Məhkəmə qərarları › İş №2(043)-1712/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1712/2021

22.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1712/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 04 iyul 2016-cı il tarixdə vəfat etmiş X2 onların anaları olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 26 avqust 1969-cu ildə, maraqlı şəxs olan bacısı Maraqlı şəxs isə 03 fevral 1966-cı ilə anadan olmuşdur. Onların atası X5, anası X4 olmuşdur. X1 05 may 2011-ci ildə vəfat etmişdir. Atalarının işlədiyi Daşkəsən filiz kombinatda onun əmək haqqı qalmış, həmin vaxt işləmiş, lakin işlədiyi əmək haqqı tam həcmdə ona ödənilməmişdir. Atasının vəfatından sonra o atasının verdiyi etibarnamə əsasında onun əmək haqqından bir hissəsini almışdır. Hazırda həmin pulun onlara verilməsi üçün vərəsəlik şəhadətnaməsinin olmasının zəruriliyini bildirirlər. Lakin, anasının ölüm şəhadətnaməsində onun adının Qələnfir kimi qeyd edilməsi səbəbindən vərəsəlik şəhadətnaməsi ala bilmirlər. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi ərizəsinin məzmunundan görünür ki, ərizəçi ona məxsus doğum haqqında şəhadətnamədə anasının adı ilə ölüm haqqında şəhadətnamədə anasının adı fərqli göstərildiyinə görə, 04 iyul 2016-cı il tarixdə vəfat etmiş X2 onun və maraqlı şəxs olan bacısının anaları olması faktının müəyyən edilməsini xahiş etmişdir. Halbuki, ərizəyə əlavə edilmiş digər sənədlərlə (nikah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamələr, mərhumun özünün əlyazması ilə yazdığı ərizə və s.) müəyyən olunur ki, ərizəçinin anasının əsl adı X4 olmuşdur. Mərhumun ölüm haqqında şəhadətnaməsində isə onun adı səhvən “Qələnfir” kimi yazılmışdır. Ərizəçi “X3”nın onun anası olması faktının müəyyən edilməsini istəsə də, əslində həmin adda bir şəxs yoxdur və onun anasının əsl adı “Qənirə” olmuşdur. Belə olan halda, ərizənin hüququ var ki, o, anasının ölüm haqqında şəhadətnaməsində edilmiş qeydin (adın) düzəldilməsi ilə bağlı ilkin olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqana müraciət etsin. Həmin orqan onun müraciətindən imtina etdikdə isə ərizəçi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-in 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair hazırki ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə anasının ölüm haqqında şəhadətnaməsində olan qeydin düzəldilməsi ilə bağlı əvvəlcə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanına müraciət etmək, həmin düzəlişin edilməsindən imtina edildikdə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar