Məhkəmə qərarları › İş №2(042)-89/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-89/2022

05.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-89/2022 05.01.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin alınıb ona verilməsi və avtomobilin onun adına qeydiyyatdan keçirilərək şəhadətnamə verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 23.000 (iyirmi üç min) manat ödəyərək mülki etibarnamə əsasında aldığı ** RJ *** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı “HYUNDAİ HD 72 YÜK markalı”, tip furqon refrejer, mühərrik D4DC73174226 olan avtomobilin cavabdehdən alınaraq ona təhvil verilməsi, həmin avtomobilin onun adına qeydiyyatdan keçirilərək şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı olaraq o, İddiaçı 2021-ci ilin iyul ayında Cavabdeh ona məxsus ** RJ *** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı "HYUNDAİ HD 72 YÜK markalı", tip furqon refrejer, mühərrik D4DC73174226 olan avtomobilin alınması üçün razılaşmış, bu səbəbdən də bankdan kreditə pul vəsaiti götürmüş və cavabdehə 23.000 (iyirmi üç min) manat pul vəsaiti vermişdir. Cavabdeh həmin gün avtomobili ona təhvil verməmişdir. Lakin cavabdeh təmirə ehtiyacı olan detalı olduğunu deyərək tezliklə onu düzəltdirib verəcəyini bildirmişdir. O, bir müddət gözləmiş və cavabdehdən avtomobili ona təhvil verilməsini tələb etmişdir. Hər dəfə onu aldadaraq vaxtı uzatmış, son razılaşmalarında isə cavabdeh avtomobili 19.10.2021-ci ildə mülki etibarnamə verərək avtomobili də təhvil verəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh etibarnaməni versə də avtomobili nədənsə verməmiş və axşam saat 22.00-a kimi təhvil verəcəyini bildirmişdir. Cavabdehlə həmin gün dəfələrlə əlaqə saxlasa da müxtəlif bəhanələr gətirərək avtomobili təhvil verməmişdir. Bütün bu səbəbdən də hüquqlarının qorunması və dəyərini cavabdehə verdiyi ** RJ *** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı “HYUNDAİ HD 72 YÜK markalı”, tip furqon refrejer, mühərrik D4DC73174226 olan avtomobilin alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiası təmin edilməli və cavabdehdən avtomobil alınaraq ona təhvil verilməli, eyni zamanda onun adına qeydiyyatdan keçirilərək şəhadətnamə verilməlidir. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəmə heç bir məlumat verməmişlər. Cavabdeh məhkəmə iclasında ərizə verərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini tələb etmişdir. Məhkəmə işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etdi və izahatında göstərdi ki, ** RJ *** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı “HYUNDAİ HD 72 YÜK markalı”, tip furqon refrejer, mühərrik D4DC73174226 olan avtomobil onun mülkiyyətindədir. Avtomobil hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu, “Dərnəgül” qəsəbəsində yaşayış evinin yaxınlığında dayanacaqda saxlayır. Onun Vergi orqanlarına 3000 manat borcu olduğuna görə, həmin avtomobilinin üzərinə həbs qoyulmuşdur. Onun, İddiaçı da 22800 manat borcu vardır. Borc əvəzi olaraq o avtomobilinə dair İddiaçıya etibarnamə vermişdir. Buna baxmayaraq, onu iddiaçının adına rəsmiləşdirə bilmir. Ona görə də, məhkəmə qaydasında avtomobilin iddiaçıya təhvil verilməsi və rəsmiləşdirilməsinə etiraz etmir. O, iddia tələbi ilə razıdır və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə cavabdehi dinləyib, işin faktiki hallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Gədəbəy rayonu, Çalburun kəndində qeydiyyatdadır. İşdə olan 19 oktyabr 2021-ci il tarixli, ƏN-İ №-li etibarnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri (alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq və s) bağlamağı, ona çatası pulu eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. İşdə olan AB 789622 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “** RJ ***” qeydiyyat nişanlı “HYUNDAİ HD-72 yük” markalı avtomobil Cavabdeh məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, İddiaçı ** RJ *** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı "HYUNDAİ HD 72 YÜK markalı", tip furqon refrejer, mühərrik D4DC73174226 olan avtomobilin ona hər hansı hüquqla məxsusluğunu, avtomobilin Cavabdeh sahibliyində qanunsuz olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmədə müəyyən olundu ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi cavabdehin xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən iddiaçıya etibarnamə verilmişdir ki, bu da iddiaçının mübahisəli nəqliyyat vasitəsinə hüquqlarının yaranması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 362.1.-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Göründüyü kimi, etibarnamə onu verən şəxsi təmsil etmək üçün verilir və etibar olunan üçün hər hansı hüquq yaratmır. İddiaçı isə cavabdehə məxsus avtomobilin onun adına rəsmiləşdirilməsi üçün təhvil verilməsini tələb edir. Məhkəmə, həmçinin cavabdehin iddia tələbini etiraf etməsi ilə əlaqədar məhkəmə iclasında verdiyi izahatında bildirdiklərinə qiymət verərək onu qeyd edir ki, bu etiraf hüquqa ziddir və üçüncü şəxslərin hüquqlarının pozulmasına səbəb olar. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmədə cavabdehin izahatı və digər sübutlarla müəyyən olundu ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi üzərinə vergi borcunun ödənilməsinin təmini üsulu kimi həbs qoyulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı Cavabdeh əmlak tələb etməsinə dair heç bir hüquqi əsas olmadığından, eləcə də cavabdehin etirafı qanunazidd olduğundan və üçüncü şəxsin hüquqlarını pozduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişlər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “avtomobilin alınıb ona təhvil verilməsi və avtomobilin adına qeydiyyatdan keçirilərək şəhadətnamə verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 159 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar