Məhkəmə qərarları › İş №2(040)-80/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-80/2025

06.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-80/2025 06.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “övladı X2 ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 12 yanvar 1989-cu ildə doğulmuş övladı X2 06 oktyabr 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1984-cü ildə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, bu nikahdan onların 3 uşağı doğulmuşdur, o cümlədən 12 yanvar 1989-cu ildə doğulmuş oğlu X6. X6 06 oktyabr 2024-cü il tarixdə Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində balıq tutan zaman suda boğularaq ölmüşdür. Bu faktı şahidlərlə bərabər Şəmkir rayon Prokurorluğunun 21 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı da təsdiq edir. Oğlu ölməmişdən əvvəl Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sərhəd xidmətində gizir kimi xidmət edirdi. Onun hazırda iki qız uşağı var. Hal-hazırda qəbri Gəncə şəhəri Səbizkar deyilən yeni qəbirstanlıqda yerləşir. Onun başı yas mərasiminə və övladının ağır faciəsinə qarışdığından həmin vaxt ölüm haqqında sənədi almaq üçün müvafiq tibbi sənədləri vaxtında əldə edə bilməmişdir. Ona görə də övladı X2 ölüm haqqında şəhadətnaməsini ala bilmir. Qeyd olunan ölüm faktını başqa cür təsdiq edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum övladı X2 ölüm sənədini əldə etmək üçün vacibdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və Maraqlı şəxs3 və Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə maraqlı şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, övladı X6 12 yanvar 1989-cu ildə Kəlbəcər rayonunun Bəzirxana kəndində doğulmuşdur. X6 05 oktyabr 2024-cü il tarixdə Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində balıq tutan zaman suda boğularaq ölmüşdür. Bu faktı şahidlərlə bərabər Şəmkir rayon Prokurorluğunun 21 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı da təsdiq edir. Oğlu ölməmişdən əvvəl Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sərhəd xidmətində gizir kimi xidmət edirdi.Onun hazırda iki qız uşağı var. X1 şəhəri Səbizkar deyilən ərazidə yerləşən yeni qəbirstanlıqda dəfn edilmiş, müvafiq yas mərasimləri də keçirilmişdir. Hazırda övladına ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxs1nə müraciət etsə də, qeydiyyat şöbəsinin 29 oktyabr 2024-cü il tarixli məktubuna əsasən, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum övladı X2 ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini, övladı - 12 yanvar 1989-cu ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bəzirxana kəndində doğulmuş X2 05 oktyabr 2024-cü ildə Azərbaycan Respublikasının Şəmkir rayonunun Kür qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin tanışıdır. Ərizəçinin övladı, X4 da tanıyırdı. 05 oktyabr 2024-cü il tarixdə saat 11 radələrində Zəkanın qardaşı ona zəng vururaq qardaşının boğulmasını demiş, onlar avtomobillə hadisə yerinə getmişlər. Həmin vaxt polis və prokurorluq orqanlarının işçiləri də orada olmuşlar. Onlar nəşi avtomobilə qoyub gətirmişlər. O, dəfn mərasimində iştirak etmişdir. Şahid olaraq, X2 05 oktyabr 2024-cü ildə Azərbaycan Respublikasının Şəmkir rayonunun Kür qəsəbəsində vəfat etməsini və Gəncə şəhərində Səbiskar deyilən ərazidə yerləşən yeni qəbirstanlıqda dəfn olunmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qohumudur, vəfat edən X6 onun bacısı oğludur. X6 05 oktyabr 2024-cü ildə Şəmkir rayonunun Kür qəsəbəsində balıq tutarkən suda boğulmuşdur. Həmin gün Zəkanın qardaşına zəng etmiş və suda boğulanın Zəka olduğunu öyrənmişdir. Onun avtomobili ilə gedərək Zəkanın nəşini gətirmişlər. Şahid olaraq, X2 05 oktyabr 2024-cü ildə Azərbaycan Respublikasının Şəmkir rayonunun Kür qəsəbəsində vəfat etməsini və Gəncə şəhərində Səbiskar deyilən ərazidə yerləşən yeni qəbirstanlıqda dəfn olunmasını təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 29 oktyabr 2024-cü il tarixli 511 nömrəli məktubdan görünür ki, X2 ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölüm haqqında akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: AA5567039 nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, X6 12 yanvar 1989-cu ildə Azərbaycan Respublikasında doğulmuşdur. İş materiallarında olan: Şəmkir Rayon Prokurorluğu tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş 09 dekabr 2024-cü il tarixli 2206-D-24 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbə sakini X2 05 oktyabr 2024-cü il tarixdə saat 22:30 radələrində Kür çayında boğulub ölməsi barədə Şəmkir rayon X11 polis bölməsinin növbətçi hissəsindən daxil olmuş məlumat əsasında Şəmkir rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X5 tərəfindən ilkin yoxlama aparılmışdır. İlkin yoxlama zamanı müəyyən edilmişdir ki, 12 yanvar 1989-cu ildə Kəlbəcər rayonu, Bəzirxana kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşamış X6 05 oktyabr 2024-cü il tarixdə saat 22:30 radələrində Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsi ərazisindən keçən hissəsində, “Yenikənd” su anbarının yaxınlığında balıq tutan zaman yıxılaraq öz ehtiyatsızlığından suda boğulub ölmüşdür. 21 oktyabr 2024-cü il tarixdə Zəka Abdullayevin öz ehtiyatsızlığından ölməsi faktında cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan: Şəmkir Rayon Prokurorluğu tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş, Şəmkir rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X5 tərəfindən qəbul edilmiş 21 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, X2 öz ehtiyatsızlığından ölməsi faktında cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 12 yanvar 1989-cu ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bəzirxana kəndində doğulmuş X6 05 oktyabr 2024-cü ildə Azərbaycan Respublikasının Şəmkir rayonunun Kür qəsəbəsində suda boğularaq ölmüş, Gəncə şəhərində Səbiskar deyilən ərazidə yerləşən yeni qəbirstanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 12 yanvar 1989-cu ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bəzirxana kəndində doğulmuş X2 05 oktyabr 2024-cü ildə Azərbaycan Respublikasının Şəmkir rayonunun Kür qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 12 yanvar 1989-cu ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bəzirxana kəndində doğulmuş X2 05 oktyabr 2024-cü ildə Azərbaycan Respublikasının Şəmkir rayonunun Kür qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X2 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar