Məhkəmə qərarları › İş №2(040)-943/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-943/2024

17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-943/2024 17.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “X1nın ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, X1nın 18 iyun 2024-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası, atası və qardaşı Gəncə şəhəri, 600 ailəlik qəsəbə, küçə 6, ev 59-da yaşamışlar. X1 ürək xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkirdi. Anası 18 iyun 2024-cü il tarixdə yaşadığı Gəncə şəhəri, 600 ailəlik qəsəbə, küçə 6, ev 59-da infakt keçirmişdir. Həmin vaxt həkim çağırsalar da həkim gələnədək anası vəfat etmişdir. Bununla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılmışdır. Həkim kağızı olmadığına görə qeydiyyat şöbəsi ölüm sənədini verə bilmir. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum X1nın ölüm sənədini əldə etmək üçün vacibdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, X1 02 fevral 1954-cü ildə Kəlbəcər rayonunda doğulmuş, 18 iyun 2024-cü il tarixdə yaşadığı Gəncə şəhəri, 600 ailəlik qəsəbə, küçə 6, ev 59-da vəfat etmişdir. Hazırda anası Ayaz Abdullayevaya ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsinin 02 iyul 2024-cü il tarixli məktubuna əsasən, ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyinə görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum X1nın ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini, anası – 02 fevral 1954-cü ildə Kəlbəcər rayonunda doğulmuş X2 18 iyun 2024cü il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin oğludur. Ərizəçinin anası, yəni, nənəsi X3 yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkmişdir. X3 18 iyun 2024-cü il tarixdə Gəncə şəhəri, 600 ailəlik qəsəbə, küçə 6, ev 59-da vəfat etmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Şahid olaraq, X2 18 iyun 2024-cü il tarixdə Gəncə şəhərində vəfat etməsini təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır, vəfat edən X3 onun doğma anasıdır. X3 18 iyun 2024-cü il tarixdə yaşadığı Gəncə şəhəri, 600 ailəlik qəsəbə, küçə 6, ev 59-da vəfat etmişdir. O, şahid olaraq, X2 18 iyun 2024-cü il tarixdə Gəncə şəhərində vəfat etməsini təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 02 iyul 2024-cü il tarixli 285 nömrəli məktubdan görünür ki, X2 ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölüm haqqında akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən Şahid1 ünvanlanmış 12 iyul 2024-cü il tarixli 18-1-48/2-İ-126-42-116/2024 nömrəli məktubdan görünür ki, 02 fevral 1954-cü il təvəllüdlü X2 vəfatı ilə bağlı olaraq “ölüm haqqında tibbi şəhadətnamə”nin alınması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının 31 yanvar 2018-ci il tarixli 5 nömrəli Qərarına (4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda) müvafiq maddəsinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsinin mümkün olmadığı, “ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Gəncə Şəhər Prokurorluğunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas X4 tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, X2 ölməsi faktında cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan: X2 adına ucaldılmış qəbirüstü xatirə daşının fotoşəklindən görünür ki, xatirə daşının üzərində X2 02 fevral 1954-cü ildə doğulduğu və 18 iyun 2024cü il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 02 fevral 1954-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində doğulmuş X3 18 iyun 2024-cü il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 02 fevral 1954-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində doğulmuş X2 18 iyun 2024-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 02 fevral 1954-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində doğulmuş X2 18 iyun 2024-cü ildə Azərbaycan Respublikasının Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X2 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar