 avqust 2000-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, onun X5 ilə birgə nikahından 25 may 2000-ci ildə X4 adlı övladı doğulmuşdur. Uşaq doğulandan xəstə olmuş, vəziyyəti günü gündən ağırlaşmışdır. 22 avqust 2000-ci ildə qəfil vəfat etmişdir. Lakin onlar savadsızlıqdan övladının ölümü haqqında sənədin alınması üçün heç bir orqana müraciət etməmişlər. 02 noyabr 2023-cü ildə isə həyat yoldaşı X5 xəstəlik səbəbindən vəfat etmişdir. X3 ailə tərkibi barədə sənədi müvafiq qeydiyyat şöbəsindən alarkən məlum olmuşdur ki, 25 may 2000-ci il təvəllüdlü qızları X1 ölümü qeydə alınmamış, sağ kimi görünür. Ailə tərkibi haqqında arayış X3 işlədiyi yerdən əmək haqqının qalan məbləğini almaq üçün lazım idi. Qızının vəfat etməsini şahidlər də təsdiq edə bilərlər. Hazırda övladı Gültəkinə ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxs1nə müraciət etsə də, qeydiyyat şöbəsinin 21 may 2024-cü il tarixli məktubuna əsasən, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından və müddəti ötürdüyündən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum övladı X1 ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs2 rəisi (eyni zamanda, Maraqlı şəxs1 nümayəndəsi) X6 məhkəmə iclasında ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Şahid qismində məhkəmə iclasında ifadə verən X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusu olmuşdur. Ərizəçinin övladı X4 doğulandan təxmini üç ay sonra vəfat etmişdir. Şahid olaraq, X1 22 avqust 2000-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsini təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən X8 ifadəsində bildirmişdir ki, ərizəçinin 25 may 2000-ci ildə X4 adlı övladı doğulmuş, lakin uşaq zəif və xəstə olduğundan körpə ikən vəfat etmişdir. Şahid olaraq, X1 22 avqust 2000-ci il tarixdə Mingəçevir şəhərində vəfat etməsini təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 21 may 2024-cü il tarixli 3-16-5/7-Ə-171.1-69/2024 nömrəli məktubdan görünür ki, X1 ölüm haqqında akt qeydi Maraqlı şəxs1ndə və vətəndaşlıq Vəziyyəti aktlarının qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Ölümün qeydiyyatı ölüm haqqında tibbi şəhadətnamə və məhkəmə qərarı əsasında aparıldığından ölüm faktının müəyyən edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Mingəçevir şəhər Nikah evi tərəfindən 02 avqust 2000-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 25 may 2000-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. Bu barədə 02 avqust 2000-ci ildə 99 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Uşağın atası Ərizəçi, anası X5 qeyd edilmişdir. İş materiallarında olan: Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 13 noyabr 2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 02 noyabr 2023-cü il tarixdə Mingəçevir şəhərində ölmüşdür. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, Ərizəçi ilə X3 birgə nikahından 25 may 2000-ci ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuş X4 22 avqust 2000-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 25 may 2000-ci ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuş X1 22 avqust 2000-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 25 may 2000-ci ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuş X1 22 avqust 2000-ci ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X1 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar