Məhkəmə qərarları › İş №2(042)-283/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-283/2024

13.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-283/2024 13.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 6900 manat pulun və 89 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq, onlara verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı2 məhkəmə baxış iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, tanışları olan cavabdehlər ona və digər iddiaçıya xırdabuynuzlu heyvanlar alıb, saxlayıb çoxaltmaq və qazanc əldə etmək təklifini etmişlər. Onlar razılaşmış, Cavabdeh2 xırdabuynuzlu heyvanlar alınması və təsərrüfat yaradılması məqsədilə Cavabdeh1 təqdim edilməsi üçün 6900 manat vermişlər. Pulu İddiaçı1 ona göndərmiş, o, isə cavabdehlərə vermişdir. Onlar dəfələrlə cavabdehlərdən aldıqları heyvanları və təsərrüfatı göstərmələrini tələb etsələr də, cavabdehlər müxtəlif bəhanələrlə onlara heyvanları və təsərrüfatı göstərməmişlər. Onlara məlum olmuşdur ki, cavabdehlər heç bir xırdabuynuzlu heyvan almamış, razılaşdıqları kimi təsərrüfat yaratmamışlar. Onlar verdikləri pulu cavabdehlərdən tələb etmiş, lakin cavabdehlər pulu geri qaytarmaqdan da boyun qaçırmışlar. Ona görə də, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, Cavabdeh2 bacısıdır. Cavabdeh1 iddiaçılara bildirmişdir ki, yaxşı şərtlərlə xırdabuynuzlu heyvan alıb, çoxaldıb qazanc əldə etmək olar. Ona görə də iddiaçılar cavabdehlərlə razılığa gəlmişlər ki, onlar heyvan almaq üçün cavabdehlərə pul versinlər, Cavabdeh1 isə heyvan alıb, saxlayıb çoxaltsın. Bu məqsədlə iddiaçı X1 digər İddiaçı1 ona göndərdiyi 6900 manat miqdarında pulu xırdabuynuzlu heyvanları almaları üçün Cavabdeh2 vermişdir. Lakin cavabdehlər heç bir heyvan almamış, eyni zamanda iddiaçılardan aldıqları pulu da geri qaytarmamışlar. İşdə olan Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqar İdarəsinin baş müstəntiqi Rəşad Məmmədzadənin Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 noyabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçılar Cavabdeh1 barəsində şikayətlə müraciət etmiş, onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Aktdan görünür ki, Cavabdeh2 6900 manatın ona verilməsini imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2; 14.2.1;14.2.6. və 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması, başqa şəxsə zərər vurulması, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məcəllənin 777.2-ci maddəsinə əsasən Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçılar cavabdehlərlə şifahi tapşırıq müqaviləsi bağlamış, onlara tapşırığın yerinə yetirilməsi üçün 6900 manat vermişdir. Lakin cavabdehlər tapşırığı yerinə yetirməmiş, üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş, eyni zamanda 6900 manatı qaytarmaqdan boyun qaçırmış, iddiaçıların hesabına əsassız olaraq, varlanmışdır. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6900 manat alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq,iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Nəbi qızından müştərək qaydada 6900(altı min doqquz yüz) manat və ödənilmiş 89 manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar