Məhkəmə qərarları › İş №2(040)-738/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-738/2024

05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-738/2024 05.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 5500 (iki min beş yüz) manat məbləğdə pulun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5500 (beş min beş yüz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X5 və X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Yeni-Zod kəndinin ərazisində yerləşən otlaq sahəsindən ona məxsus 9500 (doqquz min beş yüz) manat dəyərində beş baş iribuynuzlu heyvanları gizli yolla talayaraq oğurluq etmişdir. Həmin oğlurlanmış iribuynuzlu heyvanların 4000 (dörd min) manat dəyərində iki baş iribuynuzlu heyvanları sonradan qaytarılmış, 5500 (beş min beş yüz) manat dəyərində 3 baş iribuynuzlu heyvanlar cavabdeh və onun tanışları tərəfindən özününküləşdirilərək sərəncam vermişlər. Cavabdeh və digər iştirakçılar barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılaraq ittiham aktı ilə məhkəməyə verilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 1(040)-1/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 1(040)-1/2024 saylı hökmündən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət olunmuş, Gəncə Apellyasiya Məhkəməsində Cavabdeh cinayət işinin məhkəmə icraatı zamanı cavabdehin anası ondan xahiş etmişdir ki, cavabdeh oğlu Cavabdeh həbs yerindən ona mobil telefonla and içərək söz vermişdir ki, barışıq ərizəsi ilə məhkəməyə müraciət etsin, çıxaraq 5500 (beş min beş yüz) manatı yaxın vaxtlarda ödəyəcəkdir. O da cavabdehin anasının sözünə inanaraq Gəncə Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək Cavabdeh ona vurduğu zərəri tam ödədiyini, buna görə şikayəti olmadığını bildirmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 03 may 2024-cü il tarixli 1(104)-173/2024 saylı hökmü ilə onun Cavabdeh heç bir şikayəti və tələbi olmamasını nəzərə alaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cavabdeh ona ödəyəcəyi 5500 (beş min beş yüz) manat məbləği ödəməkdən müxtəlif bəhanələrlə imtina edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir (Hakim müşavirədə olarkən cavabdeh məhkəmə iclas zalına daxil olmuş və qətnamə elan edilərkən zalda olmuşdur). İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini və Cavabdeh 5500 (beş min beş yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iştirak etdiyi 11 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, barəsində olan cinayət işinə baxılan zaman iddiaçıya vurduğu ziyana görə qohumları vasitəsilə 2200 (iki min iki yüz) manat pul ödəmişdir. Əlavə olaraq hissə-hissə 1300 (min üç yüz) manat pul da ödəməyə razıdır (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 03 may 2024-cü il tarixli 1(104)-173/2024 saylı qərarının surətindən görünür ki, məhkum X2 müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, məhkum Cavabdeh müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1, 186.2.2, 228.1-ci maddələri ilə, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4- cü maddələri ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair Kəlbəcər Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 1(040)-1/2024 saylı hökmünün məhkum Cavabdeh münasibətdə cəza hissəsində dəyişdirilməsi, Cavabdeh təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Cavabdeh ibtidai araşdırma zamanı 27 noyabr 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin ibtidai istintaq orqanının qərarı ilə tutulduğu 26 mart 2022-ci il tarixdən Göygöl Rayon Məhkəməsinin 28 mart 2022- ci il tarixli 4(066)-32/2022 saylı qərarı ilə azad olunduğu 28 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, birinci instansiya məhkəməsində icraat zamanı 16 may 2023-cü il tarixdən 31 may 2023cü il tarixədək həbsdə saxlanıldığı 15 (on beş) gün və 12 yanvar 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək həbsdə saxlandığı 03 (üç) ay 21 (iyirmi bir) gün, cəmi 04 (dörd) ay 10 (on) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, 08 (səkkiz) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanması, təyin edilmiş cəza müddəti ərzində Cavabdeh üzərinə yaşayış yerini hər gün saat 21-00-dan növbəti gün saat 08-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göygöl rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, ictimai qaydaya əməl etmək, ictimai-təhlükəli əməllər törətməkdən çəkinmək, ictimai faydalı əməklə məşğul olmaq vəzifələrinin qoyulması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddia tələbi qismən-1300 (min üç yüz) manat pul tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, həmin 1300 (min üç yüz) manat pul tələbinə dair hissədə təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməsə də (cavabdehin iştirakçılıqla törətdiyi cinayət əməli nəticəsində iddiaçıya 5500 (beş min beş yüz) manat miqdarında ziyan dəyməsi Kəlbəcər Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 1(040)-1/2024 saylı hökmü və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2024-cü il tarixli 1(104)-173/2024 saylı qərarı ilə öz təsdiqini tapsa da, zərərçəkmiş şəxs (hazırki mülki iş üzrə iddiaçı) İddiaçı apellyasiya icraatı zamanı məhkəməyə ərizə verərək ona vurulmuş ziyanın tamamilə ödənildiyini bildirmiş, məhkəmə də bu faktı qəbul etmişdir-bu da Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin təsiri altına düşür), Cavabdeh hazırki mülki iş üzrə icraat zamanı iddiaçıya vurduğu ziyana görə 1300 (min üç yüz) manat pul ödəməli olduğunu etiraf etmişdir. Belə olan halda Cavabdeh 1300 (min üç yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə- iddianın1300 (min üç yüz) manatdan artıq olan 4200 (dörd min iki yüz) manat pul tələbinə dair hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar