Məhkəmə qərarları › İş №2(042)-865/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-865/2025

12.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-865/2025 12.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə” ərizəsi üzrə mülki iş (açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, “Maraqlı şəxs yetkinlik yaşına çatmayan övladları - xx.xx.2021-ci il doğum tarixli X2, xx.xx.2022-ci il doğum tarixli X1 və xx.xx.2024-cü il doğum tarixli X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində bir uşağa görə 270 (iki yüz yetmiş) üç uşağa görə cəmi 810 (səkkiz yüz on) manat alimenti ödəməyi xx.xx.2025-ci- il tarixdən başlayaraq öz üzərinə öhdəlik götürür” şərtlərinin təsbit olunduğu o və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs onun həyat yoldaşıdır. Onunla aralarında rəsmi nikah pozulmasa da ailə münasibətləri pozulmuş və bir yerdə yaşamırlar. Övladları - xx.xx.2021-ci il doğum tarixli X4mn, xx.xx.2022-ci il doğum tarixli X1 və xx.xx.2024-cü il doğum tarixli X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün aliment tələbi ilə bağlı xx.xx.2025-ci il tarixdə mediasiyaya müraciət etmişdir. O və Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə baş tutmuş mediasiya prosesi nəticəsində MŞT/MT024/2025-0384 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən o və Maraqlı şəxs qeyd edilən qaydada razılığa gəlmişlər; “A) Maraqlı şəxs övladları- xx.xx.2021-ci il doğum tarixli X2, xx.xx.2022-ci il doğum tarixli X1 və xx.xx.2024cü il doğum tarixli X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində bir uşağa görə 270 (iki yüz yetmiş) üç uşağa görə cəmi 810 (səkkiz yüz on) manat alimenti xx.xx.2025-ci il tarixdən etibarən Ərizəçi ödəməyi öz üzərinə öhdəlik götürür.”, “B) Ərizəçi övladları - xx.xx.2021-ci il doğum tarixli X2, xx.xx.2022-ci il doğum tarixli X1 və xx.xx.2024-cü il doğum tarixli X3 ataları ilə mütəmadi olaraq ünsiyyətdə olmasına şərait yaratmağı öz üzərinə öhdəlik götürür.” Göstərilən şərtlərə dair o və Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin Maraqlı şəxs tərəfindən icra edilməli olan “A” bəndində nəzərdə tutulmuş şərti maraqlı şəxs icra etməkdən imtina edir. Bu səbəbdən də hüquqlarının müdafiəsi məqsədilə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Odur ki, qeyd olunan barışıq sazişinin maraqlı şəxs tərəfindən icra edilməli olan “A” bəndinin xüsusi icraat qaydasında baxılması və hüquqlarının təmin edilməsi barədə müvafiq yekun qərar qəbul olunması zəruridir. O və Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin Maraqlı şəxs tərəfindən icra edilməli olan “A” bəndində nəzərdə tutulmuş şərtlərin icrası üçün xüsusi müddətlər nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişində nəzərdə tutulmuş, xüsusi göstərilən müddət ərzində Maraqlı şəxs tərəfindən Sazişin “A” bəndində nəzərdə tutulmuş şərtin icrası istiqamətində addım atılmamışdır. Bu səbəbdən də hazırki ərizə ilə müraciət olunması məcburiyyəti yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Maraqlı şəxs məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsinə etirazının olmadığını bildirdi.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.

7. Belə ki, mülki iş materiallarında olan; - mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər, yəni Maraqlı şəxs və Ərizəçi razılığa gəldiyi mübahisənin həlli istiqamətində qəbul etdiyi şərtlər və həmin şərtlərin yerinə yetirilməsinin üsulu və müddətləri aşağıdakı kimidir; “1. Maraqlı şəxs övladları - xx.xx.2021-ci il doğum tarixli X2, xx.xx.2022-ci il doğum tarixli X1 və xx.xx.2024-cü il doğum tarixli X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində bir uşağa görə 270 (iki yüz yetmiş) üç uşağa görə cəmi 810 (səkkiz yüz on) manat alimenti xx.xx.2025-ci il tarixdən etibarən Ərizəçi ödəməyi öz üzərinə öhdəlik götürür.

2. Ərizəçi övladları - xx.xx.2021-ci il doğum tarixli X2, xx.xx.2022-ci il doğum tarixli X1 və xx.xx.2024-cü il doğum tarixli X3 ataları ilə mütəmadi olaraq ünsiyyətdə olmasına şərait yaratmağı öz üzərinə öhdəlik götürür.”

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; - 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. - 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. - 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. - 355-26.1-ci maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

9. Beləliklə, məhkəmə qeyd edir ki, Maraqlı şəxs ilə Ərizəçi mediasiya prosesində uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment öhdəliyi barədə razılığa gəlmişlər və barışıq sazişi imzalanmışlar. Lakin barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs saziş üzrə aliment öhdəliklərini yerinə yetirməmişdir.

10. Həmçinin barışıq sazişinin təsdiq edilməməsi üçün Azərbaycan Respublikasının MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur və maraqlı şəxs buna etiraz etmir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişi təsdiq edilməlidir.

V. Nəticə:

11. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi - “Maraqlı şəxs övladları - xx.xx.2021-ci il doğum tarixli X2, xx.xx.2022-ci il doğum tarixli X1 və xx.xx.2024-cü il doğum tarixli X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində bir uşağa görə 270 (iki yüz yetmiş) üç uşağa görə cəmi 810 (səkkiz yüz on) manat alimenti xx.xx.2025-ci il tarixdən etibarən Ərizəçi ödəməyi öz üzərinə öhdəlik götürməsi” - hissəsində təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar