Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-521/2025 27.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə” ərizəsi üzrə mülki iş (açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Cavabdeh iştiraklarıı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, “Cavabdeh yetkinlik yaşına çatmayan övladları- xx.xx.2020-c il doğum tarixli X3 və xx.xx.2022-ci il doğum tarixli X4 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində bir uşağa görə 200 (iki yüz) hər iki uşağa görə cəmi 400 (dörd yüz) manat alimenti ödəməyi xx.xx.2024- cü il tarixdən başlayaraq öz üzərinə öhdəlik götürür” şərtlərinin təsbit olunduğu o və maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onunla aralarında rəsmi nikah olmamışdır. xx.xx.2020-ci il doğum tarixli X3 və xx.xx.2022-ci il doğum tarixli X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün aliment tələbi ilə bağlı xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmişdir. O və maraqlı şəxs Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə baş tutmuş mediasiya prosesi nəticəsində MŞT/MT024/2024-1269 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən o və maraqlı şəxs Cavabdeh qeyd edilən qaydada razılığa gəlmişlər: “a) Rüstəmov X1 Zərniyar Nizami qızına məxsus qızıl-zinət əşyalarının (İddiaçı atasıgil hədiyyə etdiyi - 2 boyunbağı, qızıl sancaq, 4 qolbağı, 3 üzük) geri qaytarılmasını xx.xx.2024-cü il tarixdən üzərinə öhdəlik götürür; b) Cavabdeh xx.xx.2020-ci il doğum tarixli X3 və 16:01.2022-ci il doğum tarixli X4 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində bir uşağa görə 200 (iki yüz) manat, hər iki uşağa görə cəmi 400 (dörd yüz) manat alimenti X2 ödəməyi xx.xx.2024-cü il tarixdən öz üzərinə öhdəlik götürür; c) İddiaçı yetkinlik yaşına çatmayan övladları- xx.xx.2020- ci il doğum tarixli X3 və xx.xx.2022-ci il doğum tarixli X4 atası - Cavabdeh ilə həftədə iki dəfə görüşməsinə razılıq verməyi öz üzərinə öhdəlik götürür; d) Həmin qızıl-zinət əşyaları ilə bağlı İddiaçı gələcəkdə heç bir tələb və şikayət etməyəcəyini öz üzərinə öhdəlik götürür. Göstərilən şərtlərə dair o və maraqlı şəxs Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin Cavabdeh tərəfindən icra edilməli olan “b” bəndində nəzərdə tutulmuş şərt hal-hazıradək düzgün icra olunmamışdır. Belə ki, maraqlı şəxs Cavabdeh üç ayda cəmi bir dəfə olmaqla hər iki uşağa görə 400 manat məbləğində aliment köçürtmüşdür. Bu səbəbdən də hüquqlarının müdafiəsi məqsədilə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd olunan barışıq sazişinin maraqlı şəxs tərəfindən icra edilməli olan digər bəndinin (b) xüsusi icraat qaydasında baxılması və hüquqlarının təmin edilməsi barədə müvafiq yekun qərar qəbul olunması zəruridir. Qeyd olunmalıdır o və maraqlı şəxs Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin Cavabdeh tərəfindən icra edilməli olan “b” bəndində nəzərdə tutulmuş şərtlərin icrası üçün xüsusi müddətlər nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişində nəzərdə tutulmuş, xüsusi göstərilən müddət ərzində Cavabdeh tərəfindən Sazişin “b” bəndində nəzərdə tutulmuş şərtin icrası istiqamətində addım atılmamışdır. Bu səbəbdən də hazırki ərizə ilə müraciət olunması məcburiyyəti yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında bildirdi ki, alimentlə bağlı aralarında razılıq olmuşdur. Ərizəçi ilə mediasiyada işləyən xanım əlbir olmuş və hər şey qarşı tərəfin xeyrinə yazılmışdır. Onların nikahları Rusiya Federasiyasının Moskva şəhərində kəsilmiş, onun xəbəri olmadan saxta sənədlə ondan boşanmışdır. Alimenti ödəsə uşaqlarla görüşür, alimenti ödəməsə uşaqlarla görüşə bilmir. Əlində sübutlar vardır ki, ərizəçi özü ona yazmışdır ki, “get uşaqlardan və alimentdən imtina et”. III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.
7. Belə ki, mülki iş materiallarında olan; - mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər, yəni Cavabdeh və İddiaçı razılığa gəldiyi mübahisənin həlli istiqamətində qəbul etdiyi şərtlər və həmin şərtlərin yerinə yetirilməsinin üsulu və müddətləri aşağıdakı kimidir; “1. Rüstəmov X1 Zərniyar Nizami qızına məxsus qızıl-zinət əşyalarının (İddiaçı atasıgil hədiyyə etdiyi -2 boyunbağı, qızıl sancaq, 4 qolbağı, 3 üzük) geri qaytarılmasını xx.xx.2024-cü il tarixdən üzərinə öhdəlik götürür.
2. Cavabdeh xx.xx.2020-ci il doğum tarixli X3 və xx.xx.2022-ci il doğum tarixli X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində bir uşağa görə 200 (iki yüz) manat, hər iki uşağa görə cəmi 400 (dörd yüz) manat alimenti İddiaçı ödəməyi xx.xx.2024-cü il tarixdən öz üzərinə öhdəlik götürür.
3. İddiaçı yetkinlik yaşına çatmayan övladları- xx.xx.2020-ci il doğum tarixli X3 və xx.xx.2022-ci il doğum tarixli X4 atası - Cavabdeh ilə həftədə iki dəfə görüşməsinə razılıq verməyi öz üzərinə öhdəlik götürür.
4. Qızıl-zinət əşyaları ilə bağlı İddiaçı gələcəkdə heç bir tələb və şikayət etməyəcəyini öz üzərinə öhdəlik götürür.”
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; - 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. - 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. - 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. - 355-26.1-ci maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
9. Beləliklə, məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı mediasiya prosesində uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment öhdəliyi barədə razılığa gəlmişlər və barışıq sazişi imzalanmışlar. Lakin barışıq sazişi bağlandıqdan sonra Cavabdeh saziş üzrə aliment öhdəliklərini yerinə yetirməmişdir.
10. Həmçinin barışıq sazişinin təsdiq edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişi təsdiq edilməlidir.
V. Nəticə:
11. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi - “Cavabdeh, xx.xx.2020-ci il doğum tarixli X3 və xx.xx.2022-ci il doğum tarixli X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində bir uşağa görə 200 (iki yüz) manat, hər iki uşağa görə cəmi 400 (dörd yüz) manat alimenti İddiaçı ödəməyi xx.xx.2024-cü il tarixdən öz üzərinə öhdəlik götürməsi” hissəsində təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov