Məhkəmə qərarları › İş №2(040)-836/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-836/2024

23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-836/2024 23.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğdə pul vəsaitinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ondan əsassız olaraq alınmış 20000 (iyirmi min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ona və ailəsinə Tərtər rayonunda qaçqın və məcburi köçkünlər üçün tikilən evdən üçotaqlı mənzil vəd edərək 2021-ci ilin sentyabr ayının 2-də “Koroğlu” metrosunun yanında ondan nağd olaraq 20000 (iyirmi min) manat məbləğdə pul almış və onu aldatmışdır. O, cavabdehdən pulun qaytarılmasını tələb etsə də, cavabdeh hər dəfə onu aldadaraq pulunu qaytarmamışdır. Odur ki, məcbur qalıb hazırki iddia ilə məhkəməyə müraciət edir. Cavabdeh iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Mülki iş üzrə hazırlıq iclası 21 avqust 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 23 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 2021-ci ilin avqust ayında çayxanada oturarkən oradakılar ona dövlət tərəfindən ev verilibverilmədiyini soruşanda cavabında ona hələ ev verilmədiyini bildirmiş, bu zaman oradakılardan biri tanış bir adamın olduğunu və həmin deyilən adamın ona ev verilməsinə kömək edə biləcəyini demişdir. O da buna razı olaraq həmin adamla, yəni, Cavabdehla görüşüb danışmaq istədiyini bildirmişdir. Cavabdeh Tərtər rayonuna gəlmiş, ondan ev vermək adı ilə əvvəlcə 3000 (üç min) manat istəmiş, daha sonra isə həmin məbləğin az olduğunu, cəmi 7000 (yeddi min) manat lazım olduğunu bildirmişdir. O da cavabdehlə razılaşmış, 2021-ci ilin sentyabr ayının 2-də Bakı şəhərində “Koroğlu” metrostansiyasının ətrafında cəmi 7000 (yeddi min) manatı Cavabdeh vermişdir. Lakin üstündən bir müddət keçmiş, onun işi düzəlməmiş, ev ala bilməmişdir. Belə olan halda, o, cavabdehdən pulunu geri qaytarmasını tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmaqdan boyun qaçırmışdır. O, bu məsələ ilə bağlı on dörd dəfə Bakıya gedibgəlməli olmuş, lakin heç bir nəticəsi olmamışdır. Məhkəmədən əvvəl polisə müraciət etmiş, polis şöbəsində izahatı alınmış Cavabdeh ondan 7000 (yeddi min) manat pul götürdüyünü etiraf etmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin təhqiqatçısı Pünhan Mehtiyev tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərək, məsələ mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Hazırda iddiasını müdafiə edir, iddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan: Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Pünhan Mehtiyev tərəfindən qəbul edilmiş, 05 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, İddiaçı Miryusif oğlu 2021-ci ilin avqust ayında söhbət zamanı Cavabdeh ona Tərtər rayonunda qaçqın və məcburi köçkünlər üçün tikilmiş evlərdən üçotaqlı mənzil verəcəyini vəd etdiyinə görə Cavabdeh 7000 (yeddi min) manat pul verdiyini, araşdırma zamanı izahatı alınmış Cavabdeh 02 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 128A ünvanında yerləşən “Koroğlu” metrostansiyasının yanında İddiaçı 7000 (yeddi min) manat borca pul götürdüyünü, maddi sıxıntıları olduğuna görə pulu qaytara bilmədiyini, lakin qısa müddətdə qaytaracağını bildirmişdir. Toplanmış materialda cinayət tərkibinin olmaması müəyyən edildiyindən, material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı tələbinin mülki xarakterli olması səbəbindən məhkəmədə mülki iddia qaldırmaq hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1 - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2 - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. -1092.2-ci maddəsinə görə, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mülki işin faktiki hallarına, tədqiq edilmiş sübutlara, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, iddia qismən – 7000 (yeddi min) manat məbləğdə pul tələbi hissəsində əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh hüquqi əsas olmadan İddiaçı hesabına 7000 (yeddi min) manat varlanmışdır (əsassız varlanma). Odur ki, iddiaçı cavabdehdən hüquqi əsas olmadan əldə etdiklərini geri qaytarmağı tələb etməkdə haqlıdır. Qalan hissədə - 13000 (on üç min) manat pul tələbinə dair hissədə iddia əsassız olduğundan, yəni bu barədə mötəbər sübut müəyyən edilmədiyindən, həmin hissədə təmin edilməməlidir. Belə olan halda Cavabdeh 7000 (yeddi min) manat məbləğdə pul vəsaiti alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar