Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-77/2025 30.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi, su çəninin və digər avadanlıqların götürülməsi və maneələrin aradan qaldırılması tələbi barədə» iddiası üzrə mülki iş (açar sözlər: tikilinin sökülməsi və maneələrin aradan qaldırılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi, su çəninin və digər avadanlıqların götürülməsi və maneələrin aradan qaldırılması tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu, Slavyanka kəndinə yerləşən və onun mülkiyyətində olan qeyri-yaşayış binalarının dayaq hörgülərinə bitişik olaraq Cavabdeh tərəfindən tikilmiş tikililərin sökülməsi, su çəninin və digər avadanlıqların götrülməsi, həmin binalara etmiş olduğu hər cür müdaxilələrə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülküyyətində Gədəbəy rayonun, Slavyanka kəndində iki qeyri-yaşayış binası vardır. Həmin binalar üçün DƏDRXnin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar və həmin çıxarışlar əsasında texniki posportlar verilmişdir. Cavabdeh həyəti ilə onun mülküyyətində olan qeyri-yaşayış binası həmsərhəddir. Onun cavabdehlə aralarında həmin torpaq sahəsinə görə münaqişələri vardır. Cavabdeh onun mülkiyyətində olan tikilinin hörgü hissəsinə bitişik çardaq və toyuq hini tikmiş, eləcə də, su çəni qoymuşdur ki, buda onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. O, könüllü olaraq Cavabdeh onun mülkiyyətində olan qeyri-yaşayış binasına bitişik tikmiş olduğu tikililərin sökülməsini və su çəninin götrülməsini bildirsə də heç bir müsbət nəticə əldə edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
8. Belə ki, mülki iş materiallarında olan - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən sahəsi 361 kv.m olan əmlak kompleks kimi müəssisə və bələdiyyə mülkiyyətində olan (hüququn növü- istifadə) 0.05148 kv.m torpaq sahəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən sahəsi 126 kv.m olan qeyri-yaşayış binası və bələdiyyə mülkiyyətində olan (hüququn növü- istifadə) 0.01692 kv.m torpaq sahəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. - - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, **********43-06301 reyestr nömrəli çıxarış əsasında Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən İddiaçı istifadəsində olan 0.016992 ha torpaq sahəsinin, xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, **********42-12301 reyestr nömrəli çıxarış əsasında Gədəbəy rayonu.Slavyanka kəndində yerləşən İddiaçı istifadəsində olan 0.05148 ha torpaq sahəsinin 29.81 kv.m hissəsində (tikilinin arxa hissəsində) Seyfəddin Məmməd oğlunun mülkiyyətində olan qeyri-yaşayış binasına bitişik Cavabdeh tərəfindən talvar (çardaq) inşa edilmişdir. Eləcə də, həmin torpaq sahəsində Cavabdeh məxsus su çəni və digər avadanlıqlar mövcuddur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/10192 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, **********43-06301 reyestr nömrəli çıxarış əsasında Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən İddiaçı istifadəsində olan 0.016992 ha torpaq sahəsinin, xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, **********42-12301 reyestr nömrəli çıxarış əsasında Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən İddiaçı istifadəsində olan 0.05148 ha torpaq sahəsinin 29.81 kv.m hissəsində (tikilinin arxa hissəsində) İddiaçı mülkiyyətində olan qeyri -yaşayış binasına bitişik Cavabdeh tərəfindən talvar (çardaq) inşa edilmişdir. Eləcə də, həmin torpaq sahəsində Cavabdeh məxsus su çəni və digər avadanlıqlar mövcuddur.
9. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.
11. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. - 110-cu maddəsinə əsasən bu Məcəllənn 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması, torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və digər hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. - 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
12. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahələrinin və tikintilərin mülkiyyətçisi olmalı və ya mülkiyyətçi olmasa da, Mülki Məcəllə ilə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs olmalı, həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikinti inşa edilməli və digər qurğular yerləşdirmələridir.
13. Məhkəmədə iclasında müəyyən edildi ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən sahəsi 361 kv.m olan əmlak kompleks kimi müəssisə və bələdiyyə mülkiyyətində olan (hüququn növü- istifadə) 0.05148 kv.m torpaq sahəsi, eləcə də, sahəsi 126 kv.m olan qeyri-yaşayış binası və bələdiyyə mülkiyyətində olan (hüququn növü- istifadə) 0.01692 kv.m torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən İddiaçı istifadəsində olan 0.01692 ha torpaq sahəsinin və 0.05148 ha torpaq sahəsinin 29.81 kv.m hissəsində (tikilinin arxa hissəsində) İddiaçı mülkiyyətində olan qeyri -yaşayış binasına bitişik Cavabdeh tərəfindən talvar (çardaq) inşa edilməsi, eləcə də, həmin torpaq sahəsində Cavabdeh məxsus su çəni və digər avadanlıqların mövcud olması müəyyən edilmişdir.
14. Göründüyü kimi, mübahisə predmetlərinin yerləşdiyi torpaq sahələrinin iddiaçının qanuni istifadəsində olduğu, həmin torpaq sahələrində cavabdeh tərəfindən talvar (çardaq) inşa edilməsi və su çəni və digər avadanlıqlar mövcud olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiqini tapır. Bu hal isə iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməsinə səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.
15. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi və xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən qeyri-yaşayış binalarına bitişik, İddiaçı mülkiyyətində (istifadəsində) olan 0,05148 ha və 0,01692 ha torpaq sahələrinin 29.81 kv.m hissəsində inşa edilmiş talvar (çardaq) Cavabdeh hesabına sökülməli, həmin torpaq sahələrində mövcud olan Cavabdeh məxsus su çəni və digər avadanlıqlar Cavabdeh tərəfindən götürülməli və İddiaçı məxsus qeyri-yaşayış binalarına Cavabdeh tərəfindən edilən hər cür müdaxilələrə son qoyulmalıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.
17. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir.
18. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 50 (əlli) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir.
19. Həmçinin işə baxılması ilə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin bank hesabına İddiaçı tərəfindən 95 (doxsan beş) manat məbləğində xidmət haqqı ödənilmişdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu, mütəxəssis xərci və müəyyən edilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi və xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən qeyri-yaşayış binalarına bitişik, İddiaçı mülkiyyətində (istifadəsində) olan 0,05148 ha və 0,01692 ha torpaq sahələrinin 29.81 kv.m hissəsində inşa edilmiş talvar (çardaq) Cavabdeh hesabına sökülsün. Həmin torpaq sahələrində mövcud olan Cavabdeh məxsus su çəni və digər avadanlıqlar Cavabdeh tərəfindən götürülsün və İddiaçı məxsus qeyri-yaşayış binalarına Cavabdeh tərəfindən edilən hər cür müdaxilələrə son qoyulsun. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və 95 (doxsan beş) manat mütəxəssis xərcinin əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov