Məhkəmə qərarları › İş №2(043)-51/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-51/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-51/2020 23.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, iddiaçı Bank «xxxx» Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Bank «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Bank «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2011-ci il tarixli, 113 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləs üzrə xx.xx.2018-ci il tarixə olan 25154.55 (iyirmi beş min yüz əlli dörd manat əlli beş qəpik) manat əsas borcun, 2027.25 (iki min iyirmi yeddi manat iyirmi beş qəpik) manat faiz borcu olmaqla, cəmi 27181.8 (iyirmi yeddi min yüz səksən bir manat səksən qəpik) manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və 0.40 manat bank xidməti haqqının, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsümünün və 20 manat xidmət haqqının cavabdehdən alınaraq xeyrlərinə ödənilməsi, tutmanın xx xxxx 2011-ci il tarixli ipoteka müqaviləsi üzrə tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, X7 küçəsi, 3-cü döngədə yerləşən 0,0265 ha torpaq sahəsi ilə birlikdə 6 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcunun əsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə qalan borcun ümumi qaydada Cavabdeh1 tutulması, həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh3 fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı Bank «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək cavabdehlərdən Cavabdeh3 cavabdeh qismindən çıxarılmasını xahiş etdi. MPM-in 53-cü maddəsinə əsasən Cavabdeh3 cavabdeh qismindən çıxarılmışdır. Məhkəmə iclasında iddiaçı Bank «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, izahatında göstərdi ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2011-ci il tarixli 113 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə Gəncə şəhəri, Kəpəz rayonu, X7 küçəsi, 3-cü döngə, 6 ünvanında yerləşən fərdi yaşayış evinin alınması məqsədi ilə 240 (iki yüz qırx) ay müddətinə illik 8 (səkkiz) faiz ödəmək şərti ilə 30.400 (otuz min dörd yüz) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində alqı-satı ilə Cavabdeh1 mülkiyyətinə keçən Gəncə şəhəri, Kəpəz rayonu, X7 küçəsi, 3-cü döngə, 6 ünvanda yerləşən fərdi yaşayış evi 0,0265 ha torpaq sahəsi ilə birlikdə xx xxxx 2011ci il tarixli 113 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka qoyulmuşdur. Fərdi yaşayış evinin satış qiyməti 38.000 (otuz səkkiz min) manat olmuş ondan 7.600 (yeddi min altı yüz) manatı alıcı-ipoteka qoyan Cavabdeh1 tərəfindən, 30.400 (otuz min dörd yüz) manatı isə bank tərəfindən ödənilmişdir. Kredit müqaviləsi üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 254,28 manat məbləğində bərabər hissələrlə ödənilməlidir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. xx xxxx 2016-cı il tarixdə X3 Palatasının müvafiq qərarına əsasən “xxxx” ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank “xxxx” ASC arasında imzalanmış xx xxx 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq xx xxxx 2016- cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün “xxxx” ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank “xxxx” ASC-yə təhkim edilmişdir. Bu barədə, cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, maddi imkanı olmadığından ödənişləri vaxtı-vaxtında ödəyə bilməmişdir.2018-ci ilə qədər ödəniş etmişdir. Qalan borcunu hissə-hissə ödəməyə etiraz etmir.İddianın təmin olunmamasını xahiş etdi. Digər Cavabdeh2 qızına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsini səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdeh Cavabdeh2 qızının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2011-ci il tarixli 133 saylı kredit müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 8 faiz olmaqla 240 ay müddətinə 30400 manat məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il tarixli 113 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətinə keçən Gəncə şəhəri, Kəpəz rayonu, X7 küçəsi, 3-cü döngədə 0,0265 ha torpaq sahəsində yerləşən 6 nömrəli fərdi yaşayış evi 38000 (otuz səkkiz min) manata qiymətləndirilməklə xx.xx.2011-ci il tarixli 133 saylı kredit müqaviləsinin təminatı olaraq banka ipoteka qoyulmuşdur. xx.xx.2011-ci il tarixli 133 saylı kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 kredit götürdüyü 30400 manatı illik 8 faiz dərəcəsi ilə 240 ay müddətinə hər ay 254,28 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Gəncə şəhər 1 saylı dövlət Notariat Ofisi tərəfindən təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, X7 küçəsi, 3-cü döngə, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin əri Cavabdeh1 tərəfindən alınmasına və ipotekaya qoyulmasına etiraz etməmiş, kredit və ona hesablanmış faizlərin ödənilmədiyi halda həmin evi qeyd-şərtsiz tərk etməyi öz öhdəsinə götürmüşdür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MA № ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2011-ci il tarixli, çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X7 küçəsi, 3-cü döngə, ev 6 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0265 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh1 tam mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MA № ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2011-ci il tarixli, çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X7 küçəsi, 3-cü döngə, 6 nömrəli fərdi yaşayış evi və 0,0265 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixli 113 saylı kredit müqaviləsinin təminatı kimi 240 ay müddətə “xxxx” SKB-ın xeyrinə yüklü edilərək bu barədə daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyat aparılmışdır. xx xxxxxxxx 2011-ci il tarixli GB-İP000143 nömrəli ipoteka kağızının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, “xxxx” SKB 30141,03 manat məbləğində kredit borcunu indossament qeydinə əsasən Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fonduna (bundan sonra-xxxx) ötürmüşdür. xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 25154,55 manat əsas, 2027,25 manat faiz borcu olmaqla cəmi 27181,8 (iyirmi yeddi min yüz səksən bir manat 80 qəpik) manat kredit borcu vardır. Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında Cavabdeh1 bildiriş verilmişdir. Tutmanın ipoteka pretmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizədən görünür ki, ərizə xx xxx 2018-ci ildə DƏDRX-in 3 saylı X6 qeydə alınmışdır. xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1 borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, ləğv prosesində olan “xxxx” ASC tərəfindən xxxx-i vəsaiti hesabına verilmiş ipoteka, o cümlədən güzəştli ipoteka kreditləri üzrə tələb hüquqları ipoteka kağızlarına edilmiş indossament qeydinə əsasən «xxxx» ASC-yə ötürülmüşdür. Qeyd olunan ipoteka kreditləri üzrə tələb hüquqları «Bank «xxxx» ASC vasitəsi ilə həyata keçirilir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsaslarından biri də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və ya satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka Haqqında» Qanunun 39.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmənin həll etdiyi məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətidir. Göründüyü kimi tərəflər arasında ipoteka ilə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulun bir hissəsini ödəməklə, öhdəliyi tam icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-cı maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə müəyyən olunmuş halları araşdırıb, sübutlara tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 113 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 xx.xx.2011-ci il tarixli, 113 nömrəli kredit müqaviləsi üzrə 25154,55 manat əsas, 2027,25 manat faiz borcu olmaqla cəmi 27181,8 (iyirmi yeddi min yüz səksən bir manat 80 qəpik) manat kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqı tutularaq Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməli, tutma xx.xx.2011-ci tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz Rayonu, X7 küçəsi, 3-cü döngədə yerləşən 0,0265 ha olan torpaq sahəsi ilə birlikdə 6 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. İlkin satış qiyməti 38000 (otuz səkkiz min) manat müəyyən edilməlidir. Tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş vəsait hesabına Cavabdeh1 xx.xx.2011-ci il tarixli, 113 nömrəli kredit müqaviləsi üzrə banka olan borcu ödənilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadığı təqdirdə qalan borc Cavabdeh1 ümumi qaydada tutulmalıdır. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılmalıdır. Həmin əmlaka tutma yönəldikdə və hərracda satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1 fərdi yaşayış evindən istifadə hüququna xitam verilməli və və fərdi yaşayış evi boşaldılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 113 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 xx.xx.2011-ci il tarixli, 113 nömrəli kredit müqaviləsi üzrə 25154,55 manat əsas, 2027,25 manat faiz borcu olmaqla cəmi 27181,8 (iyirmi yeddi min yüz səksən bir manat 80 qəpik) manat kredit borcu ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqı, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Tutma xx.xx.2011-ci tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz Rayonu, X7 küçəsi, 3-cü döngədə yerləşən 0,0265 ha olan torpaq sahəsi ilə birlikdə 6 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın və ilkin satış qiyməti 38000 (otuz səkkiz min) manat müəyyən edilsin. Tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş vəsait hesabına Cavabdeh1 xx.xx.2011-ci il tarixli, 113 nömrəli kredit müqaviləsi üzrə olan borcu ödənilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadığı təqdirdə qalan borc Cavabdeh1 ümumi qaydada alınsın. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılsın. Fərdi yaşayış evinə tutma yönəldikdə və hərracda satıldıqdan sonra Cavabdeh1 ən geci bir ay ərzində fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin və ev boşaldılsın. Qətnamə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar