Məhkəmə qərarları › İş №2(043)-602/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-602/2022

02.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-602/2022 02.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi, nikah dövründə əldə edilmiş əmlakın ikidə bir hissəsinə payın müəyyən edilməsi və vurulmuş zərərin əvəzinə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mülkə həbs qoyulması, 08 aprel 2009-cu il tarixli notarial müqavilənin və həmin müqavilə əsasında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən Cavabdeh2 adına verilmiş çıxarışın ləğv olunması, nikah dövründə əldə etdikləri əmlakın ikidə bir hissəsinə payının müəyyən edilməsi və vurulmuş zərərin əvəzinə kompensasiyanın cavabdehlər tərəfindən ona kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməmiş, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsində üç cavabdeh və iki ünvan göstərilmiş, lakin həmin ünvanlardan hansının hansı cavabdehə aid olması göstərilməmişdir. Beləliklə təqdim edilmiş məlumatlara əsasən cavabdehlərin yaşayış ünvanlarının müəyyən edilməsi mümkün deyildir. Həmçinin, iddiaçı iddia tələbində mübahisəli əmlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, həbsin qoyulması iddia tələbi hesab oluna bilməz və bunun üçün iddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə ayrıca müraciət etməlidir. İddiaçı bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi, nikah dövründə əldə edilmiş əmlakın ikidə bir hissəsinə payın müəyyən edilməsi və vurulmuş zərərin əvəzinə kompensasiyanın ödənilməsiın xahiş etmiş, lakin iddianın qiymətini göstərməmiş, qiymətləndirilməyən iddia üçün dövlət rüsumu ödəmişdir. Payların bölünməsi və kompensasiya tələb edilməsi barədə iddia qiymətləndirilən iddia olduğundan, iddiaçı hər bir cavabdehdən hansı miqdarda və yaxud kompensasiyanın cavabdehlərdən müştərək qaydada tutulmasını, ümumiyyətlə kompensasiyanın məbləğini göstərməmişdir. Bu isə iddianın qiymətinə təsir edir. Çünki, belə iddia qiymətləndirilən iddia olmasına baxmayaraq iddiaçı qiymətləndirilməyən iddia üçün rüsum ödəmişdir. Belə ki, iddiaçı ilk öncə iddianın qiymətini göstərməli, həmin qiymətə mütənasib olaraq da dövlət rüsum ödəməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu ödənilir. Digər tərəfdən iddiaçı iddia ərizəsində cavabdehlərdən Cavabdeh1 tərəfindən aldadılaraq bağışlama müqaviləsinin bağlanması üçün ondan razılıq alındığını bildirmiş, lakin iddia tələbində cavabdehlərin hamısından ona kompensasiya ödənilməsini tələb etmişdir. Digər cavabdehlərdən kompensasiyanın tələb edilməsinin faktiki əsasları iddia ərizəsində göstərilməmişdir. Eyni zamanda iddiaçı qeyri-müəyyən tələb irəli sürərək kompensasiyanın ödənilməsi üçün vurulmuş zərərin həcmi, eləcə də tələb etdiyi kompensasiyanın məbləği barədə əsaslandırma aparmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.5-ci maddəsinə əsasən isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263,264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi, nikah dövründə əldə edilmiş əmlakın ikidə bir hissəsinə payın müəyyən edilməsi və vurulmuş zərərin əvəzinə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar