Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1625/2021 20.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın bölünməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, analarından miras qalmış Gəncə şəhər Vəli Xuluflu küçəsi, ev 3, 35-də yerləşən 2 otaqlı mənzilin cavabdehdən alınması və əmlakın bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, anasının digər ərindən doğulmuş Cavabdeh ilə anasından miras qalmış Gəncə şəhər Vəli Xuluflu küçəsi, ev 3, mənzil 35-də qeydiyyatdadır. Anası dünyasını dəyişdikdən sonra evi vərəsəliklə ögey qardaşı Cavabdeh sənədləşdirib. O, uşaq olduğu üçün onun adına sənədləşdirmək mümkün olmamışdır. Uzun illərdir həmin ünvanda qeydiyyatda olsa da qardaşı Cavabdeh onu evə buraxmır. Ögey qardaşı evi satmalı və ona düşən payı qaytarmalıdır. Ancaq buna baxmayaraq o, nə onu evə buraxır, nədə ki, evi satıb bölmür, nədə ona ev alması üçün maddi kömək eləmir. Onunla bir mənzildə yaşamaları qeyrimümkündür. Buna səbəb ailəli olması, 2 uşağının olması və içki düşkünü olmasıdır. Mənzil isə iki otaqdan ibarətdir. Burada 5 adamın yaşaması mümkün deyil. O, düşünür ki, ev satılıb onların arasında bölünməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, onların anası 2003-cü ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra ondan iki otaqlı mənzil qalmışdır. Anasının vəfatından sonra ögey qardaşı Cavabdeh həmin vaxt onun yaşının az olmasından istifadə edərək, sənədlərə imzalatmaqla mənzili öz adına rəsmiləşdirmişdir. Hesab edir ki, onun həmin mənzildən pay hüququ vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, onların anası 2003-cü ildə ölmüşdür. Onun ölümündən sonra orderlə anasının istifadəsində olan Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 3, mənzil 35-də yerləşən mənzil İddiaçı da daxil olmaqla həmin ünvanda qeydiyyatda olan şəxslərin razılığı ilə onun adına özəlləşdirilmiş və tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İş materiallarına əlavə olunan Gəncə şəhəri İcra hakimiyyəti başçısının 243 nömrəli 25 sentyabr 2006-cı il tarixli sərəncamından görünür ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi 3 nömrəli binanın yaşayış sahəsi 29,2 kv.m olan 2 otaqlı 35 nömrəli mənzilinin şəxsi hesab vərəqəsi mərhum X1 adından oğlu Cavabdeh adına keçirilmişdir. Həmin sərəncamda ailə tərkibi kimi: özü – Cavabdeh, bacıları İddiaçı və X3 qeyd edilmişdir. İş materiallarında olan 12.03.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 3, mənzil 35 (yeni qaydalarla: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 245, M9, mənzil 1) xüsusi mülkiyyət hüququ ilə tam hissədə Cavabdeh mülkiyyətindədir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mübahisəli mənzil order əsasında tərəflərin mərhum anaları X1 istifadəsinə verilmişdir. Lakin o, ölən günə kimi mənzili öz adına özəlləşdirməmişdir. Onun ölümündən sonra mənzilin şəxsi hesab vərəqəsi oğlu - Cavabdeh adına dəyişdirilmiş, daha sonra isə cavabdeh həmin mənzili öz adına özəlləşdirmişdir. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən mübahisəli mənzilin analarından onlara qalmış miras əmlak olduğunu qeyd edərək, həmin mənzildən qanun üzrə vərəsə olaraq payının ayrılıb verilməsini tələb edir. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin maddənin mənasına görə, hər hansı əmlakın miras əmlak hesab edilməsi üçün miras qoyan öldüyü məqamda həmin əmlak onun mülkiyyətində olmalıdır. Hazırki işin müəyyən edilmiş faktiki hallarından isə görünür ki, mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən mənzil mərhum X2 öldüyü məqamda onun mülkiyyətində deyil, istifadəsində olmuşdur. Qəribə Abbasova öldükdən sonra həmin mənzil özəlləşdirilmiş və halhazırda cavabdehin mülkiyyətindədir. Mənzilin cavabdehin adına özəlləşdirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı və cavabdehin mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarış mübahisələndirilməmişdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normasını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ünvan 1 ünvanda yerləşən mənzil Qəribə Abbasova öldüyü məqamda onun mülkiyyətində olmadığından, həmin əmlak miras əmlak hesab edilə bilməz. Bu səbəbdən də, İddiaçı Cavabdeh qarşı “əmlakın bölünməsi” tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci olan 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “əmlakın bölünməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1625/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1625/2021
20.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver