Məhkəmə qərarları › İş №2(042)-34/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-34/2023

25.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-34/2023 25.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payların naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nn X2 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 29 noyabr 2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən ümumi sahəsi 1,1727 ha olan kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsindən və 29 noyabr 2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən ümumi sahəsi 1,1381 ha olan kənd təsərrüfatı təyinatlı biçənək torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 paylarının naturada ayrılmasına və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun və iddia ərizəsinin tərtib edilməsi üçün göstərilmiş hüquqi yardıma görə çəkilən 50 manat xərcin əvəzinin, cəmi, 150 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq, onlara ödənilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı3 nümayəndəsi İddiaçı1 iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Söyüdlü kəndinin ərazisində iddiaçılar və cavabdehlərin ümumi birgə mülkiyyətində ümumi sahəsi 1,1727 ha olan kənd təsərrüfatı təyinatlı əkin və ümumi sahəsi 1,1381 ha olan kənd təsərrüfatı təyinatlı biçənək torpaq sahələri vardır. Mülkiyyət hüquqları qeydə alınmış və onlara müvafiq Çıxarışlar verilmişdir. İddiaçılar və cavabdehlərin arasındakı münasibətlər pisdir. Cavabdehlər iddiaçılara mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etməyə imkan vermirlər. İddiaçılar paylarına dşən torpaq sahələrinin naturada ayrılmasını istəyirlər. Mübahisəni öz aralarında həll etmək mümkün deyildir. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı2 iddia tələblərini müdafiə etmiş, eyniməzmunlu izahat vermiş, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçıların torpaq sahələrində payları yoxdur. Onlar qanunsuz yollarla torpaq sahələrinə mülkiyyət hüquqlarını qeydə aldırıblar. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Qumlu kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışdan görünür ki, 29 noyabr 2017-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində yerləşən 1,1727 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışdan görünür ki, 29 noyabr 2017-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində yerləşən 1,1381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflərin Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində yerləşən torpaq sahələrinə ümumi birgə mülkiyyət hüquqları qeydə alınmış, lakin paylar müəyyən edilməmişdir. Paylar müəyyən edilmədiyi üçün onların naturada ayrılması da mümkün deyildir. Yəni, əvvəlcə tərəflərin ümumi birgə mülkiyyətdə payları müəyyən edilməli, sonra müəyyən edilmiş payların ayrılması məsələsi həll edilməlidir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, mülkiyyətçilərin Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində bərabər hissələrdə paylarının olması nəzərə alınmalı və hər birinin 1/6 hissdə payları müəyyən edilməlidir. İş materiallarından görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, lakin iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 50 manat miqdarında xərci təsdiq edən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun ödənilmiş tələbə münasib hissəsi cavabdehlərdən alınaraq, iddiaçılara verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbbyacan Respublikası MPMnin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışa əsasən Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində yerləşən 1,1727 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hər birinin 1/6 hissədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışa əsasən Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində yerləşən 1,1381 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hər birinin 1/6 hissədə payları müəyyən edilsin. İşə məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun yarısı, yəni, 50 manat hissəsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq, İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar