Məhkəmə qərarları › İş №2(043)-1074/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1074/2022

18.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1074/2022 18.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı «əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X4 ilə birlikdə aldıqları, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsi ərazi aidiyyəti pozulmaqla və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədən məhkəməyə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdehlərin hər ikisi, Cavabdeh1 və X3 Göygöl rayonu, Sarısu kəndində qeydiyyatdadır. İddiaçı ərizəsində cavabdehlərin mərhum ərinin atası və anası olduğunu göstərərək əri ilə birlikdə əldə etdiyi əmlakda payının müəyyən edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.06.2021-ci il tarixli qərarında göstərilir ki, ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Hazırkı tələb daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olmadığından bu tələbə müstəsna aidiyyət qaydaları tətbiq edilmir. Buna görə də hazırkı iddiaya cavabdehlərin qeydiyyat yeri üzrə məhkəmədə baxılmalıdır. Bununla yanaşı müəyyən edilir ki, iddiaçı iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Belə ki, iş materiallarında olan 16.03.2022-ci il tarixli aktdan görünür ki, iddia ərizəsinin qoşmasına yaşayış yerindən arayışın, dövlət rüsumu haqqında qəbzin, şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətinin əlavə olunduğu qeyd olunsa da ərizəyə həmin sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı «əmlakda payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar