Məhkəmə qərarları › İş №2(040)-927/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-927/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-927/2024 17.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “əsassız əldə olunmuş pul vəsaitinin qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1000 (min) manat məbləğində pulun, illik 5 faiz olmaqla 150 manat və ödənilmiş 132 (yüz otuz iki) manat dövlət rüsumunun, ümumilikdə 1182 (bir min yüz səksən iki) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2022-ci ilin fevral ayının əvvələrində "Nissan Patrul" markalı avtomaşını almaq məqsədi ilə avtomaşının sahibi olan Cavabdeh 1000 (bir min) manat beh pul vəsaiti verilmişdir. Lakin daha sonra cavabdeh ailədaxili məhkəmə işi olaraq avtomobili ona satmamışdır. Bundan sonra cavabdehdən 1000 (bir min ) manat pulunu geri tələb etmiş, cavabdeh ödəyəcəyini desə də bugünə kimi ödəməmişdir. Bundan sonra o, məcbur olaraq 102 xidmətinə müraciət etmiş, Nəsimi rayonu 19-cu Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Elşad Vəliyevin icraatına daxil olmuşdur. Nəsimi rayon 19-cu Polis Şöbəsində araşdırma aparılmış, cavabdeh yəni, Cavabdeh mahiyyəti üzrə təhqiqata izahat verǝrǝk bildirmişdir ki, İddiaçı cari ilin fevral ayında tanımış, həmin şəxsə qarşı əvvəlcədən heç bir şəxsi qərəzliyi olmamış, sonuncunun onun barəsində verdiyi ərizə ilə tanış olmuşdur. İddiaçı özü ona zəng edərək onun dünyasını dəyişmiş, atasına məxsus "Nissan Patrul" markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyini bildirmişdir. Qeyd etmişdir ki, atası dünyasını dəyişdikdən sonra mülkiyyətin varislərin, yəni, analığı, bacı-qardaşı və onun arasında bölünmasi məsələsi ilə əlaqədar mülki işlər hazırda Bərdə Rayon Məhkəməsində baxılmaqdadır. Ona görə də həmin avtomaşının satılması üçün hər kəsin razılığı olduğunu bildirmişdir. Avtomaşını öz başına sata bilməmişdir. İddiaçı ona zəng edərək avtomaşını almaq istədiyini bildirdikdə cavabında hamının razılığı olmasını, məhkəmədə işin getməsini bildirmişdir. Bundan sonra A. Fərzəliyev həmin məhkəmə işini özləri həll edəcəyini bildirmiş, analığı ilə razılaşmış və analığı A. Fərzəliyevə N. Mustafazadəyə 1000 (bir min) manat verməsini bildirmiş, məhkəmə işini özü həll edəcəyini demişdir. Bundan sonra A. Fərzəliyev cavabdehǝ 1000 (min) manat pul vəsaiti vermişdir. Bir müddət sonra iş alınmamış, A. Fərzəliyev, ondan pulunu geri tələb etmiş, bu zaman sonuncuya pulu hissə-hissə qaytaracağını bildirmişdir. Lakin İddiaçı onunla razılaşmamış, hətta ona zəng edərək polisdə görüşəcəyini bildirmişdir. Cavabdeh isə izahatında borcunu hissə-hissə ödəyə biləcəyini Nəsimi Rayon 19-cu Polis Şöbəsində təhqiqatçısı, polis kapitanı Elşad Vəliyevin yanında bildirmişdir. Hesab edir ki, cavabdeh N. Mustafazadə Rövşən oğlundan 1000 (min) manat əsas borc və illik 5 faiz olmaqla 150 manat və 32 manat dövlət rüsumu, ümumilikdə 1182 (bir min yüz sǝksən iki) manat pul vəsaiti alınaraq ona ödənilməlidir. Belə ki, cavabdehlər barəsində DİN-nin 102 xidmətinə şikayət ərizəsi verilsə də DİN-nin məktubunda qeyd edilmişdir ki, məhkəmə orqanlarına müraciət edilməsi məqsədə müvafiqdir. Cavabdeh onun telefonlarına cavab verməməklə və hazırda şikayət etdikdan sonra 1000 (bir min) manat pul vəsaitini Nəsimi rayon 19-cu Polis Şöbəsində polis kapitanı Elşad Vəliyevin yanında izahatında hissə-hissə verəcəyini bildirmişdir. Lakin bugünə kimi bir manat belə verilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçı 16 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, iddiasını müdafiə etdiyini, cavabdehin polisin qərarında da ondan aldığı pul vəsaitini qaytaracağını etiraf etməsini, lakin bugünədək qaytarmadığını qeyd edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Elşad Vəliyev tərəfindən qəbul edilmiş, 05 avqust 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, “İddiaçı cari ilin fevral ayında tanımış, həmin şəxsə qarşı əvvəlcədən heç bir şəxsi qərəzliyi olmamış, sonuncunun onun barəsində verdiyi ərizə ilə tanış olmuşdur. İddiaçı özü ona zəng edərək onun dünyasını dəyişmiş, atasına məxsus "Nissan Patrul" markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyini bildirmişdir. Qeyd etmişdir ki, atası dünyasını dəyişdikdən sonra mülkiyyətin varislərin, yəni, analığı və bacı-qardaşı arasında bölünmasi məsələsi ilə əlaqədar mülki işləri hazırda Bərdə Rayon Məhkəməsində baxılmaqdadır. Ona görə də həmin avtomaşının satılması üçün hər kəsin razılığı lazım olmuş,avtomaşını öz başına sata və bağışlaya bilməmişdir. İddiaçı ona zəng edərək avtomaşını almaq istədiyini bildirdikdə cavabında hamının razılığı olmasını, məhkəmədə işin getməsini bildirmişdir. Bundan sonra A. Fərzəliyev həmin məhkəmə işini özləri həll edəcəyini bildirmiş, analığı ilə razılaşdığını, onun razılıq verməyini xahiş etmişdir. Bu halda razılıq varsa məhkəmənin uzanacağı üçün özünə düşən payı götürməyi düşünmüşdür. Daha sonra İddiaçı ilə görümüş, sonuncu əvvəlcə ona 100 (yüz) manat beh vermiş, bir müddətdən sonra ünvan 1 ünvanında görüşərək 1000 (min) manat beh pul vermiş, işin alınacağı təqdirdə geri qalan 3000 (üç min) manatı daha sonra verəcəyini bildirmişdir. Bir müddət sonra iş alınmamış, A. Fərzəliyev, ondan pulunu geri tələb etmiş, bu zaman sonuncuya pulu hissə-hissə qaytaracağını bildirmişdir. Lakin İddiaçı onunla razılaşmamış, hətta ona zəng edərək polisdə görüşəcəyini bildirmişdir. Cavabdeh izahatında borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir”. İddiaçı ilə Cavabdeh arasındakı mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1 - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2 - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. -1092.2-ci maddəsinə görə, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mülki işin faktiki hallarına, tədqiq edilmiş sübutlara, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, iddia qismən – 1000 (min) manat əsas borc və dövlət rüsumuna dair hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh hüquqi əsas olmadan İddiaçı hesabına 1000 (min) manat varlanmışdır (əsassız varlanma). Odur ki, iddiaçı cavabdehdən hüquqi əsas olmadan əldə etdiklərini geri qaytarmağı tələb etməkdə haqlıdır. Belə olan halda, Cavabdeh 1000 (min) manat məbləğdə pul vəsaiti alınıb iddiaçıya verilməlidir. Qalan hissədə- illik beş faiz olmaqla 150 (yüz əlli) manat pul tələbinə dair hissədə iddia əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı gecikmə faizinin əsasları barədə məhkəməyə sübut təqdim etməmiş və iddia tələbinin həmin hissədə əsaslılığını sübuta yetirməmişdir. Həmçinin, iddia tələbi qismən təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 (otuz) manat dövlət rüsumunun və 2 (iki) manat xidmət haqqının pul əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıdan əsassız əldə etdiyi 1000 (bir min) manat əsas borc, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ödəmə ilə bağlı 2 (iki) manat xidmət haqqının pul əvəzi, cəmi 1032 (min otuz iki) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar