Məhkəmə qərarları › İş №2(043)-1862/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1862/2022

10.06.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1862/2022 10.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək onunla maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış birgə nikahlarından 03.02.2012-cı il tarixdə doğulmuş X2 və 15.03.2014-cü il tarixdə doğulmuş X1 onun yanında saxlanmaları və saxlanmaları üçün hər ay hər uşaq üçün yetkinlik yaşlarına çatana qədər 150 manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin ödənilməsi barədə 29.03.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs ilə 14.03.2014-cü il tarixdə nikahlarını qeydə alınaraq ailə qurmuşlar. Faktiki nikahdan övladları 03.02.2012-ci il təvəllüdlü X4 və birgə nikahdan 15.03.2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. Xasiyyətlərlərinin tutuşmaması nəticəsində nikahları Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 10.05.2022-ci il tarixli, 2(043)-1214/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Belə ki, məhkəmədən əvvəl uşaqların saxlanılması məsələsi ilə bağlı könüllü olaraq Mediatora müraciət edib müzakirə etmişlər. 29 mart 2022-ci il tarixdə cavabdehlə Barışıq sazişi imzalanaraq faktiki nikahdan anadan olmuş 03.02.2012-ci il təvəllüdlü X4 və birgə nikahdan anadan olmuş 15.03.2014-cü il təvəllüdlü X3 onun yanında qalmaları və Maraqlı şəxs 2022-ci ilin aprel ayından başlayaraq hər ayın 1-10 tarixləri arasında hər uşağa 150 manat olmaqla toplam 300 manat aliment ödəyəcəyinə dair razılıq əldə etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərdi ki, aliment ödəməy razıdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış 29.03.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflərin faktiki nikahlarından 03.02.2012-cı il tarixdə doğulmuş X2 və birgə nikahdan 15.03.2014cü il tarixdə doğulmuş X1 analarının yanında qalmalarına və onların yetkinlik yaşlarına çatana qədər Maraqlı şəxs hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması barədə razılığa gəlmişlər. AZ-İİ 870118 seriyalı və AZ-İİİ 290317 seriyalı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 03.02.2012-ci il tarixdə Vüsalə və 15.03.2014-cü il tarixdə Məhəmməd adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 10.05.2022-ci il tarixli, 2(043)-1214/2022 saylı qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 14.03.2014-cü il tarixdə Gəncə “Asan Xidmət Mərkəzi” qeydiyyat şöbəsində 300 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Məhkəmə ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki,“Mediasiya haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi-tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.(“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə 29.03.2022-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi qanuna zidd deyildir, habelə barışıq sazişi üçüncü şəxslərin hüquqlarına toxunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. MPM-in 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış, tərəflərin birgə nikahlarından doğulmuş 03.02.2012-ci il təvəllüdlü X2 və 15.03.2014-cü il təvəllüdlü X1 anaları Ərizəçi yanında qalmaları və Maraqlı şəxs onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment ödəməsi barədə 29.03.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar