Məhkəmə qərarları › İş №2(041)-946/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-946/2023

15.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-946/2023 15.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin icarəsində olan, Kürdəmir rayonunun Bağman kəndində yerləşən 10 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmaları, torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması və ona dəymiş 5000 manat maddi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Bağman kəndində yaşayır. 2020-ci ildə iddiaçı Kürdəmir rayon Böyük-kəngərli bələdiyyəsinə müraciət edərək mal-qarasının saxlanılması üçün torpaq sahəsi ayrılımasını xahiş etmiş, onun müraciəti əsasında ona 10 ha torpaq sahəsi verilmişdir. Onunla Böyük-kəngərli kənd bələdiyyəsi arasınd aicarə müqaviləsi bağlanmış, xx.xx.2020-ci il tarixdə icarə müqaviləsini dövlət qeydiyyatına aldırmış və daşınmaz əmlakın dövlət reystrindən çıxarış almışdır. Torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsini aqrotexniki qaydada qulluq etmiş, bu il torpaq sahəsini şumlayaraq mal-heyvan saxlamaq üçün tam yararlı hala gətirmişdir. Lakin cavabdehlər ona maneəçilik törədərək onun torpaq sahəsini zəbt edib ona mal-qaranı saxlamağa imkan verməmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, İddiaçı icarəsində olan torpaq sahəsi onların torpaq sahələrinin qonşuluğunda yerləşir. Özlərinə məxsus mal-qaranı öz torpaqlarında otarırlar. Əvvəllər İddiaçı icarəsində olan torpaq sahəsindən istifadə etmədiyindən, qonşu otlaqlara buraxılan mal-qaranın onun icarəsində olan torpaq sahəsinə daxil olmaları halları olmuşdur. Hazırda mal-qaralarını otarmağa yerləri yoxdur. Ona görə də iddiaçının torpaq sahəsindən istifadə edirlər. Torpaq sahəsi iddiaçıya qeyriqanuni verildiyi üçün hesab edirlər ki, həmin torpaq sahəsi kəndin ümumi örüş sahəsi sayılır. Bundan əlavə, onun tərəfindən iddiaçıya heç bir maddi ziyan vurulmamışdır. Cavabdeh göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh3 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsi qanunsuz olaraq onun icarəsinə verilmiş və "xxxx" MMC-nin Kürdəmir rayonunun Bağman kəndində yerləşən torpaq sahəsinin yerləşmə cizgisində İddiaçı icarəsinə verilmiş 10 ha torpaq sahəsi müəyyən edilməmişdir. Həmin torpaq sahəsi kəndin ümumi otlaq sahəsi olduğuna görə orada əkinçilik işləri aparmaq olmaz. Bundan əlavə, iddiaçıya kim tərəfindən və hansı məbləğdə maddi zayanın vurulması barədə heç bir sübut yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh1 da iddianı qəbul etməyərək izahatında bildirdi ki, kəndin örüş yeri sayılan ərazidən sakinlərin məlumatı olmadan 10 ha torpaq sahəsinin iddiaçının icarəsinə verilməsini qanunsuz hesab edir. Ümumiyyətlə Pirişovlar tərəfindən kəndin torpaq sahələri qanunsuz olaraq mənimsənilmiş, onlara məxsus mal-qaranın otarılması üçün yer qalmamışdır. İddiaçının icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə heç bir maneçiliyi olmamış və ona maddi ziyan vurmamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir . Belə ki, iş materiallarına əlavə olunmuş; - xx.xx.2020-ci il tarixdə Kürdəçmir rayon Böyük kəngərli bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, 10 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəsinə verilmişdir. - xx.xx.2020-ci il qeydiyyat tarixi olan **********25 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu Bağman kəndində yerləşən 10 ha torpaq sahəsi 15 il müddətinə (xx.xx.2020-xx.xx.2035) İddiaçı adına yüklü edilmişdir. xx.xx.2020-ci il tarixdə DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 10 ha torpaq sahəsinin planı və ölçüsü sənədində 1:15000 miqyasda torpaq sahəsinin planı çəkilmiş, torpaq sahəsinin qonşu sərhədləri, əsas döngə nöqtələri, planı və digər parametrlərinin qeydiyyatı aparılmış və X1 kitabında qeydə alınmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 51-ci maddəsinin 1-ci hissəsinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

83. 1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 2. Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsindən imtina edilməsinə o şərtlə yol verilə bilər ki, belə imtina başqa şəxslərin hüquq və mənafelərinə toxunmasın və ətraf təbii mühitə zərər vurmasın. 1 0 1 . 1. Torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə torpaqların keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilməlidir. Torpaq sahələri geri alınarkən qeyd olunan xərclərlə yanaşı, habelə torpaq mülkiyyətçisinin üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü xərci də ödənilməlidir. 2. Vurulmuş zərəri, o cümlədən əldən çıxmış gəliri, geri alınan torpaq sahələrini əldə etmiş hüquqi və fiziki şəxslər, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşmasına, yaxud yaxınlıqda yerləşən torpaqların keyfiyyətinin pisləşməsinə səbəb olan hüquqi və fiziki şəxslər bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilən qaydada ödəyirlər. 3. Zərərin ödənilməsi ilə əlaqədar mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır.

103. 1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. 3. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. Hazırki işdə də, iddiaçının icarəsində olan torpaq sahəsi yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşdirildiyindən və dövlət qeydiyyatına alındığından, iddiaçının hüquqlarının müdafiəsi və toxunulmazlığı ilə bağlı həmin torpaq sahəsi üzərində dövlət təminatı mövcuddur. Məhkəmə qeyd edir ki, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı fiziki və ya hüquqi şəxslərə ayrılmış torpaq sahələrindən maneəsiz və təyinatı üzrə istifadə etmək üçün yarana biləcək hər bir maneə aradan qaldırılmalı, buna şərait yaradan şəxslər təqsirinin dərəcəsindən asılı olaraq cinayət, inzibati və mülki məsuliyyətə cəlb edilməlidir. Hazırki iş üzrə iddiaçı iddia ərizəsində cavabdehlərə qarşı 3 tələb irəli sürmüşdür: 1) cavabdehlərin icarəsində olan, Kürdəmir rayonunun Bağman kəndində yerləşən 10 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmaları; 2) torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması və 3) ona dəymiş 5000 manat maddi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi. İddia ərizəsində həmin tələblərin əsası kimi İddiaçı icarəsinə verilmiş Kürdəmir rayonun Bağman kəndi ərazisindəki 10 ha torpaq sahəsinin kəndə yaxın ərazidə yerləşdiyindən, həmin kəndin sakinləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən özlərinə məxsus heyvanlarını həmin sahəyə salaraq otlaq sahənin korlanması, mərz nişanlarının doldurulması, yem tədarükü üçün əkilmiş sahələrin otarılması nəticəsində ona maddi ziyan vurmaları və torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə manelərin yaratdıqlarını göstərmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edildi ki, həqiqətən də, iddiaçının icarəsində olan 10 ha torpaq sahəsini kəndin ümumi istifadəsində olan ərazi hesab edərək cavabdehlər həmin torpaq sahəsindən özlərinə məxsus mal-qaranın otarılması yeri kimi istifadə etmiş, lakin həmin torpaq sahəsinin cavabdehlər və digər şəxslər tərəfindən zəbt edilməsi halı öz təsdiqini tapmamışdır. Məhkəmə cavabdehlərin göstərilən hərəkətlərini iddiaçının qanuni əsaslara ona məxsus torpaq sahəsindən təyinatı üzrə istifadə etməsi üçün maneəə kimi qiymətləndirir və bu hissədə iddia əsaslı hesab olunur. İddianın 5000 manat məbləğində dəymiş ziyanın ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, hər bir tələb onu təsdiq edən sübutla müəyyən edilir. İddiaçının göstərdiyi dəlillər ona maddi ziyan vurulmasını təkzib etməsə də, konkret olaraq tələb edilən məbləğin nədə ifadə olunması və həmin məbləğin məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində yaranmasını təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki qanunvericilin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki iş üzrə tələb edilən zərərə görə cavabdehlərin təqsirliliyini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı icarəsində olan, Kürdəmir rayonunun Bağman kəndi ərazisində yerləşən 10 ha torpaq sahəsindən təyinatı üzrə istifadəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən edilən maneələr aradan qaldırılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin olunsun. İddiaçı icarəsində olan, Kürdəmir rayonunun Bağman kəndi ərazisində yerləşən 10 ha torpaq sahəsindən təyinatı üzrə istifadəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən edilən maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar