Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-790/2024 27.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ X11 Kazımovun sədrliyi, X6 oğlunun katibliyi, Cavabdeh2, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları və digər əşyalar” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 750 əyarlı qızıldan hazırlanmış 20.39 qram çəkidə qol saatı, 750 əyarlı qızıldan hazırlanmış 12 qram çəkidə yarpaq şəklində bir cüt tana və üzük, 750 əyarlı qızıldan hazırlanmış 18 qram çəkidə üzük, 750 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə bir üzük, 2 ədəd qızı diş (uşaqlar üçün), 750 əyarlı qızıldan hazırlanmış 3, 4 və 6 qram çəkidə 3 ədəd sep, onlar olmadığı təqdirdə dəyəri olan 4150 manat, anasından qalan qədimi əşyalarının və mediyasiya xərci olan 25 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61.90 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 25 dekabr 2011-ci ildə el adəti ilə toy edərək cavabdehlərin yaşadıqları Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən evə gəlin köçmüş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Cavabdeh1 ilə yaşadıqları müddətdə 2 uşaqları - 14 mart 2013-cü il təvəllüdlü X5 və 27 avqust 2014-cü il təvəllüdlü X7 anadan olmuşlar. Cavabdehlə ailə qurandan sonra sonuncunun işi ilə əlaqədar olaraq onlar tez-tez Rusiya Federasiyasına gedib gəlmişlər. Hər dəfə getdikdə toy mərasimində təqdim olunan və uşaqlarının doğum günlərində onlara hədiyyə olunmuş qızılları özü ilə aparmamış, həmin qızılları qaynatası Cavabdeh2 vermişdir. Sonuncu dəfə o Cavabdeh1 ilə 08 aprel 2022-ci il tarixdə Rusiya Federasiyasına getmişlər. Orada cavabdehlə aralarında ciddi narazılıqlar yaranmış və o uşaqları ilə birlikdə 08 iyun 2023-cü il tarixdə oradan qayıtmışdır. Həmin vaxtdan o cavabdehlərə məxsus evdə yaşamır. Həmin vaxtdan ona toy mərasimində təqdim olunan və uşaqlarının doğum günlərində onlara hədiyyə olunan qızıllar qaynatası Cavabdeh2 qalmışdır. Həmin qızıl-zinət əşyaları 750 əyarlı qızıldan hazırlanmış 1200 manat dəyərində 20.39 qram çəkidə qol saatı, 750 əyarlı qızıldan hazırlanmış 600 manat dəyərində 12 qram çəkidə yarpaq şəklində bir cüt tana və üzük, 750 əyarlı qızıldan hazırlanmış 800 manat dəyərində 18 qram çəkidə üzük, 750 əyarlı qızıldan hazırlanmış 400 manat dəyərində 4 qram çəkidə bir üzük, 200 manat dəyərində 2 ədəd qızıl diş (uşaqlar üçün), 750 əyarlı qızıldan hazırlanmış 950 manat dəyərində 3, 4 və 6 qram çəkidə 3 ədəd sepdən ibarətdir. Bunlardan başqa, ona anasından qalan qədimi əşyalar da cavabdehlərə məxsus evdə qalmışdır. O, dəfələrlə cavabdehlərdən ona məxsus qızıl-zinət əşyalarını tələb etsə də, onlar qızıllarını və digər əşyalarını ona qaytarmaqdan imtina etmişlər. Hazırda ona məxsus qızılları və digər əşyalar cavabdehlərə məxsus Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən evdədir. Cavabdehlər ona məxsus qızıl-zinət və anasından qalan digər əşyalarını könüllü olaraq ona qaytarmırlar. Tələb etdiyi qızıl-zinət və anasından qalan digər əşyaları mövcuddursa onları, mövcud deyildirsə dəyərinin ona qaytarılmasını xahiş edir. İddiaçı X4 məhkəməyə ərizə verərək, mülki işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, Cavabdeh1 onun oğludur. İddiaçı ilə oğlu arasında toy mərasimi keçirilməmişdir. Sadəcə olaraq kiçik bir mərasim olmuşdur. Ona heç bir qızıl əşyası verilməmişdir. İddiaçının bildirdikləri tamamilə yalandır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, Cavabdeh1 onun qardaşıdır. İddiaçı ilə qardaşı Elşən ailə qurduqdan sonra Rusiya Federasiyasında yaşamışlar. İddiaçıya verilmiş qızıl əşyaları daima iddiaçının özündə olmuşdur. Rusiya Federasiyasında olan zaman iddiaçı qardaşını əsassız olaraq polisə şikayət etmiş və aralarında narazılıq olmuşdur. Daha sonra qardaşı iddiaçını Rusiya Federasiyasından yola salmışdır. İddiaçının bildirdikləri yalandır. Onlarda iddiaçıya məxsus heç bir qızıl əşyası qalmamışdır. Qızıl əşyaları iddiaçının özündə olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 186 saylı arayışdan görünür ki, həmin arayışda alış-satış qiyməti olaraq 750 əyyarlı 20.39 qram çəkidə 1 ədəd qol saatının 1835-1937 manat, 750 əyyarlı 12 qram çəkidə 1 ədəd sırğa və üzük dəstinin 1080-1140 manat, 750 əyyarlı 18 qram çəkidə 1 ədəd üzüyün 1620-1710 manat, 750 əyyarlı 4 qram çəkidə 1 ədəd üzüyün 360-380 manat, 583 əyyarlı 3 qram çəkidə 2 ədə diş hər biri 1.5 qram olmaqla 225-240 manat, 750 əyyarlı 3 qram çəkidə 1 ədəd uşaq üçün boyunbağının 270-285 manat, 750 əyyarlı 4 qram çəkidə 1 ədəd uşaq üçün boyunbağının 360-380 manat, 750 əyyarlı 6 qram çəkidə 1 ədəd boyunbağının 540-570 manat olduğu göstərilmişdir. Məhkəmə iddiaçının qızıl-zinət əşyaları tələbi ilə bağlı münasibətlərə tətbiq ediləcək hüquq normaları baxımından qeyd edir ki, iddiaçı X4 ilə Cavabdeh1 arasında rəsmi nikah olmadığından və onlar arasında rəsmi ər-arvad münasibətləri olmadığından iddiaçıya hədiyyə edilmiş qızıl-zinət əşyaları tələbi ilə bağlı mübahisə mülki qanunvericiliyin bağışlama müqaviləsi ilə bağlı normalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. Cavabdehlər sözügedən qızıl-zinət əşyalarını iddiaçıya hədiyyə etməklə onunla bağışlama müqaviləsi bağlamışlar və müqaviləyə əsasən, həmin qızıl-zinət əşyaları iddiaçının mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinin tələblərinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfin gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunun mənasına görə, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, həmin əşyaların ona məxsus olmasını və cavabdehlərdə qalmasını sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iddiaçının iddia tələbində göstərdiyi qızıl-zinət əşyaları ilə bağlı qeyd edir ki, iddiaçı həmin əşyaların mövcudluğunu və ona məxsus olmasını bildirsə də, həmin əşyaların çəkisi, forması, qiyməti, onların cavabdehlərdə qalmasını və ona qaytarılmadığını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi. Həmçinin cavabdehlər iddia tələbini qəbul etməyərək onlarda iddiaçıya məxsus hər hansı qızıl əşyasının olmadığını bildirdilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi qızıl-zinət əşyalarının mövcudluğu və həmin əşyaların cavabdehlərdə qalması sübuta yetirilmir. Həmçinin, məhkəmə iddiaçının təqdim etdiyi fotoşəkillərə qiymət verərək bildirir ki, həmin fotoşəkillərdə iddiaçının üzərində zinət əşyalarının görünməsi və ona hədiyyə verilməsi barədə görüntülər hazırda cavabdehdən tələb edilən qızıl-zinət əşyalarının mövcudluğu, onların cavabdehdə qalması və qaytarılmaması anlamına gəlinməsi üçün kifayət etmir. Həmçinin məhkəmə iddiaçının anasından qalan əşyalar tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı anasından qalmış əşyaları tələb etsə də, həmin əşyaların nədən ibarət olmasını qeyd etməmiş və həmin əşyaların cavabdehlərdə qalmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia tələbini əsassız hesab edib onun təmin olunmaması qənaətinə gəlir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu, məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu və mediasiya xərci iddia tələbi təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları və digər əşyalar” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 62 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçı X2 aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-790/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-790/2024
27.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver