Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-788/2025 04.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (yaxın qohumu) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 29710 (iyirmi doqquz min yeddi yüz on) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehi özünün yaxın dostları olan Şahid1 və Şahid2 vasitəsi ilə tanımışdır. Cavabdeh ona Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Brend” təkər mağazasından nisyə təkərlər götürmək istədiyini, lakin mağazada onu tanımadıqlarına görə vermədiklərini bildirmişdir. Onun özünün yük avtomobilləri vardır və o, həmişə qeyd olunan təkər mağazasından təkərlər almışdır, buna görə də mağazanın satıcıları ilə münasibətləri yaranmışdır. Cavabdehə qeyd olunan münasibətin olduğunu bildirmiş, cavabdeh isə onun zamin durmasını, təkərləri nisyə götürüb pulunu da qaytaracağını demişdir. O da təkər mağazasına zamin duraraq cavabdehə nisyə təkər verilməsini xahiş etmişdir. Ayrı-ayrı vaxtlarda cavabdeh təkər evindən 32800 (otuz iki min səkkiz yüz) manat, 7100 (yeddi min yüz) manat və digər məbləğlərdə nisyə təkərlər götürmüşdür. Cavabdeh qeyd olunan məbləğlərdən bir hissəsini ödəsə də, təkər evinə 29710 (iyirmi doqquz min yeddi yüz on) manat borcu qalmış və qalan borcu ödəməmişdir. O, zamin durduğu üçün təkər evinə qalan 29710 (iyirmi doqquz min yeddi yüz on) manat borcu ödəmişdir. Bundan sonra cavabdehdən pulu tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı, mülahizəsi) məhkəməyə daxil olmamışdır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 17 iyun 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı təxirə salınaraq 01 iyul 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 04 avqust 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, cavabdehin əvəzinə 09 may 2024-cü il tarixdə 18 ədəd təkər üçün 10370 (on min üç yüz yetmiş) manat, 20 may 2024-cü il tarixdə 50 ədəd təkər üçün 32800 (otuz iki min səkkiz yüz) manat ödəniş edərək həmin təkərləri İqbala vermişdir. İqbal 09 may 2024-cü il tarixdə yaranmış 10370 (on min ü yüz yetmiş) manat borcdan 6360 (altı min üç yüz altmış) manat, 20 may 2024-cü il tarixdə yaranmış 32800 (otuz iki min səkkiz yüz) manat borcdan isə 7100 (yeddi min yüz) manat ona ödəniş etmişdir; hazırda İqbalın ona ümumilikdə 29710 (iyirmi doqquz min yeddi yüz on) manat borcu qalmışdır. İddiasının təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi (yaxın qohumu) Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə və iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı iddianın predmeti olan avtomobil təkərlərini mağazadan öz adına qaimə ilə alıb cavabdehə vermişdir- bununla bağlı iki qaimə sənədi mövcuddur. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, Nazimi borc məsələləri ilə əlaqədar olaraq tanımışdır. Cavabdeh əvvəllərdən tanımamış, ortaq dostlarından biri onun telefon nömrəsini İqbala vermişdir. İqbal ona telefonla zəng edərək nisyə təkər almaq istədiyini bildirmiş və nisyə təkər almasına köməklik göstərməsini xahiş etmişdir. O, İqbala təkər lazım olması barədə öz dostu Şahid2 demiş, Teymur da bu barədə Nazimdən xahiş edərək İqbala nisyə təkər almaqda köməklik göstərmişdir. O, İqballa heç vaxt üz-üzə gəlməmiş, yalnız telefon vasitəsi ilə əlaqə saxlamışlar. Hazırda onda olan məlumata əsasən, İqbalın Nazimə təqribən 29000 (iyirmi doqquz min) manat borcu vardır. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, Nazimi 2011-ci ildən, sürücü işlədikləri ilk vaxtlardan tanıyır. Ramiz ona zəng edərək İqbala nisyə təkər almaqda kömək etməsini xahiş etmişidir. O, bu məqsədlə İqbalın nömrəsini Nazimə vermiş, onlar danışıb razılaşmışlar; İqbal Nazim vasitəsi ilə əvvəlcə 18 ədəd nisyə təkər almış və yarısının pulunu vermiş, daha sonra 50 ədəd təkər almış və həmin təkərlərin pulunu ödəməsi barədə onda məlumat yoxdur. Mülki iş materiallarında olan: X3 (VÖEN **********) tərəfindən verilmiş 09 may 2024cü il tarixli ******* nömrəli qaimə-fakturadan görünür ki, İddiaçı X1: 1) hər birinin qiyməti 510 manat olmaqla cəmi dəyəri 5610 manat olan 11 ədəd Çin istehsalı olan “315/80R22,5” ölçülü, 2) hər birinin qiyməti 680 manat olmaqla cəmi dəyəri 4760 manat olan 7 ədəd Çin istehsalı olan “12.00R20” ölçülü olmaqla, ümumi dəyəri 10370 (on min üç yüz yetmiş) manat olan 18 (on səkkiz) ədəd avtomobil təkəri təhvil almışdır. İş materiallarında olan: X3 (VÖEN **********) tərəfindən verilmiş 20 may 2024-cü il tarixli ******* nömrəli qaimə fakturadan görünür ki, İddiaçı X1: 1) hər birinin qiyməti 680 manat olmaqla cəmi dəyəri 20400 manat olan 30 ədəd Çin istehsalı olan “12.00R20” ölçülü, 2) hər birinin qiyməti 620 manat olmaqla cəmi dəyəri 12400 manat olan 20 ədəd Çin istehsalı olan “315/80R22,5” ölçülü, ümumi dəyəri 32800 (otuz iki min səkkiz yüz) manat olan 50 ədəd avtomobil təkəri təhvil almışdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin başlığı “Sübut etməkdən azad olmaq üçün əsaslar” adlanır. 82.4-cü maddədə qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini mülki iş materialları ilə birlikdə araşdırmaqla hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iddiaçının iddiada göstərilən avtomobil təkərlərini öz adına mağazadan alması iş materiallarında olan qaimələrlə, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda 43170 (qırx üç min yüz yetmiş) manat dəyərində təkər verilməsi iddiaçının izahatı və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Cavabdeh həmin məbləğdən 13460 (on üç min dörd yüz altmış) manat ödəsə də (iddiaçının etirafına görə), 29710 (iyirmi doqquz min yeddi yüz on) manat məbləğdə borcu qalmışdır. Cavabdeh borcun olmaması və ya ödənilməsi ilə bağlı məhkəməyə hər hansı etiraz və sübut təqdim etməmişdir. Belə olan halda Cavabdeh 29710 (iyirmi doqquz min yeddi yüz on) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 29710 (iyirmi doqquz min yeddi yüz on) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-788/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-788/2025
04.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver