Məhkəmə qərarları › İş №2(040)-892/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-892/2023

16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-892/2023 16.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkil) X8, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın, ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin əvəzinin ödənilməsi tələbinə dair” ilkin iddiası və Cavabdeh ilkin İddiaçı qarşı “ödənilməmiş əmək haqqının tələbinə dair” qarşılıqlı iddiası üzrə mülki işə ünvan 1 ünvanında) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı (işəgötürən qismində, VÖEN: **********2) Cavabdeh (keçmiş işçiyə) qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən (iddia ərizəsinin giriş hissəsində cavabdehin adı doğru göstərilsə də, nəticə hissəsində yanlış olaraq “X10” kimi qeyd edilmişdir) cavabdehdən 1742 (min yeddi yüz qırx iki) manat pulun 50 (əlli) manat mediasiya xərcinin əvəzinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 5631 (beş min altı yüz otuz bir) manat pulun, həmçinin 26 manat (iyirmi altı) manat dövlət rüsumunun və 50 (əlli) manat mediasiya xərcinin əvəzinin Cavabdeh onun xeyrinə alınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, 7031 (yeddi min otuz bir) manat pulun, həmçinin 26 manat (iyirmi altı) manat dövlət rüsumunun və 50 (əlli) manat mediasiya xərcinin əvəzinin Cavabdeh onun xeyrinə alınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki (iddia və iddianın həcminin artırılmasına dair ərizələrdə), o, İddiaçı, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur, ona Azərbaycan Respublikasının vergi orqanları tərəfindən “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamə (VÖEN: **********) verilmişdir. O, Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi, 2578 saylı məhəllədə “Milli Dad” markası altında müəssisə yaratmış, lavaş istehsalı ilə məşğul olur, istehsal etdiyi malların satışını Azərbaycanın müxtəlif bölgələrində həyata keçirir, əldə olunan gəlirdən şəxsi maddi tələbatlarını təmin edir, vergiləri ödəyir, işçilərin əmək haqqını verir. İşçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əməl etməklə, yəni ərizəsi alınmaqla, müddətli əmək müqaviləsi bağlanmaqla və əmr verməklə işə qəbul edir və müqavilə öhdəliklərini yerinə yetirməyənləri isə qanunvericiliyin tələblərinə əsasən işdən azad edirlər. Belə işçilərdən biri də cavabdeh X7r. Cavabdeh 27 iyul 2022-ci ildə müəssisəyə satış təmsilçisi vəzifəsinə təyin edilmiş, 04 yanvar 2023-cü il tarixdə isə cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, cavabdeh Vüqar Xudaquliyev müəssisədə işlədiyi müddətdə işinə vicdanla yanaşmamış, vəzifə öhdəliklərini yerinə yetirməmiş, ona 5631 (beş min altı yüz otuz bir) manat borclu qalmışdır və izahat yazaraq 5631 (beş min altı yüz otuz bir) manat borcunu hissə-hissə ödəyəcəyinə dair öhdəlik götürmüş, lakin hal-hazıradək borcunu ödəməmiş, bununla da müəssisəyə xeyli miqdarda ziyan vurmuşdur. Dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Hətta bu azmış kimi, onun tərəfindən məhkəməyə iddia ərizəsi verildikdən sonra ondan X14 şikayət etmiş, müfəttişlik cavabdehin əmək haqqından 1400 (min dörd yüz) manatın tutulmasını qanunsuz hesab etmiş, məhz bu səbəbdən 1400 (min dörd yüz) manat pul cavabdehə geri qaytarılmışdır. Odur ki, cavabdeh X2 1742 (min yeddi yüz qırx iki) manat pulun, həmçinin 26 (iyirmi altı) manat dövlət rüsumunun və mediasiya təşkilatı hesabına ödənilmiş 50 (əlli) manat xərcin əvəzinin alınaraq onun xeyrinə verilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməlidir (ilkin iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 425.2 və 442-ci maddələrinə istinad edilmişdir). Cavabdeh ilkin İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 7800 (yeddi min səkkiz yüz) manat əmək haqqının ilkin iddiaçıdan alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, ilkin iddiaçının ona qarşı qaldırdığı iddia ilə razı deyildir, belə ki, cavabdeh (ilkin iddiaçı) özü ona əmək haqqına görə 7800 (yeddi min səkkiz yüz) manat pul borcludur. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) barəsində şikayətlər yazsa da, nəticəsi yoxdur. O, iş yerindən ona göndərdikləri karta (hesab nömrəsi nəzərdə tutulur-hakimin qeydi) pulları vurmuşdur, heç bir borcu yoxdur. Ona görə də qarşılıqlı iddia verməyə məcbur olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1, 23.4, 1096, 1097.1 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2ci bəndinə və həmin qərarın 4-cü bəndinin 1-ci abzasına, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə diqqət yetirəndə məlum olur ki, həmin sadaladığı və ya sadalamadığı müddəalara əsasən belə qərəzli iddialar təmin edilməməlidir (qaşılıqlı iddianın əsaslandırılmasında həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 85.1, 87.2 və 88-ci maddələrinə istinad etmişdir). İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkil) X16 məhkəmə iclasında ilkin iddianı müdafiə edərək və qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur, iddiaçıya Azərbaycan Respublikasının vergi orqanları tərəfindən “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamə (VÖEN: **********) verilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi, 2578 saylı məhəllədə “Milli Dad” markası altında müəssisə yaratmış, lavaş istehsalı ilə məşğul olur, istehsal etdiyi malların satışını Azərbaycanın müxtəlif bölgələrində həyata keçirir, əldə olunan gəlirdən şəxsi maddi tələbatlarını təmin edir, vergiləri ödəyir, işçilərin əmək haqqını verir. İddiaçı işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əməl etməklə işə qəbul edir və müqavilə öhdəliklərini yerinə yetirməyən işçiləri isə qanunvericiliyin tələblərinə əsasən işdən azad edir. Belə işçilərdən biri də cavabdeh X7r. Cavabdeh 27 iyul 2022-ci ildə müəsisəyə satış təmsilçisi vəzifəsinə təyin edilmiş və eyni zamanda işəgötürənlə işçi arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış, 04 yanvar 2023-cü il tarixdə isə cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, cavabdeh Vüqar Xudaquliyev müəssisədə işlədiyi müddətdə işinə vicdanla yanaşmamış, vəzifə öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya (işəgötürənə) 5631 (beş min altı yüz otuz bir) manat borclu qalmışdır və izahat yazaraq 5631 (beş min altı yüz otuz bir) manat borcunu hissə-hissə ödəyəcəyinə dair öhdəlik götürmüş, lakin hal-hazıradək borcunu ödəməmiş, bununla da müəssisəyə xeyli miqdarda ziyan vurmuşdur. İddiaçı dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Hətta bu azmış kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verildikdən sonra iddiaçıdan (işəgötürəndən) X14 şikayət etmiş, Müfəttişlik cavabdehin əmək haqqından 1400 (min dörd yüz) manatın tutulmasını qanunsuz hesab etmiş, məhz bu səbəbdən 1400 (min dörd yüz) manat pul cavabdehə geri qaytarılmışdır. Odur ki, Cavabdeh 7031 (yeddi min otuz bir) manat pulun, həmçinin 26 manat (iyirmi altı) manat dövlət rüsumunun və 50 (əlli) manat mediasiya xərcinin əvəzinin Cavabdeh onun xeyrinə alınmasına dair qətnamə qəbul edilməlidir. Qarşılıqlı iddia isə tamamilə əsassızdır, belə ki, iddiaçının (işəgötürənin) cavabdehə heç bir əməkhaqqı borcu qalmamış, tam ödənilmişdir. İlkin iddianın əsaslı, qarşılıqlı iddianın isə əsassız olduğunu məhkəməyə təqdim etdikləri sənədlər və şahidlər təsdiq edirlər. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh məhkəmə iclasında ilkin iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o, ilkin iddiaçının ona qarşı qaldırdığı iddia ilə razı deyildir, belə ki, cavabdeh (ilkin iddiaçı) özü ona əmək haqqına görə 7800 (yeddi min səkkiz yüz) manat pul borcludur. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) barəsində şikayətlər yazsa da, nəticəsi yoxdur. O, iş yerindən ona göndərdikləri hesab nömrəsinə pulları vurmuşdur, iddiaçıya heç bir borcu yoxdur. Əksinə, ilkin iddiaçının (işəgötürənin) ona borcu vardır. Ona görə də qarşılıqlı iddia verməyə məcbur olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1, 23.4, 1096, 1097.1 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə və həmin qərarın 4-cü bəndinin 1-ci abzasına, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bənidinə diqqət yetirəndə məlum olur ki, həmin sadaladığı və ya sadalamadığı müddəalara əsasən belə qərəzli iddialar təmin edilməməlidir. Əlavə olaraq onu da bildirir ki, iş materiallarında olan, onun iddiaçıya guya 5631 (beş min altı yüz otuz bir) manat pul borcunun olduğunu ifadə edən əlyazma qəbz onun tərəfindən imzalansa da, o, həmin qəbzin doğruluğunu qəbul etmir, belə ki, həmin qəbzi müəssisə rəhbərliyinin ona olan psixoloji təzyiqləri nəticəsində məcburiyyət qarşısında imzalamışdır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahidlər: Şahid qismində dindirilmiş X23 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçıya məxsus “Milli dad” müəssisəsində 2016-cı ildən hal-hazıradək bölgə müdiri vəzifəsində işləyir və cavabdehi tanıyır- iddiaçıya məxsus “Milli dad” müəssisəsində cavabdehlə birlikdə işləmişlər. Cavabdeh işlədiyi müddətdə “Oba” marketlərin adına satış yazıb, pulunu özü mənimsəyib, konkret olaraq bir dəfə 850 (səkkiz yüz əlli) manatlıq malı satıb, pulunu ödəməyib. Cavabdehin müəssisəyə 5631 (beş min altı yüz otuz bir) manat borcu olduğunu dəqiq bilir, qalan borcunu şəxsən deyil, iş yoldaşlarından ona dediklərindən bilmişdir (eyni məzmunda yazılı ifadəsini də məhkəməyə təqdim etmişdir). Şahid qismində dindirilmiş X19 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçıya məxsus “Milli dad” müəssisəsində 2018-cı ildən hal-hazıradək satış müdiri vəzifəsində işləyir və cavabdehi tanıyır- iddiaçıya məxsus “Milli dad” müəssisəsində cavabdehlə birlikdə işləmişlər. O, Cavabdeh onların müəssisəsində çalışdığı müddətdə yeddi-səkkiz ay ərzində 5631 (beş min altı yüz otuz bir) manat pul mənimsədiyinə şahiddir, cavabdeh özü də bunu həm sözdə, həm də yazılı şəkildə təsdiq etmişdir. Buna dair həm rəsmi sənəd, həm səs yazısı, həm də şahidlər vardır. Şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçıya məxsus “Milli dad” müəssisəsində 2007-cı ildən hal-hazıradək mühasib vəzifəsində işləyir və cavabdehi tanıyır- iddiaçıya məxsus “Milli dad” müəssisəsində cavabdehlə birlikdə işləmişlər. Cavabdehin müəssisəyə 5631 (beş min altı yüz otuz bir) manat borcu vardır; borc məbləği hissə-hissə, satılan malların məbləğinin müəssisəyə ödənilməməsi nəticəsində yaranmışdır. Cavabdeh dəfələrlə həmin borc məbləğini ödəməyə vəd versə də, vədinə əməl etməmiş, 5631 (beş min altı yüz otuz bir) manat debitor borc müəssisəyə ödənilməmiş qalmışdır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi və məhkəmə icraatında tədqiq edilmiş sənədlər: İş materiallarında olan: Əmək müqaviləsinin surətindən (elektron informasiya sistemindən çıxarış) görünür ki, fərdi sahibkar (işəgötürən) İddiaçı ilə işçi Cavabdeh arasında 27 iyul 2022-ci il tarixdə 30 sentyabr 2022-ci il tarixədək müddətə əmək müqaviləsi bağlanmış, Cavabdeh “Lavaş sexi”nə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı 350 /üç yüz əlli/ manat müəyyən edilmişdir (əmək müqaviləsinin 3.1-ci bəndində göstərilməli olan əmək funksiyaları müqavilədə əks olunmamışdır-hakimin qeydi). İş materiallarında olan: Fərdi sahibkar (VÖEN: **********) İddiaçı 27 iyul 2022-ci il tarixli 61-2022 saylı əmrinin 2-ci bəndindən görünür ki, Cavabdeh 27 iyul 2022-ci il tarixdən sınaq müddəti 1 (bir) ay olmaqla, 30 sentyabr 2022-ci il tarixədək müəssisəyə (müəssisənin adı göstərilməyib-hakimin qeydi) satış təmsilçisi vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan: Fərdi sahibkar (VÖEN: **********) İddiaçı 04 yanvar 2023-cü il tarixli 127-23 saylı əmrinin 5-ci bəndindən görünür ki, müəssisədə satış təmsilçisi vəzifəsində çalışan Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) 04 yanvar 2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan: Cavabdeh adından 05 yanvar 2023-cü il tarixdə (işdən azad edildikdən sonra) əlyazma ilə tərtib edilmiş sadə yazılı öhdəlikdən görünür ki, Cavabdeh İddiaçı 5631 (beş min altı yüz otuz bir) manat pul borcunun olduğunu etiraf edir və həmin borcun hissə-hissə ödənilməsini öhdəsinə götürür. Həmin vərəqdəki yazılardan o da görünür ki, X19, X12 və X9 adlarında şəxslərin də həmin yazılı öhdəliyin tərtibatında şahidlikləri vardır və bu barədə imza etmişlər. İş materiallarında olan: 02 yanvar 2023-cü il tarixdə tərtib edildiyi göstərilən və kompyuter üsulu ilə tərtib olunmuş aktda qeyd edilmişdir ki, aktı tərtib edən şəxslər-satış müdiri X19, mühasib X5, bölgə müdiri X20, bğlgə müdiri X1 Vüqar Aslan oğlunun İddiaçı, mənimsədiyi ödənişlərə görə, 5631 (beş min altı yüz otuz bir) manat pul borclu olduğunu imzalarla təsdiq edirlər. Aktdan görünür ki, aktı tərtib edənlər sırasında “satış təmsilçisi Cavabdeh” adı da qeyd edilmiş və həmin adın qarşısında imza yoxdur. Aktın aşağı hissəsində əlyazma ilə “Cavabdeh akta imza atmaqdan imtina etdi, səbəb olaraq borcunu özü yazılı şəkildə təsdiqləyəcəyini bildirdi” sözləri yazılmışdır (akt fərdi sahibkar İddiaçı məxsus möhürlə təsdiq edilmişdir). İş materiallarında olan: “İsmayılov Allahverdi” adlı şəxsin imzası və fərdi sahibkar İddiaçı möhürü ilə təsdiq edilmiş “Oba” marketlər şəbəkəsi ilə yaranmış satış fərqləri” başlıqlı cədvəldə müəyyən dövr ərzində (cədvəldə tarixləri ehtiva edən rəqəmlər kombinasiyası natamam göstərilmiş, yəni tarixi əks etdirməli olan rəqəmlər kombinasiyasının müvafiq ili əks etdirməli olan hissəsi natamam-“202” şəklində əks olunmuşdur, bu da ilin müəyyən edilməsini mümkünsüz edir-hakimin qeydi) aparılmış satış əməliyyatları nəticəsində yaranmış fərqlər əks olunmuşdur. Həmin cədvəldə maddi məsul şəxsin adı da natamam-yalnız “Vüqar” şəklində göstərilmişdir. Həmin cədvəldə cəmi 65 (altmış beş) əməliyyat üzrə 2669,75 manat (iki min altı yüz altmış doqquz manat- 75 qəpik) fərqin qaldığı əks olunur (sənədin rekvizitlərinin və digər zəruri elementlərinin natamamlığı baxımından məhkəmə həmin sənədi etibarlı hesab etmir-hakimin qeydi). İş materiallarında olan: Çap üsulu ilə tərtib olunmuş və fərdi sahibkar İddiaçı şəxsi möhürü ilə təsdiq edilmiş 06 (altı) ədəd-16 sentyabr 2022, 03 oktyabr 2022, 21 oktyabr 2022, 29 oktyabr 2022, 30 dekabr 2022 və 18 oktyabr 2023-cü tarixli çeklərdən görünür ki, şərti adı “Tərtər-Ağcabədi (Vüqar)” kimi qeyd edilmiş şəxsə 16 sentyabr 2022-ci il tarixdə 889,90 manat (səkkiz yüz səksən doqquz mana-90 qəpik) dəyərində, 03 oktyabr 2022-ci il tarixdə 750,70 manat (yeddi yüz əlli manat-70 qəpik) dəyərində, 21 oktyabr 2022-ci il tarixdə 451,85 manat (dörd yüz əlli bir manat-85 qəpik) dəyərində, 29 oktyabr 2022-ci il tarixdə 489,70 manat (dörd yüz səksən doqquz manat-70 qəpik) dəyərində, 30 dekabr 2022-ci il tarixdə 760,60 manat (yeddi yüz altmış manat-60 qəpik) dəyərində, 18 oktyabr 2023-cü il tarixdə (iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra-hakimin qeydi) 568,20 manat (beş yüz altmış səkkiz manat-20 qəpik) dəyərində, cəmi 3910,95 manat (üç min doqquz yüz on manat-95 qəpik) dəyərində mal verildiyi göstərilmişdir (həmin çeklərdə malın qəbul edilməsini təsdiq edən imza yoxdur-hakimin qeydi). İş materiallarında olan: Fərdi sahibkar İddiaçı adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinə ünvanlanmış və sahibkarın şəxsi möhürü ilə təsdiq edilmiş 15 oktyabr 2023-cü il tarixli məktubda qeyd edilir ki, “...22 avqust 2023-cü il tarixli 3-17-5/2-X-31468/4-2023 nömrəli məktubunuza cavab olaraq bildirmək istəyirəm ki, Cavabdeh əməkhaqqı borcumuz yoxdur, əksinə, onun bizə 7031 manat borcu ilə bağlı işə Kəlbəcər Rayon Məhkəməsində hal-hazırda baxılmaqdadır, şifahi razılaşmamıza əsasən, onun kartına köçürülməli olan məbləğ bizə olan borcundan azaldığı üçün köçürülməmişdir, lakin bizə ünvanlanan məktubunuzdan sonra tərəfimizdən aparılmış araşdırmadan sonra məbləğin onun hesabına köçürülməsinə qərar verilmişdir”. İş materiallarında olan: "xxxx" ASC-nin 14 noyabr 2023-cü il tarixdə aparmış olduğu əməliyyatdan çıxarışdan görünür ki, X6 plastik əməkhaqqı kartına 1400 (min dörd yüz) manat pul vəsaiti köçürülmüş və həmin məbləğin 700 (yeddi yüz) manat hissəsi Vüqar Xudaquliyevin 1572nkKBRD/21 nömrəli kredit müqaviləsi üzrə banka olan borcuna görə tutulmuşdur. İş materiallarından görünür ki, ilkin iddiaçı məhkəmədə iddia qaldırılması üçün 26 (iyirmi altı) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci ödəmişdir. Cavabdeh tərəf məhkəməyə ilkin və qarşılıqlı iddialarla bağlı hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra: Əmək Məcəlləsi) 1ci maddəsinə əsasən, Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 9-cu maddəsinin birinci abzası və “d”, “q” bəndlərindən görünür ki, qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işçinin əsas hüquqlarının bir hissəsidir. Əmək Məcəlləsinin 10-cu maddəsinin birinci abzası və “ç” bəndindən görünür ki, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin birinci abzası və “e” bəndindən görünür ki, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək işgötürənin əsas hüquqlarından biridir. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 155-ci maddəsinin: 1-ci hissəsinə əsasən, işçinin heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır; 2-ci hissəsinə əsasən, minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir; 6-cı hissəsinə əsasən, minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əmək Məcəlləsinin 156-cı maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə görə, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Əmək Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsinə görə, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin birinci hissəsindən görünür ki, işçi qanunazidd hərəkətləri ilə o cümlədən həm də aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə. Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Əmək Məcəlləsinin 200-cü maddəsinin 5-ci hissəsinə əsasən, tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Əmək Məcəlləsinin 200-cü maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır, digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Əmək Məcəlləsinin 203-cü maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Əmək Məcəlləsinin 203-cü maddəsinin 2-ci hissəsinə əsasən, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Əmək Məcəlləsinin 287-ci maddəsindən görünür ki, bu Məcəllə ilə o cümlədən aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi;...ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi;... h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə görə, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 (bir) təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 (bir) il müddətində müraciət edə bilər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “Mühasibat uçotu haqqında” Qanun) 1.1-ci maddəsinə əsasən, bu qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra mətndə - mühasibat uçotu subyektləri adlandırılacaq) tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir. “Mühasibat uçotu haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən, bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti haqqında Əsasnamə”nin: -1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatıhüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. -3.1 və 3.1.1-ci bəndlərindən görünür ki, bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri o cümlədən aşağıdakılardır: öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirməkdir. “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli sərəncamında 2022-ci ilin yanvar ayının 1-dən ölkə üzrə minimum əmək haqqı aylıq 300 (üç yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia əsassız olduğundan, həm ilkin iddia, həm də qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə ilkin iddianı ona görə əsassız hesab edir ki, ilkin iddiaçı cavabdehin iddiaçıya borclu olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu halda mötəbər sübut dedikdə məhkəmə müvafiq mühasibatlıq sənədlərini nəzərdə tutur. Mühasibatlıq sənədləri ilə təsdiq edilməli olan sübutlar şahid ifadələri ilə təsdiq edilə bilməz. Mülki Prosessual Məcəllənin 81-ci maddəsində də qeyd edilmişdir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bundan başqa, məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, işçilərin əmək hüquqlarının qorunmasında səlahiyyətli dövlət orqanı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti iddiaçıya göndərmiş olduğu rəsmi göstərişdə işçi-hazırki mülki iş üzrə Cavabdeh ödənilməli olan 1400 (min dörd yüz) manat əmək haqqının ödənilməsini tələb etmişdir-həmin faktın özü də işçi (ilkin iddia üzrə cavabdeh) Vüqar Xudaquliyevin işəgötürən (ilkin iddia üzrə iddiaçı) İddiaçı borclu olmaması nəticəsinə gəlməyə əsas verir. Bundan başqa, cavabdehin maddi qiymətliləri işəgötürəndən təhvil alması ilə bağlı sənədlərin mövcud olmaması ilə yanaşı məhkəmə onu da qeyd edir ki, çap üsulu ilə tərtib olunmuş və fərdi sahibkar İddiaçı şəxsi möhürü ilə təsdiq edilmiş 06 (altı) ədəd çekdən biri- 18 oktyabr 2023-cü tarixli çekdən görünür ki, şərti adı “Tərtər-Ağcabədi (Vüqar)” kimi qeyd edilmiş şəxsə 18 oktyabr 2023-cü il tarixdə- ilkin iddiaçının cavabdehə qarşı iddia ərizəsi məhkəməyə daxil olduqdan bir gün sonra- 568,20 manat (beş yüz altmış səkkiz manat-20 qəpik) dəyərində mal verildiyi göstərilmişdir (həmin çekdə malın qəbul edilməsini təsdiq edən imza yoxdur). Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, tərəflər arasındakı əmək münasibətlərinə işəgötürənin müvafiq əmri ilə 04 yanvar 2023-cü il tarixdən xitam verilmişdir. İşəgötürənin mal verilməsinə dair 18 oktyabr 2023-cü tarixli çeki tərtib edilərkən cavabdeh Vüqar Xudaquliyev həmin iş yerində işləməmişdir-həmin məsələyə dair iddiaçı tərəf heç bir izahat verməmişdir. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin işəgötürənə borclu olması barədə işçinin mülki münasibətlər qaydasında verdiyi yazılı qəbz digər mötəbər sənədlərlə təsdiq edilmədikdə özlüyündə öhdəlik yarada bilməz-belə ki, bu cür hallarda əmək qanunvericiliyinin tələbləri üstün qüvvəyə malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Həmin qərarın məzmunundan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2ci maddəsinin 3-cü hissəsinin (əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi) həmin Məcəllənin 202 və 203-cü maddələri ilə əlaqəli şərh edilməsini xahiş etmişdir; müraciətdə qeyd olunur ki, işəgötürən işçiyə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 8000 manat məbləğində əsas borc və 1440 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9440 manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsi onunla əsaslandırılmışdır ki, işəgötürənlə işçi arasında 11 yanvar 2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən mövqeni bildirmişdir. Məhkəmə qarşılıqlı iddianı ona görə əsassız hesab edir ki, qarşılıqlı iddia sübutlarla əsaslandırılmamış, bununla belə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh (işçi) Cavabdeh ilkin iddiaçı (işəgötürən) İddiaçıla aralarında bağlanmış əmək müqaviləsi əsasında 27 iyul 2022-ci il tarixdən 04 yanvar 2023-cü il tarixədək əmək münasibətlərində olmuş, həmin müddət ərzində işçinin əmək müqaviləsi üzrə işəgötürəndən almalı olduğu aylıq əmək haqqı, əmək haqqından könüllü tutulmalar da (o cümlədən həmkarlar təşkilatı, ictimai birlik və siyasi partiyaya üzvlüklə bağlı könüllü ödəmələr) nəzərə alınmaqla, 350 (üç yüz əlli) manatdan, orada işləmiş olduğu 5 (beş) ay 08 (səkkiz) günə görə cəmi 1761,67 manat (1761 manat-67 qəpik) vəsaitdən az olmamalıdır. İşçilərin əmək hüquqlarının qorunmasında səlahiyyətli dövlət orqanı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin iddiaçıya göndərmiş olduğu rəsmi göstərişdə işçi-hazırki mülki iş üzrə Cavabdeh 7800 (yeddi min səkkiz yüz) manat deyil, 1400 (min dörd yüz) manat əmək haqqının ödənilməsini tələb etmişdir-həmin faktın özü də işəgötürən (ilkin iddia üzrə iddiaçı) İddiaçı işçi (ilkin iddia üzrə cavabdeh) Vüqar Xudaquliyevə 7800 (yeddi min səkkiz yüz) manat deyil, 14 noyabr 2023-cü il tarixədək 1400 (min dörd yüz) manat borclu olması, 14 noyabr 2023-cü il tarixdə həmin 1400 (min dörd yüz) manat pul vəsaitinin işəgötürən tərəfindən işçinin plastik əməkhaqqı kartı hesabına köçürülməsindən sonra isə işəgötürənin işçiyə borcunun olmaması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə həmçinin onu da qeyd edir ki: ilkin iddia təmin edilmədiyindən, ilkin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsi də nəzərə alınmaqla-ödənilmiş mediasiya xərci ödənilməli olan dövlət rüsumuna hesaba alındığına görə) onun özünə aid edilməlidir; cavabdehin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1 (əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə verilən iddialara görə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar) və 9.1.20-ci (məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumundan azaddırlar) maddələrinə əsasən məhkəmədə qaldırılan iddiaya (qarşılıqlı iddiaya) görə dövlət rüsumunun ödənilməsindən azad olunması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar