Məhkəmə qərarları › İş №2(042)-1331/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1331/2025

02.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1331/2025 02.10.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə” ərizəsi üzrə mülki iş (açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞQ/MT-027/2023-01484 saylı barışıq sazişinin təsdiq edilməsi və ödədilmiş 100 manat dövlət rüsumunun əvəzinin Maraqlı şəxs tutularaq Ərizəçi qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə nikah münsaibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü Zümrüd adlı uşaq doğulmuşdur. Sonradan tərəflər arasındakı münasibətlər pisləşmiş və onlar ayrılmışlar. Zümrüd adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tərəflər arasında barışıq əldə edilmiş və bu saziş Qusar 1 saylı Mediasiya Təşkilatında mediator N.A.Əzizov tərəfindən təsdiq edilmişdir. Barışıq sazişi heç kəsin hüquqlarını pozmur. xx.xx.2023-cü il tarixli MŞQ/MT-027/2023-01484 saylı barışıq sazişinə görə Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü Zümrüd adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 180 manat sabit məbləğdə alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs bu öhdəliyə əməl etsə də, bu ilin yanvar ayından aliment ödənişini dayandırmış, öhdəliyini həmin vaxtdan icra etməmişdir. Buna görə də ərizəçinin hazırki tələblə məhkəməyə müraciət etmək hüququ yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

5. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır.

6. Belə ki, mülki iş materiallarında olan; - mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər, yəni Maraqlı şəxs və Ərizəçi razılığa gəldiyi mübahisənin həlli istiqamətində qəbul etdiyi şərtlər və həmin şərtlərin yerinə yetirilməsinin üsulu və müddətləri aşağıdakı kimidir; (barışıq sazişinin icra olunması tarixinin xx.xx.2023-cü ildən başlaması müəyyən olunmuşdur.) “Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X1 Həsənova (Ağarzayeva) Türkanə Arzu qızının himayəsində saxlanılmasına etirazının olmaması və Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikah dövründə dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat məbləğində alimenti Həsənova (Ağarzayeva) Türkanə Arzu qızına bank (kart) və nəğd vasitəsi ilə ödəməyi öz öhdəsinə götürür.”

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; - 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. - 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. - 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. - 355-26.1-ci maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

8. Beləliklə, məhkəmə qeyd edir ki, Maraqlı şəxs ilə Ərizəçi mediasiya prosesində uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment öhdəliyi barədə razılığa gəlmişlər və barışıq sazişi imzalamışlar. Lakin barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs saziş üzrə aliment öhdəliklərini yerinə yetirməmişdir.

9. Həmçinin barışıq sazişinin təsdiq edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir.

10. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

11. “Mediasiya haqqında Qanun”un 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır.

12. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən ərizə bu hissədə təmin edilə bilməz.

V. Nəticə:

13. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi - “Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X1 Həsənova (Ağarzayeva) Türkanə Arzu qızının himayəsində saxlanılmasına etirazının olmaması və Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikah dövründə dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat məbləğində alimenti Həsənova (Ağarzayeva) Türkanə Arzu qızına bank (kart) və nəğd vasitəsi ilə ödəməyi öz öhdəsinə götürməsi” - hissəsində təsdiq edilsin. Tərəflər barışıq sazişin şərtlərindən irəli gələn öhdəlikləri icra etməkdən imtina edərsə, həmin şərtlər məcburi qaydada icra etdirilsin. Aliment xx.xx.2023-cü il tarixdən başlayaraq hesablansın. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar