Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1661/2021 03.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X14 iclas katibliyi, iddiaçı X2 və nümayəndəsi (vəkili) X1, Cavabdeh, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X2 Cavabdeh, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “əmlaka dair verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və paylı mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına qeydiyyata alınmış 23063 nömrəli, 23.03.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və sözügedən əmlaka dair İddiaçı 1/3 hissədə paylı mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X10 20.11.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından 11.02.2011-ci il təvəllüdlü X11 və 11.04.2013-cü il təvəllüdlü X15 adlı övladları anadan olmuşdur. Onlar ailə qurduqdan sonra, yəni 20.11.2009-cu ildən iddiaçı mübahisəli evə gəlin köçmüş, lakin ev ailənin yaşaması üçün yararsız vəziyyətdə olduğundan onun və valideynlərinin vəsaiti hesabına kütləvi təmir işləri aparılmış, evin sahəsi artırılmış və abadlaşdırılmışdır. Bundan sonra, mübahisəli evdə iki ailənin yaşaması mümkün olmuşdur. Onun evin formalaşmasında və abadlaşdırılmasında böyük əziyyəti vardır. Buna baxmayaraq Cavabdeh iddiaçıya həmin yaşayış sahəsindən pay verməməklə onun istifadə hüququnu məhdudlaşdırır. Gəncə şəhəri, 4-cü mikrorayon, ev 24, 40 nömrəli mübahisəli mənzil, Cavabdeh adına qeydiyyata alınmış 23063 nömrəli, 23.03.2004-cü il tarixli qeydiyyat vəsiqəsi məhkəmə tərəfindən etibarsız hesab olunmalı, onun sözügedən əmlaka dair 1/3 hissədə mülkiyyət hüququnun müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X9 və nümayəndəsi (vəkili) X4 iddia tələbini müdafiə edərək ərizədə göstərilənlərlə eyni məzmunlu izahatlar verərək, iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli mənzili alan zaman oğlu İsmayıl iddiaçı ilə ailə qurmamışdır. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 23063 nömrəli qeydiyyat vəsiqəsi ilə mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 24, 40 saylı mənzil Mənzili 2004-cü ildə öz vəsaiti hesabına almış, oğlu isə iddiaçı ilə 2009-cu ildə rəsmi nikaha daxil olmuşdur. O, həmin mənzili oğlu ilə birlikdə təmir etmişlər. O, iddianı əsassız hesab edərək məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında ifadə vermiş üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X16 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməsi üçün qanunvericilikdə göstərilmiş əsaslar mövcüd olmadığını bildirib, iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, AZ-İ seriyalı, 510032 nömrəli nikah haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, Cavabdeh İsmayılm oğlu ilə X19 arasında 21 noyabr 2009-cu il tarixdə nikah bağlanmışbu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 606 nömrə ilə qeyd edilmilşdir. Nikah bağlandıqdan sonra ərə Ələkbərov, arvada Ələkbərova soyadı verilmişdir. AZ-İİİ seriyalı, 063192 nömrəli, AZ-İİ seriyalı, 622108 nömrəli doğum haqqında şəhadətnamələrin əsli ilə üzləşdirilmiş surətlərindən görünür ki, 11 fevral 2011-ci il təvəllüdlü X12 və X8 valideynləri-atası X13, anası X5r. 23063 nömrəli, 23.03.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, , Gəncə şəhəri, 4-cü mikrorayon, ev 24, 40 nömrəli mənzil mülkiyyət hüququ əsasında Cavabdeh adına mülkiyyət hüququ əsasında 23.03.2004-cü il tarixdə qeydə alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 2(043)-2463/2020 nömrəli qətnamənin surətindən görünür ki, cavabdehlər X10, X17 və X8 Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 24, 40 nömrəli mənzilə istifadə hüquqlarının xitam verilməsi, cavabdeh X6 məxsus əşyalar-bir ədəd komod, 1ədəd qorka, 1 ədəd künclük dolabın Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 24, 40 nömrəli mənzildən çıxarılması və cavabdehlər X20 və X21 Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 24, 40 nömrəli mənzilə istifadə hüquqları itirilmiş hesab olunması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(104)-1667/2021 nömrəli qətnaməsindən çıxarışdan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 2(043)-2463/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 06.05.2021-ci il tarixli mənzilə dair arayışın və arxiv sənədlərinin surətlərinin təqdim edilməsi, üzərinə məhdudiyyətin qoyulması barədə məktubdan görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 25.02.2004-cü il tarixlin 31 saylı sərəncamı, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi 6 saylı Mənzil İstismar Sahəsinin 01.03.2004-cü il tarixli 57 saylı arayışı, Gəncə şəhər X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 01.03.2004-cü il tarixli 9 saylı qərarından çıxarışına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 24, 40 nömrəli mənzil X20 adına rəsmiləşdirilmişdir və ona 23063 nömrəli, 03.03.2004-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. 3 saylı notariat kontorunun 23.03.2004-cü il tarixli 4Ə- 1-55 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil Cavabdeh satılmışdır və ona 23063 nömrəli, 23.03.2004-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində deyilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsində deyilir ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə ilk öncə qeyd edir ki, mübahisəli mənzil Gəncə şəhər X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 01.03.2004-cü il tarixli 9 saylı qərarından çıxarışına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 24, 40 nömrəli mənzil X20 adına rəsmiləşdirilmişdir və ona 23063 nömrəli, 03.03.2004-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. 3 saylı notariat kontorunun 23.03.2004-cü il tarixli 4Ə-1-55 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil Cavabdeh satılmışdır və ona 23063 nömrəli, 23.03.2004cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. 20.11.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə iddiaçı X9 cavabdehin oğlu X10 ilə ailə qurmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 2(043)-2463/2020 nömrəli qətnaməsi ilə cavabdehlər X10, X17 və X8 Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 24, 40 nömrəli mənzilə istifadə hüquqlarının xitam verilməsi, cavabdeh X6 məxsus əşyalar-bir ədəd komod, 1ədəd qorka, 1 ədəd künclük dolabın Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 24, 40 nömrəli mənzildən çıxarılması və cavabdehlər X20 və X21 Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 24, 40 nömrəli mənzilə istifadə hüquqları itirilmiş hesab olunması qət edilmişdir. Məhkəmə hesab edir ki, 23063 nömrəli, 23.03.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi üçün əsas yoxdur, ümumiyyətlə hazır ki, iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-ci maddəsinin tələbləri baxımından təmin edilə bilməz. Göründüyü kimi, qeyd edilən mənzil mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınan vaxt iddiaçı X9 ilə hər hansı bir qohumluq və ya sövdələşməsi olmamış, iddiaçı qeydiyyat vəsiqəsinin etibarsızlığı ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə halda Cavabdeh adına qeyd edilən mənzilə dair aparılmış reyestrdə qeyd həqiqi hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141-ci maddəsində deyilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 11-ci maddəsində deyilir ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 16-cı maddəsində deyilir ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Cavabdeh adına qeyd edilən daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun yaranmasına əsas olmuş sənədlər ləğv və ya etibarsız hesab edilməyincə, daşınmaz əmlaka dair verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab edilməsi hüquqi cəhətdən düzgün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Azərbaycan Respublikası MMnin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Hazırki işdə isə qeydiyyata əsas olmuş sənədlər mübahisələndirilməsə də əqdin həqiqi olmaması üçün, yəni reyestrin məzmununun qeyridəqiqliyini sübuta yetirən Azərbaycan Respublikası MM-nin 140-cı maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanuna uyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçı qeydiyyat vəsiqəsinin hansı əsasla etibarsız hesab edilməsini iddia ərizəsində göstərməmiş, işə baxılarkən də etibarsızlıq üçün əsas olan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddələrində daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Məhkəmə iddia ərizəsində mübahisələndirilən Daşınmaz Əmlakın Dövlət Reyestrdən qeydiyyat vəsiqəsi verilərkən aparılmalı olan əməliyyatların qanunvericiliklə müəyyən edilmiş qaydalar çərçivəsində aparılması qənaətindədir. Belə ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 24, 40 nömrəli mənzil adına alqı-satqı müqaviləsi əsasında cavabdehin adına rəsmiləşdirilmiş, həmin daşınmaz əmlak qanuni əsaslarla tam mülkiyyət hüququ üzrə Cavabdeh adına sənədləşdirilmiş və həmin sənədlərin etibarsız hesab edilməsi üçün də hər hansı bir qanuni əsas yoxdur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Belə ki, iddiaçının vermiş olduğu izahatdan, eləcə də iş üzrə təqdim etdiyi sənədlərdən müəyyən edildi ki, qeyd edilən mənzilin alqı-satqısı, onun üzərində mülkiyyət hüququnun yaranması üçün zəruri olan sənədləşmənin aparılması, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zamanı tərəflər qanunvericiliyin tələblərinə uyğun olmayan və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmişlər. Mülki Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işin hallarına hüququ qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı iddiasının haqlı olduğunu sübut edən halları məhkəməyə təqdim edə bilməmişdir, məhkəmə qərarları ehtimallara əsaslana bilməz. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş sənədlərin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübut təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Şərh edilənlərə qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X2 Cavabdeh adına verilmiş Gəncə şəhəri Kəpəz rayonu, 4-cü mikrorayon, ev 24, 40 nömrəli mənzilə dair 23063 nömrəli, 23.03.2004-cü il qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və paylı mülkiyyət hüququnun müəyyən edilməsinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı X2 Cavabdeh və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “əmlaka dair verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və paylı mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev Əsli ilə düzdür: Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-1661/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1661/2021
03.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver