Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3016/2021 06.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Ərizəçi “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə” dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasında kənar, tərəflərin iştirakı olmadan baxaraq, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, babası X1 ölüm şəhadətnaməsində yəni vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında ata adının düzgün yazılmamasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, xüsusi icraat qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Eyni zamanda həmin plenum qərarında qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, ərizəçinin babasının ölüm haqqında şəhadətnaməsində və vətəndaşlıq vəziyyəti aktında ata adı olan qrafalarda düzgün qeydiyyat aparılmamışdır. Gəncə şəhəri Kəpəz rayon Maraqlı şəxs ərizəçinin nümayəndəsinə ünvanladığı 17.07.2021-ci il tarixli, 73 nömrəli məktubda 1988-ci il tarixdə anadan olmuş və 03.07.1968-ci il tarixdə vəfat etmiş Abbas Məmmədovun ölüm haqqında şəhadətnaməsində ata adının “Kərim” olaraq düzəliş edilməsi səlahiyyətlərinə aid olmadığından ərizənin təmin edilməsi imkanlari xaricindədir. Göründüyü kimi, ərizədə və ona əlavə edilmiş sənədlərdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlərin mövcud olmaması göstərilməmiş, sadəcə həmin qeydlərdə düzəliş edilməsi səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1.-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, ərizədə göstərilən fakt o halda məhkəmə qaydasında müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir. Hazırda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər mövcud olduğundan, dövlət qeydiyyatı kitabında olan yanlışlıq və ya uyğunsuzluq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən aradan qaldırıla bilər. Həmçinin izah olunur ki, ərizəçi həmin yanlışın aradan qaldırılması üçün müvafiq icra hakimiyyətinə müraciət etməli, əgər həmin orqan yalnışlığın aradan qaldırılmasından imtina etsə, həmin orqanın qərarından və hərəkətlərindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə isə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizənin yolverilməzliyinə görə məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldım: Ərizəçi “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə” dair ərizənin qəbul edilməsindən imtina olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-3016/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3016/2021
06.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver