Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3550/2020 26.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş X1 xx xxxx 1979-cu ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X4 xx xxx 2020-ci ildə vəfat etmişdir. Anasının vəfatı ilə əlaqədar vərəsəliyin müəyyən edilməsi ilə məşğul olarkən müəyyən olmuşdur ki, xx xxxx 1979-cu il tarixdə 6 aylıq ikən vəfat etmiş xx.xx.1979-cu ildə anadan olmuş X1 ölüm qeydi yoxdur. X3 1979-cu ilin iyun ayında xəstəlikdən vəfat etmişdir. Mərhum qardaşını anasının ata yurdu olan Tovuz rayonunun Ağdam kəndində dəfn etmişlər. Həmin vaxt kənd qəbirstanlığında 6 aylıq uşağın ölümü barədə ölüm şəhadətnaməsi tələb edilmədiyindən qardaşının ölümü barədə şəhadətnamə alınmamışdır. O Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə X1 ölüm qeydinə dair arayış verilməsi barədə müraciət etmişdir. Oradan ona cavab verilmişdir ki, X1 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Hazırda anasından miras qalmış əmlaka dair vərəsəliyini müəyyən etdirmək istəyir. Lakin X1 ölümü haqqında həmin vaxt Qeydiyyat şöbəsində ölümlə bağlı qeydiyyat aparılmadığı üçün o vərəsəliyini müəyyən etdirə bilmir. Ona görə də məhkəmə qaydası ilə xx.xx.1979-cu ildə anadan olmuş X1 xx xxxx 1979-cu ildə ölməsi faktı təsdiq edilməlidir. Həmin faktı məhkəmədən kənar qaydada təsdiq etdirmək mümkün deyildir. Mərhum X1 ölüm sənədini başqa qaydada ala bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. X1 xx xxxx 1979-cu ildə 6 aylıq olarkən ölməsini və Tovuz rayonunun Ağdam kəndindəki qəbiristanlığında dəfn olunmasını məhkəməyə dəvət edəcəyi şahidlər təsdiq edəcəklər. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, mərhum X1 ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi məhkəməyə məktub göndərərək, mülki iş üzrə rəy və etirazlarının olmadığını, qanuna müvafiq qərar qəbul edilməsini və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, iddiaçı və onun ailəsi ilə 1979-cu ildən qonşu olmuşdur. X2 ilə X9 ər-arvad olmuş, xx.xx.1979-cu il təvəllüdlü Əfsun adında bir oğlan uşaqları doğulmuş, uşaq doğulduğu vaxtdan ürək qüsuru olmuş və altı aylığında rəhmətə getmiş, Tovuz rayonunun Ağdam kənd qəbiristanlığında dəfn olunmuşdur. O özü həmin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, əvvəllər iddiaçı və onun ailəsi ilə qonşu olmuşdur. X2 ilə X9 ər-arvad olmuş, xx.xx.1979-cu il təvəllüdlü Əfsun adında bir oğlan uşaqları doğulmuş, uşaq doğulduğu vaxtdan ürək qüsuru olmuş, altı aylığında rəhmətə getmiş və Tovuz rayonunun Ağdam kənd qəbiristanlığında dəfn olunmuşdur. O özü həmin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdir ki, X2 onun arvadı olmuş və birgə nikahlarında xx.xx.1979-cu il təvəllüdlü Əfsun adında bir oğlan uşaqları doğulmuşdur və uşaq doğulduğu vaxtdan ürək qüsuru olmuş, həkim uşağın bir yaşa çatdıqdan sonra əməliyyat edəcəyini ona bildirmişdir, lakin xx.xx.1979-cu il təvəllüdlü Əfsun adında bir oğlan uşaqları altı aylığında Tovuz rayonunun Ağdam kəndində rəhmətə getmiş və həmin kəndin qəbiristanlığında dəfn olunmuşdur. Həmin vaxtda kənd qəbirstanlığında 6 aylıq uşağın ölümü barədə ölüm şəhadətnaməsi tələb edilməmiş və bu səbəbdən də mərhumun adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Bundan sonra iş üzrə ərizəçi olan oğlu Ramil doğulmuşdur. İş materiallarına əlavə olunmuş 25.019.2020-ci il tarixli, Vİ JQ 345830 nömrəli arayışdan görünür ki, X8 xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, bu barədə xx.xx.1979-cu ildə akt 586 kitabında qeydiyyat aparılmışdır. X5 atası X9, anası X4 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 884 nömrəli məktubundan görünür ki, ərizədə göstərilən məlumata əsasən ölümünün müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə və şöbənin arxivində yoxlama aparılmış vətəndaş X5 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, AZ-İİ 096055 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx xxx 2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında qeydləri kitabında xx.xx.2020-ci il tarixində 163 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, 05/2-1-20/15 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2020ci ilədək daxil edilmiş məlumatlar öyrənilərkən Əfsun İsmayılovun ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. İş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, xx.xx.1979-cu il təvəllüdlü X8 xx xxxx 1979-cu il tarixdə Tovuz rayonunun Ağdam kəndində ölmüş və həmin kəndin qəbristanlığında dəfn edilmişdir. Həmin vaxtda kənd qəbirstanlığında 6 aylıq uşağın ölümü barədə ölüm şəhadətnaməsi tələb edilməmiş və bu səbəbdən də mərhumun adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun qardaşı olan ərizəçiyə vərəsəlik üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, X5 ölməsi faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X5 ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X5 xx xxxx 1979-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə, Ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3550/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3550/2020
26.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver