Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-412/2025 06.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə” ərizəsi üzrə mülki iş (açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı - xx.xx.2021-ci il doğum tarixli X3 ilə ünsiyyət hüququnun təmin edilməsi barədə Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icra edilməsi üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 2021-ci ildə qeyrirəsmi ailə qurmuş, xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə yaşadıqları dövrdə xx.xx.2021-ci il doğum tarixli X3 bir övladımız olmuşdur. Maraqlı şəxs ilə əvvəllər normal ailə münasibətlərində yaşasalar da, sonradan aralarında baş verən narazılığa görə ayrılmışlar. Maraqlı şəxs ona qarşı nikahın pozulması və aliment tələbi ilə bağlı ilkin mediasiya sessiyasına müraciət etmiş, mediasiya sessiyası zamanı aralarında boşanma və alimentlə bağlı barışıq əldə olunmasa da, uşağı ilə görüş hüququnun təmin edilməsi ilə əlaqədar razılaşma olmuş və aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən xx.xx.2024- cü il tarixdən etibarən övladı X3 yetkinlik yaşına çatanadək Maraqlı şəxs övladı ilə ünsiyyətinə mane olmayacağı, hər il uşağının doğum günü, bayram günləri və uşağın mənafeyinə uyğun vaxtda həftənin bir günü övladı ilə görüşünün təmin ediləcəyi barədə razılığa gəlmişlər. Buna baxmayaraq həmin vaxtdan indiyədək o uşağı ilə bir dəfə də olsun, görüşə bilməmiş, Maraqlı şəxs buna imkan yaratmamış, bununla da o barışıq sazişinin könüllü icrasından boyun qaçırmışdır. Odur ki, o Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icra edilməsi üçün təsdiq edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)- 998/2024 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında olan nikah pozulmuş, övladı ananın himayəsində saxlanılmış və övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qzancının 1/4 hissəsi miqdarında aliment alınaraq Maraqlı şəxs verilməsi qət edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.
8. Belə ki, mülki iş materiallarında olan; - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-998/2024 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2022-ci il tarixdə Tovuz Regional “Asan Xidmət” Mərkəziində bağlanmış nikahın pozulması, 07 noyabr 2021-ci il tarixdə doğulmuş X2 nikah pozulduqdan sonra anası Maraqlı şəxs himayəsində saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi aylıq qazancının 1/4 hissəsi miqdarında aliment alınaraq, Maraqlı şəxs verilməsi qət edilmişdir. - mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər, yəni Maraqlı şəxs və Ərizəçi razılığa gəldiyi mübahisənin həlli istiqamətində qəbul etdiyi şərtlər və həmin şərtlərin yerinə yetirilməsinin üsulu və müddətləri aşağıdakı kimidir; “Maraqlı şəxs xx.xx.2024-cü il tarixidən etibarən, xx.xx.2021-ci ildə anadan olmuş övladları X2 yetkinlik yaşına çatanadək atası Ərizəçi, babası X1 və nənəsi X4 ilə ünsiyyətlərinə mane olmayacağı və hər il uşağın doğum günü, bayram günləri və uşağın mənafeyinə uyğun vaxtda həftənin bir günü görüşmələrini təmin edəcəkdir”.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; - 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. - 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. - 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. - 355-26.1-ci maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
10. Beləliklə, məhkəmə qeyd edir ki, Maraqlı şəxs ilə Ərizəçi mediasiya prosesində uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə razılığa gəlmişlər və barışıq sazişi imzalanmışlar. Lakin barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs saziş üzrə öhdəliklərini yerinə yetirməmişdir.
11. Həmçinin barışıq sazişinin təsdiq edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişi təsdiq edilməlidir.
V. Nəticə:
12. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi - “Maraqlı şəxs xx.xx.2024-cü il tarixidən etibarən, xx.xx.2021-ci ildə anadan olmuş övladları X2 yetkinlik yaşına çatanadək atası Ərizəçi, babası X1 və nənəsi X4 ilə ünsiyyətlərinə mane olmayacağı və hər il uşağın doğum günü, bayram günləri və uşağın mənafeyinə uyğun vaxtda həftənin bir günü görüşmələrini təmin edəcəyi” - hissəsində təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov