Məhkəmə qərarları › İş №2(041)-902/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-902/2025

30.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-902/2025 30.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş yol açılmaqla torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılma və istifadəyə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun mülkiyyətidə və qanuni istifadəsində olan, Kürdəmir rayonunun Qarasu kəndi ərazisində yerləşən 10 (on) sot həyətyanı torpaq sahəsinə gedən yola mişar daşından hörülmüş hasarın cavabdehin öz hesabına sökülərək həyətyanı torpaq sahəsinə gedən yolun bərpa edilməklə, əvvəlki taxta qapının bərpa edilməsi və cavabdehin həmin yoldan (torpaq sahəsindən) əmlakları ilə birlikdə məcburi qaydada çıxarılmaqla, onun tərəfindən həmin yoldan və torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Qarasu kəndində yaşayır. 2005-ci ildə Kürdəmir rayonunun keçmiş Şilyan Bələdiyyəsinə ərizə ilə müraciət edərək ona fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Keçmiş Şilyan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 9 saylı iclasının qərarı ilə ona hazırki Qarasu kəndinin ərazisindən bələdiyyənin ehtiyat fond torpağından (Şilyan kəndinin keçmiş M.Ə.Sabir adına kolxozun ərazisindən) 10 (on) sot həyətyanı torpaq sahəsi ayrılmış və Şilyan bələdiyyəsi ilə aralarında olan torpağın alqısatqı müqaviləsinə əsasən ona satılan 10 sot həyətyanı torpaq sahəsinə görə keçmiş Şilyan bələdiyyəsinin hesabına 400.000 (dörd yüz min) manat pul ödədikdən sonra həyətyanı torpaq sahəsi naturada ölçülməklə həyətə olan giriş yolu ilə birlikdə ona təhvil verilmişdir. Həyətyanı torpaq sahəsi ona veriləndən sonra həmin torpaq sahəsinin sərhədlərini qamışla hasara alıb həyətinə gedən yoldan həyətə giriş hissəsindən taxtadan böyük giriş qapısı ilə bağlamışdır. Lakin maddi imkanı olmadığına görə həmin torpaq sahəsində fərdi yaşayış evi tikə bilməmişdir. Ev tikə bilməsə də həyətyanı torpaq sahəsi ona veriləndən bəri həmin torpaq sahəsinə həyətinə gedən yoldan istifadə etməklə, orada taxıl və yonca əkib becərmişdir. Bu yaxınlarda qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinə gedəndə həyətinə gedən yolun Cavabdeh tərəfindən bağlanaraq, həyətinə taxta materialdan quraşdırdığı qapının sökülüb atıldığını və yolun cavabdeh tərəfindən mişar daşı ilə hörülüb istifadəsində olan yolu öz torpaq sahəsinə birləşdirdiyini görmüşdür. Cavabdeh torpaq sahəsinə gedən yolun ona aid olduğunu bildirib yolu zəbt etməsinin səbəbini soruşub yolu açmasını tələb etmişdir. Lakin cavabdeh həmin yolu 500 manat pul verib aldığını və açmayacağını təkidlə bildirmişdir. Bundan sonra o, bu barədə Qarasu kəndi üzrə icra nümayəndəliyinə va bələdiyyəyə müraciət etsə də, həmin təşkilatlar heç bir tədbir görməyərək ona məhkəməyə müraciət etməyini izah etmişlər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələblərini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının qeyd etdiyi yol onun evinin arxasında yerləşir. O, öz torpaq sahəsinə getmək üçün atasına məxsus ərazidən istifadə edə bilər İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kürdəmir Şilyan- Qarabucaq Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 24 nömrəli sorğuya cavab məktubundan görünür ki, Kürdəmir rayon Qarasu kənd sakini İddiaçı Kürdəmir rayon Qarasu kəndi ərazisində adına torpaq sahəsi qeydə alınmamış, istifadə etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmaqla gənc ailələr üçün nəzərdə tutulmuş ehtiyat fondu torpaqlarıdır. Ona dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin onun torpaq sahəsinə gedən yolu hasarla bağladığını, həmin yolun açılmasını, əvvəlki vəziyyətə qaytarılmasını və cavabdehin ordan əmlakları ilə birlikdə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə baxarkən müəyyən etmişdir ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Bələdiyyənin təqdim etdiyi rəsmi məktubda qeyd olunur ki, Kürdəmir rayon Qarasu kənd sakini İddiaçı Kürdəmir rayon Qarasu kəndi ərazisində adına torpaq sahəsi qeydə alınmamış, istifadə etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmaqla gənc ailələr üçün nəzərdə tutulmuş ehtiyat fondu torpaqlarıdır. Ona dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil. İddiaçı tərəfindən təqdim olunan sənədlər onun həmin torpaq sahəsinə dair mülkiyyət və ya başqa istifadə hüququnun olmadığını göstərir. Bu səbəbdən iddiaçının həmin torpaq sahəsinə dair subyektiv hüququ mövcud deyil. Mübahisəli sahədə zəbt olunmuş yol açılmaqla torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılma və istifadəyə edilən maneələrin aradan qaldırılması ilə bağlı İddiaçı bildirdiklərinə münasibətdə nəzərə almaq lazımdır ki, iddiaçı mübahisəli torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada heç bir hüquq əldə etməmişdir. Bundan başqa, onu da nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada heç bir hüquq əldə etməmiş bir şəxsin həmin sahədə vəsait sərf edərək hər hansı tikili inşa etdirməsi onun həmin tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə hər hansı formada hüququnun yaranmasına əsas vermir. Məhkəmə xatırladır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia üzrə 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş yol açılmaqla torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılma və istifadəyə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar