Məhkəmə qərarları › İş №2(106)-1809/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1809/2024

28.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1809/2024 28.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı1, İddiaçı3 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı mülkiyyətlərində və qanuni istifadələrində olan əkin sahəsindən cavabdehin məcburi qaydada çıxarılması, torpaqdan istifadəyə edilən maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə qadağa qoyulması tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(041)-95/2024 saylı qətnaməsindən (hakim Müseyib Bayramov) İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Xırdapay kəndində yerləşən mülkiyyətində və qanuni istifadəsində olan əkin sahəsindən Cavabdeh Saleh oğlunun məcburi qaydada çıxarılması, cavabdeh tərəfindən torpaqdan istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə ailə üzvü ilə iddiaçıya 1.80 ha torpaq sahəsi ayrılmış, bu barədə onlara mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Torpaq sahəsi onlara məxsus olsa da cavabdeh onların torpaq sahəsini zəbt etmişdir. Bir neçə dəfə cavabdehə həmin sahəni təhvil verməsini bildirsədə heç bir nəticəsi olmamışdır. Cavabdeh həmin torpaq sahəsini boşaltmadığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək bildirmişdir ki, JN-282 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinə daşınmaz Əmlakın dövlət reystr xidməti tərəfindən baxış keçrilmiş və elektron xəritəyə uyğun olaraq ölçülmüş və sərhədləri ona tanıdılmışdır. Cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim edə bilmir. Cavabdeh həmin torpaq sahəsini boşaltmadığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Odur ki, məhkəmədən iddia tələblərinin təmin edilməsin xahiş etmişdir. Cavabdeh iddia tələblərini qəbul etməyərək izahatında göstərmişdir ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə onlara 1.2513 ha torpaq sahəsi ayrılmış, bu barədə onlara mülkiyyət hüququna dair çıxarış verilmişdir. İddiaçının tələb etdiyi torpaq sahəsinin hazırda onun istifadəsində olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Əvəllər həmin torpaq sahəsini onlar əkib becərmiş, iddiaçını heç vaxt orada görməmiş, bu barədə mübahisələri olmamışdır. Cavabdeh göstərilənləri nəzərə iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(041)-95/2024 saylı qətnaməs ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Göstərmişdir ki, məhkəmə tərəfindən hər hansı araşdırma aparılmamış, cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz göndərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı1, İddiaçı3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, yerlərdə sürüşmə var ona görə də torpaq sahəsində istifadə edə bilmirlər. Onların yerindən cavabdeh istifadə edir. Onlara məxsus torpaq sahəsinin başqa şəxs və ya şəxslər tərəfindən istifadə edilməsi barədə məlumatları yoxdur. Mütəxəssizlər yerində baxış edərək rəy vermişlər. Həmin vaxt onlarda orada olmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Bildirmişdir ki, o heç kəsə məxsus torpaq sahəsini zəbt etməmişdir. Bunu ekspertiza rəyi də sübut edir. Digər iddiaçılar apellyasiya baxışında iştirak etməmişlər. Digər iddiaçılara müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunmuş, xx.xx.1999-cu ildə verilmiş JN 282 KPOD 90616018 nömrəli dövlət aktından görünür ki, İddiaçı3 5 nəfərdə ibarət ailə üzvlərinin mülkiyyətinə 1.80 ha torpaq sahəsi verilmişdir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışdan görünür ki, X1 və 4 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə 1.2513 ha toraq sahəsi verilmiş və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Mübahisənin ədalətli həll edilməsi və xüsusi bilik tələb olunan sualları izah etmək üçün xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı və JN-282 saylı "Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində iddiaçılara ayrılmış 1.80 ha torpaq sahəsinin və xx.xx.2021-cü il tarixdə ********** nömrə ilə qeyd edilmiş çıxarışa əsasən Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində cavabdehlərə ayrılımış 1.2513 ha torpaq sahəsinin koordinatları müəyyən edilsin. 2.2. Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı və JN-282 saylı "Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində iddiaçılara ayrılmış 1.80 ha torpaq sahəsinin və cavabdehin mülkiyyətində olan xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeyd edilmiş çıxarışa əsasən Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində olan 1.2513 ha torpaq sahəsi elektron xəritəyə və faktiki vəziyyətinə görə üst-üstə düşürmü? Üst-üstə düşürsə, zəbt edilmiş torpaq sahəsinin koordinat nöqtələri və ölçüsü müəyyən edilsin. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3977 saylı ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reystri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-1860/2024 nömrəli mütəxəssis rəyinə əsasən qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 03,05.2024-cü il tarixli 3-21-3-36/2-1860/2024 nömrəli mütəxəssis rəyinə əsasən torpaqların elektron uçot məlumatlarında göstərilən **********6 reystr nömrəli çıxarışla X2, Cavabdeh və ailə üzvlərinin mülkiyyətin əverilmiş 1.25 ha torpaq sahəsi ilə **********05 reystr nömrəli çıxarışla İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.80 ha torpaq sahəsi üst-üstə düşmür. Qərardadın ikinci sualı üzrə: Mütəxəssiz rəyinə əsasən qeyd edilən torpaqların elektorn uçot məlumatlarında göstərilən **********6 reystr nömrəli çıxarışla X2, Cavabdeh və ailə üzvlərinin mülkiyyətin əverilmiş 1.25 ha torpaq sahəsi ilə **********05 reystr nömrəli çıxarışla İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.80 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçın baxış zamanı naturada göstərdiyi 3.19 ha torpaq sahəsinin 0.076 ha (760 kv.metr) hissəsi **********06 nömrəli çıxarışla X2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.25 ha torpaq sahəsi ilə üst-üstə düşür. İşdən göründüyü kimi məhkəmə iddianı rədd etmişdir. Qətnamədəm İddiaçı3 narazı qalmış və şikayət vermişdir. Apellyasiya şikayətinin əsas dəlili məhkəmə tərəfindən hər hansı araşdırmanın aparılmaması və cavabdeh tərəfindən hər hansı sübutun təqdim edilməməsi ilə bağlıdır. İşdən görünrü ki, məhkəmə araşdırma apararaq hər iki tərəfin çıxarışları əsasında (**********6 və **********05 reystr nömrəli çıxarışlarla) tikinti texniki ekspertizası təyin edilmiş, həmin iş üzrə TEKUİS proqramı ilə mütəxəssiz Rəyi və onun əsasında da ekspert Rəyi əldə edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, rəyə əsasən qeyd edilən torpaqların elektorn uçot məlumatlarında göstərilən **********6 reystr nömrəli çıxarışla X2, Cavabdeh və ailə üzvlərinin mülkiyyətin əverilmiş 1.25 ha torpaq sahəsi ilə **********05 reystr nömrəli çıxarışla İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.80 ha torpaq sahəsi üst-üstə düşmür. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(041)-95/2024 saylı qətnaməsi İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar