Məhkəmə qərarları › İş №2(041)-665/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-665/2025

22.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-665/2025 22.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması və kompensasiya tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarəsində olan torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması və öhdəlik üzrə ona olan 75.000 (yetmiş beş min) manat borcun və ödədiyi 316 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Göyçay rayonunun İnçə kənd sakini Cavabdeh1 və Kürdəmir rayonu Qarabucaq qəsəbəsində yaşayan Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, 20 fevral 2003-cu ildə Kurdəmir rayonunun Qurabucaq bələdiyyəsindən əkinçilik və heyvandarlıq məqsədilə 50 ha (18+32- 50) torpaq sahəsini 25 il müddətinə icarəyə götürmüş və bu barədə onunla Qarabucaq bələdiyyəsi arasında xx.xx.2003-cü il tarixli, 02 nömrəli X3 bağlanmışdır. xx.xx.2007-ci ildə həmin torpaq sahəsinə aid Α№010462 νə Α№010463 nömrəli torpaq sahəsinin planı və ölçüsünü əldə etmişdir. 2011-ci ilin avqust ayına kimi həmin torpaqdan istifadə edib və mal-qara saxlayıb. Ailə vəziyyətində yaranmış problemlə əlaqədar xx.xx.2011-ci ildə tanıdığı Göyçay rayonunun İnçə kənd sakini Cavabdeh1 sövdələşmə əsasında, bu sövdələşmədə Cavabdeh1 ağsaqqalı Novruz Hacıyev (tel ***-***-**-**) iştirak etməklə, hər il üçün 6000 manat ödəməklə istifadəyə vermiş. Cavabdeh1 ona verdiyi torpaq sahəsində qoyun saxlayıb. Bir il keçdikdən sonra, ona məlumat vermədən cavabdeh Elçın Hacıyev ona verdiyi torpaq sahasini qoyun saxlamaq uçün əslən Kəlbəcər rayonundan məcburi köçkün olan və Qarabucaq qəsəbəsində məskunlaşmış Cavabdeh2 istifadə üçün haqq ödəməklə vermışdır. Bu barədə məlumat alan kimi cavabdeh Elçın Hacıyevlə və onun ağsaqqalı Novruz Hacıyevlə əlaqə saxlayıb və onlar ona bildiriblər ki, bu məsələnin aramızda olan sövdələşməyə heç bir təsiri ola bilməz və biz hər il sövdələşməyə əsasən 5000 manatı sənə ödəyəcəyik. Keçən 13 ildən çox bir müddətdə cavabdeh Elçın Hacıyev sövdələşmə əsasında ona verəcəyi 5000 manatdan heç bir ödəniş etməmiş və hal-hazırda cavabdehin ona sövdələşməyə əsasən 75 min manat borcu yaranmışdır. Keçən 13 il ərzində Cavabdeh1 hər il üçün 5000 manat pulun ona verilməsini tələb etməyinə baxmayaraq, o müxtəlif bəhanələrlə pulun ödənilməsindən yayınmış və onu inandırmağa çalışmışdır. Artıq cavabdehin sövdələşmə əsasında ona ödəyəcəyi pulun verməməsinə əmin olduqdan sonra, o həm Cavabdeh1, onun ağsaqqalı Novruz Hacıyevə və hazırda sözügedən torpaq sahəsindən istifadə edən Cavabdeh2 torpaq sahəsini qoyunları ilə birlikdə tərk etməsini tələb etməyinə baxmayaraq, onlar bu tələbi yerinə yetirməkdən boyun qaçırırlar və imtina edirlər. Bu tələb son iki ildə dəfələrlə onlardan tələb edilsə də, onlar icarəsində olan torpaq sahəsini tərk etmirlər. Həmçinin icarəsindədə olan 50 ha torpaq sahəsindən istifadə etmək hüququna dair xx.xx.2011-ci il tarixdə Cavabdeh1 verdiyi etibarnamə ərizəsi əsasında xx.xx.2024-cü il tarixdə Notarius tərəfindən ləğv edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, sözügedən torpaq sahəsini İddiaçı razılığı ilə Cavabdeh1 alıb, torpaq sahəsindən etibarnamə üzrə istifadə edir. Rəsmi sənədləşmə işləri apara bilmədiyi üçün icarə haqqı olaraq Elçinə müəyyən qədər pul ödəyib. Artıq neçə ildir ki, 50.0 ha torpaq sahəsindən tam olaraq istifadə edir. Onun iddiaçı ilə aralarında torpağın icarəsi ilə bağlı sövdələşməsi olmamışdır. Torpağı Cavabdeh1 alıb və iddiaçı ilə Elçin arasında icarə sövdələşməsindən məlumatı yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Kurdəmir rayonu Qarabucaq qəsəbə bələdiyyəsinin 17 fevral 2003-cü il tarixli 02 saylı iclas protokolundan çıxarışdan məlum olur ki, əkinçilik və heyvandarlıq məqsədilə 50 ha torpaq sahəsi İddiaçı 25 il müddətinə icarəyə verilmişdir. -xx.xx.2003-cü il tarixli Torpaq icarəsi müqaviləsindən görünür ki, Kurdəmir rayonu Qurabucaq qəsəbə bələdiyyəsindən əkinçilik və heyvandarlıq məqsədilə 50 ha torpaq sahəsini İddiaçı 25 il müddətinə icarəyə götürmüş və bu barədə onunla Qarabucaq bələdiyyəsi arasında xx.xx.2003-cü il tarixli, 02 nömrəli X3 bağlanmışdır. -Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı icarəsinə götürdüyü 180000 kv.m və 320000 kv.m torpaq sahəsi X4 kitabında xx.xx.2007-ci il tarixdə, 73 nömrəsi ilə qeydə alınmışdır. - xx.xx.2011-ci il tarixli AR-İ №013551 nömrəli etibarnamədən görünür ki, Kürdəmir rayonu, Qarabucaq kəndində yaşayan İddiaçı etibarnamə ilə Göyçay rayonu, İncə kəndində yaşayan X2 Kürdəmir rayonu, Qara bucaq qəsəbə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 02 saylı qərarı və xx.xx.2003-cü il tarixli 1 saylı İcarə müqaviləsinə əsasən Kürdəmir rayonu Qarabucaq qəsəbəsinin ərazisindən əkinçilik və heyvandarlıq məqsədi ilə 25 (iyirmi beş) il müddətinə ona İcarəyə verilmiş 50 (ǝlli) hektar torpaq sahəsinin üzərində onun icarə hüquqlarını Daşınmaz Əmlakın Dövlət Rüyestri Xidmətinin müvafiq idarəsində qeydiyyata aldırmağı, 50 ha torpaq sahəsini icarə müqaviləsində göstərilən müddətə və qeyd olunan təyinatına uyğun istifadə etməyi torpaq sahəsində olan bütün texniki vasitələrdən və avadanlıqlardan istifadə etməyi, həmin torpaq sahəsinə sahiblik etməyi, onu aidiyyəti orqanlarda təmsil etməyi, o cümlədən vergidə sənədləşdirmə işləri aparmağı, vergi və bələdiyyə xərclərini ödəməyi, habelə bu torpaqla bağlı əqdləri bağlamağı sənədləri müvafiq orqanlara təqdim etməyi və almağı, həmin torpaq sahəsi ilə bağlı bütün əməliyyatları həyata keçirməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlərdən 75000 manat icarə haqqını və onların 50.0 ha torpaq sahəsindən məcburi çıxarılmalarını tələb etmişdir. İddianın 75000 manat icarə haqqının tələb edilməsi hissəsi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun; - 1-ci maddəsinə görə torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. - 11. İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar. icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası; müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası. Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın alınması, torpaq və mülki qanunvericiliklə müəyyən edilmiş digər şərtlər də nəzərdə tutula bilər. - 12. Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Hazırki işin müəyyən edilən hallarından məlum olur ki, tərəflər arasında ümumiyyətlə icarə müqaviləsi bağlanılmamışdır. Belə olan halda icarə haqqının tərəflər arasında hansı formada razılaşdırılması məlum olmur və bununla bağlı heç bir sübut işə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Ona görə də, bu hissədə iddia rədd edilməlidir. Cavabdehlərin iddiaçının icarəsinə verilmiş torpaq sahəsindən çıxarılmaları məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, bu hissədə iddia təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən məlum olur ki, Kurdəmir rayonu Qarabucaq qəsəbə bələdiyyəsinin 17 fevral 2003-cü il tarixli 02 saylı qərarına əsasən əkinçilik və heyvandarlıq məqsədilə 50 ha torpaq sahəsi İddiaçı 25 il müddətinə icarəyə verilmiş və xx.xx.2003-cü il tarixdə Kurdəmir rayonu Qurabucaq qəsəbə bələdiyyəsi ilə İddiaçı arasında X3 bağlanmışdır. İddiaçı icarəsinə götürdüyü 180000 kv.m və 320000 kv.m torpaq sahəsi X4 kitabında xx.xx.2007-ci il tarixdə, 73 nömrəsi ilə qeydə alınmış və ona Torpaq sahəsinin planı və ölçüsü adlanan sənəd verilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-cı maddəsinin 1-ci bəndinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-cı maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçıların təqdim etdiyi sənədlər qanunvericiliyin tələblərinə tam olaraq cavab verdiyinə görə onların tələbləri qanuni və əsaslı hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 712.1-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: 712.1.1. torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; 712.1.2. birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin. 712.2. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsə ikinci əldən icarəyə verirsə, həmin üçüncü şəxsin istifadə zamanı baş vermiş təqsiri üçün, hətta icarəyə verənin ikinci əldən icarəyə razılıq verdiyi halda da məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı icarəsində olan, Kürdəmir rayonu, Qarabucaq qəsəbəsində yerləşən 50.0 ha torpaq sahəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş 316 manat dövlət rüsumunun 216 manatı iddiaçıya aid edilməli, qalan 100 manat isə cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı icarəsində olan, Kürdəmir rayonu, Qarabucaq qəsəbəsində yerləşən 50.0 ha torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumundan 100 (bir yüz) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar