Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-714/2025 02.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və X2 Sumqayıt şəhəri, 26-cı məhəllə ilə üzbəüz ərazidə “Xəzər” Bağçılıq Cəmiyyətinin ərazisində yerləşən və “Xəzər” Bağçılıq Cəmiyyətinin 1999-cu il tarixli, 19 nömrəli protokolu əsasında onun istifadəsinə verilmiş sahəsi 1200 kvadrat metr olan bağ torpaq sahəsindən çıxarılmaları, həmin torpaqdan istifadəsinə hər hansı maneələrin və məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi, məhkəməyə ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 26-cı məhəllə ilə üzbəüz ərazidə yerləşən “Xəzər” Bağçılıq Cəmiyyətinin ərazisində sahəsi 1200 kvadrat metr olan bağ torpaq sahəsi həmin cəmiyyətin 1999-cu il tarixli, 19 nömrəli protokolu əsasında daimi istifadəsinə verilmişdir. Eyni zamanda həmin ərazidə sahəsi 650 kvadrat metr olan digər bağ sahəsi də qardaşı X9 adına rəsmiləşdirilmişdir. X1 07 mart 2011-ci il tarixdə ölmüşdür. Atasının ölümündən sonra cavabdeh olan bacısı X2 təhriki ilə digər cavabdeh anası Cavabdeh1 istiafdəsində olan bağ sahəsinin mərhum atasına məxsus olduğunu bildirərək orada torpağının olmadığını iddia edib torpağına yiyələnmək arzusuna düşmüşdür. Hətta bununla bağlı Cavabdeh1 iddia əriziəsi ilə məhkəməyə də müraciət edərək ona məxsus olduğu iddia edilən ünvan 1 ünvanında yerləşən 0,06 ha bağ torpaq sahəsindən və həmin torpaq sahəsinə bitişik 7 sot torpaq sahəsindən istifadə etmələrinə hər hansı bir maneələrin törədilməsinin ona qadağan edilməsini və həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(060)-6709/2022 nömrəli qətnaməsi ilə Cavabdeh1 ona qarşı qeyd edilən iddia tələbləri rədd edilmişdir. Məhkəmə iddiaçının mübahisəli torpağa hüququnun olmadığı üçün onun bu tələblərini rədd etmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 digər Cavabdeh2 ilə birlikdə ona məxsus torpağa müdaxilələrini davam etdirərək torpaqdan istifadəsinə maneələr yaradırlar. Hətta cavabdehlər torpağının ortasından hasar da çəkərək torpağı iki yerə bölüb satmağa çalışırlar. Nəticədə cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən yalnız torpağından deyil, xeyli miqdarda gəlirindən də məhrum olmuşdur. Belə ki, hələ atasının sağlığında torpağında göy-göyərti əkərək onu bazara çıxarıb satmaqla məşğul idi və bu minvalla ildə 3000 manata yaxın gəlir də əldə edib ailəsinin dolanışığını təmin edirdi. Cavabdehlərin torpağına müdaxiləsi nəticəsində həmin gəlirindən də məhrum olmuşdur. Cavabdehlərə razılaşaraq mübahisənin sülh yolu ilə həllini dəfələrlə təklif etsə də, onlar qəti şəkildə onunla razılığa gəlməkdən və torpağını özünə qaytarmaqdan imtina edərək, onun həmin ərzazidə, ümumiyyətlə torpağının olmadığını bildirmişlər. Bu səbəbdən başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət edərək hüququnun pozulmasının qarşısının alınmasını xahiş etməyə məcbur olmuşdur.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədiyini, bağ sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədlərinin olmadığını, 206 saylı bağ sahəsinin atasına, 167b saylı torpaq sahəsinin dayısına məxsus olduğunu, sonradan dayısı tərəfindən anasına bağışladığını, iddiaçıya məxsus bağçının üzvlük kitabçasının saxta olduğunu bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, bağçının üzvlük kitabçası iddianın əsasını təşkil edir. Lakin iddiaçı tərəfindən məhkəməyə əsli deyil, surəti təqdim olunmuşdur. İtibdirsə, bu barədə Polis İdarəsinə məlumat verməlidir. Atasının torpağı verməsi barədə, həmçinin ailə üzvlərinin razılığı barədə sənəd olmalıdır. Lakin qeyd olunan sənədlər məhkəməyə təqdim edilməmişdir. Hesab edir ki, bağçının üzvlük kitabçası etibarsız hesab edilməlidir.
6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədiyini və nümayəndəsinin izahatına uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri:
8. Məhkəmə iclasında şahid qismində iştirak edən X16 ifadəsində bildirdi ki, Cavabdeh1 bacısı, Cavabdeh2 isə bacısı qızıdır. Torpaq sahəsini o almışdır. Torpağın girişi olsa da, çıxışı olmadığı üçün bağ sahəsi kimi istifadə eləmək üçün torpaq sahəsini almışdır. Bağ sahəsinə baxılmadığı üçün bacısına bağışlamışdır. Bağışlama edildikdən sonra ona məlum olmuşdur ki, torpaq sahəsinin sənədi yoxdur.
9. Məhkəmə iclasında şahid qismində iştirak edən X17 ifadəsində bildirdi ki, həmin torpaq sahəsi atasına məxsus olmuşdur. Hal-hazırda orada tək yaşayır. Torpaq sahəsinin qardaşının adına keçməsi barədə məlumatı olmamışdır. Anası Sumqayıt şəhəri, 8-ci mikrorayonda yaşayır. Bacısının isə öz evi vardır, orada yaşayır.
10. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində bildirdi ki, tərəflərlə qonşudur. Hal-hazırda mübahisəli torpaq sahəsində Emil Məlikov yaşayır. Cavabdeh2 orada görməmişdir. İddiaçı gəlib-getsə də, orada yaşamır.
11. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadəsində bildirdi ki, tərəflərlə qonşudur. 1989-cu ildən onları tanıyır. İddiaçı gəlib-getsə də, orada yaşamır. Torpaq sahəsi 6 sot yarımdır. Torpaq sahəsinin İddiaçı adına keçməsi barədə məlumatı yoxdur
12. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 ifadəsində bildirdi ki, İddiaçı atası ilə birlikdə 1986-cı ildən 2013-cü ilə kimi orada yaşamışdırlar.
13. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadəsində bildirdi ki, tərəflərlə qonşudur. 1986-cı ildən orada yaşayır. 1985-ci ildən isə onlar orada olmuşlar. 2021-ci ilə kimi orada yaşamışdır. Həmin vaxta qədər İddiaçı və atasından başqa orada heç kimi görməmişdir.
Tədqiq olunan sübutlar:
14. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6709/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən istifadə üzrə maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaq sahəsinir, boşaldılması tələbinə dair” iddia tələbinin rədd edilməsi qət edilmişdir.
15. Sumqayıt şəhər polis idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh1 həqiqətən də mərhum həyat yoldaşı X8 adına olan ünvan 3 ünvanında yerləşən bağ sahəsinə verilmiş bağ kitabçasını naməlum şəraitdə itirməsi barədə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etmişdir.
16. Sumqayıt bələdiyyəsi yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhdaətnamədən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdən ünvan 4 ünvanında uçota alınmışdır.
17. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 həqiqətən də “Xəzər” bağçılıq Cəmiyyətinin ərazisində olan Kəhriz küçəsində mərhum həyat yoldaşı X10 cəmiyyət tərəfindən verilən bağ kitabçasında qeyd olunan 206 nömrəli evdə qeydiyyatsız yaşamışdır. X14 xx.xx.2011-ci ildə vəfat etdikdən sonra həyat yoldaşı Cavabdeh1 tərəfindən 206 saylı bağ istifadə edilmişdir.
18. Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Xəzər bağlar ərazisi, Qaladəri küçəsi, ev 206 saylı, 600 kv.m, Xəzər bağlar ərazisi, Qaladərə küçəsi, ev 164B saylı 700 kv.m torpaq sahələri onun istifadəsindədir və həmin torpaq sahəsinə vergi borcu Cavabdeh1 tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixədək Sumqayıt şəhəri, Xəzər bağlar ərazisi, Qaladəri küçəsi, ev 206 saylı 600 kv.m və ev 164B saylı 700 kv.m torpaq sahələrinə görə torpaq vergi borcu yoxdur.
19. Sumqayıt Bələdiyyəsinin “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 1999-cu il tarixli 19 nömrəli protokola əsasən İddiaçı Bağçılıq Cəmiyyətinə üzv qəbul edilməsi barədə arxiv sənəd tapılmadı. 2010-cu ildə ”Xəzər” Bağçılıq Cəmiyyətinin üzvü olanların siyahıya alınmasında İddiaçı X1nun adına olan sahəsi 600 m2 olan 206 və qardaşı X9 adma sahəsi 600 m2 206 nömrəli bağlar siyahıda qeyd edilmişdir. İddiaçı ”Xəzər”Bağçılıq Cəmiyyətinə üzv qəbul edilməsi barədə məlumat yoxdur.
20. Sumqayıt Bələdiyyəsinin “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinin məktubundan görünür ki, Xəzər bağları, Qaladərəsi küçəsində 206, 206a, 185, 121, 178, 209 saylı bağların əhatəsində olan 164b saylı sahəsi 700 kv.m olan bağ sahəsini X18 bacısı X6 vermişdir. Qonşuların təsdiq etdiyi akta əsasən 2000-ci il tarixindən sahəsi 700 kv.m olan 164b saylı bağ Cavabdeh1 istifadəsindədir.
21. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən, Bağçılıq Yoldaşlıq Cəmiyyətləri tərəfindən üzvlük kitabçası verilmiş bağ torpaq sahələrinin ayrılması ilə bağlı arxiv məlumatları, o cümlədən bağçılıq cəmiyyəti üzvlərinin təsdiq olunmuş adlı siyahısı “Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməmişdir.
Məhkəmə baxışının hədləri:
22. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər; Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.
25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
26. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarı
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
27. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
28. Belə ki, iddiaçı Sumqayıt şəhəri, 26-cı məhəllə ilə üzbəüz ərazidə yerləşən “Xəzər” Bağçılıq Cəmiyyətinin ərazisində 1200 kv.m torpaq sahəsinin həmin Cəmiyyətin 19 saylı 1999-cu il tarixli protokolu əsasında onun daimi istifadəsinə verildiyinə istinad edərək həmin torpaq sahəsindən anası Cavabdeh1 və bacısı Cavabdeh2 tərəfindən boşaldılmasını məhkəmədən xahiş edir. Sözügedən torpaq sahəsinin onun istifadəsinə verilməsini təsdiq edən sənəd kimi məhkəməyə 206 saylı Bağçının üzvlük kitabçasının surətini təqdim etmiş, həmin sənədin əslinin itməsi səbəbindən əslinin məhkəməyə təqdim edilməsinin mümkünsüz olduğunu bildirmişdir. Mübahisəli torpaq sahələri qeyd olunan ünvanda yerləşən 206 saylı və 164B saylı torpaq sahələrindən ibarətdir. İddiaçı qeyd edilən torpaq sahələrinin ona aid olmasını iddia edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
29. Cavabdehlər isə qeyd edilən sahəsi 600 kv.m olan 206 saylı torpaq sahəsinin Cavabdeh1 mərhum əri və iddiaçı və digər cavabdehin X1na məxsus olduğunu, digər ona bitişik sahəsi 700 kv.m olan 164B saylı torpaq sahəsinin isə Cavabdeh1 qardaşı X11 aid olduğunu, sonradan qardaşı tərəfindən cavabdehin istifadəsinə verildiyini bildirmişlər.
30. Bundan əvvəl də tərəflər arasında qeyd edilən torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Belə ki, hazırki iş üzrə Cavabdeh1 hazırki iş üzrə İddiaçı qarşı iddia qaldıraraq ünvan 2 ünvanında yerləşən 0,06 ha bağ torpaq sahəsindən və həmin torpaq sahəsinə bitişik 7 sot torpaq sahəsindən istifadə etməklərinə hər hansı bir maneənin törədilməsinin qadağan edilməsi və həmin torpaq sahəsinin boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
31. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır.
32. Hazırki halda iddiaçı tərəfindən məhkəməyə sözügedən torpaq sahəsinin onun qanuni istifadəsində və sahibliyində olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Onun istinad etdiyi bağçının üzvlük kitabçasının isə məhkəməyə əsli deyil, surəti təqdim edilmiş, eyni zamanda məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq təqdim edilmiş məlumatlardan həmin kitabçaya dair arxiv sənədlərinin mövcudluğu müəyyən edilməmişdir.
33. Bundan əlavə məhkəməyə sözügedən torpaq sahəsinin koordinatlarının hansı sahəni əhatə etdiyini təsdiq edən sənəd də təqdim edilməmişdir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.
35. Məhkəmə qeyd edir ki, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir.
36. İddiaçı qeyd edilən bağçının üzvlük kitabçasını itdiyini bildirsə də, həmin kitabçanın verilməsinı dair arxivdə mövcud olan sənədlərin əldə edilməsi istiqamətində, eyni zamanda torpaq sahəsi üzərində torpaq sahəsinin onun daimi istifadəsinə verilməsinə istinad edərək üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına yönəlik hər hansı tədbirlər görməsi müəyyən edilməmişdir.
37. Bundan başqa məhkəmə iclasında ifadə vermiş, sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrində yaşayan şəxslərin (hansıki iddiaçı da həmin şəxslərin qonşu ərazidə yaşadıqlarını inkar etməmiş) ifadələri əsasında iddiaçının mübahisəli torpaq sahəsində yerləşən evdə yaşaması müəyyən edilməmişdir.
38. Beləliklə iddiaçı tərəfindən məhkəməyə sözügedən torpaq sahəsinin ona ayrılmasına, habelə onun qanuni istifadəsində, sahibliyində, mülkiyyətində olmasına dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcud deyildir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı qeyd edilən 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
40. Beləliklə iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquq sahibi olması müəyyən olunmadığından və bununla da onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ olmadığından, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilə bilməz.
41. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması”i tələbinə dair iddiası təmin edilməməlidir. Nəticə:
42. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva