Məhkəmə qərarları › İş №2(043)-836/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-836/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-836/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 nümayəndəsi (vəkili) X4 iştirakları ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə cavabdehlər arasında 16 mart 2010-cu il tarixli 44 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehlərə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin alınması üçün 180 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1, xxxx ASC və satıcı X5 arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və ünvan 1 ünvanda 0,0465 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 477,83 manat məbləğində bərabər hissələrlə ödənilir. Borcalan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda növbəti aylıq ödənişlərin məbləği kredit müqaviləsinin şərtlərinə uyğun olaraq azaldıla bilər. Cavabdeh öz öhdəliklərini pozaraq ödənişlərin müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmişdir. Cavabdehin 03.12.2020-ci il tarixə olan əsas borcu 13032,09 manat, faiz borcu 2229,47 manat, dəbə pulu borcu 30,4 manat təşkil edir. 22 iyul 2016-cı il tarixdə xxxx ASC-nin lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə xxxx ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün “xxxx” ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri “xxxx” ASC-yə təhkim olunmuşdur. Göstərilənlərə əsasən “xxxx” ASC ilə cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 arasında bağlanmış 06.01.2011-ci il tarixli 86 saylı kredit müqaviləsinin ləğv edilməsi, 14271,69 manat əsas borc, 892,96 manat faiz borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat, bank xidməti haqqı 0,40 manat, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə 0,0465 ha torpaq sahəsi ilə birgə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, kredit borcunun satışdan əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, “xxxx” ASC hazırkı tələb üzrə hüquqlarını ipoteka kağızında edilmiş indossament qeydi ilə Azərbaycan İpoteka Fondu ASC-yə, o isə həmin hüquqları “xxxx” ASC-yə güzəşt etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə nəzərdə tutulmuş aylıq ödənişlərdən artıq məbləğdə ödəniş etdiyi üçün onun ödəniş qrafikinə dəyişiklik edilmiş və ödəniş müddəti qısaldılmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən borcalan tərəfindən artıq ödəniş edildikdə borcalanın arzusu ilə ilkin kredit müddəti saxlanılmaqla annuitet ödəniş məbəği azaldıla bilər və ya ilkin annuitet ödəniş məbləği saxlanılmaqla kreditin ödəniş müddəti qısaldıla bilər. Cavabdeh bu şərtlərdən hər hansı birinin tətbiq edilməsi ilə bağlı banka müraciət etməmiş, bankla cavabdeh arasında əlavə razılaşma imzalanmamışdır. Buna baxmayaraq müqaviləyə uyğun olaraq bank tərəfindən kredit müddəti qısaldılmışdır. Belə olan halda cavabdeh annuitet ödəniş məbləği dəyişmədən ödənişləri etməyə davam etməli və daha qısa müddət ərzində krediti bağlamalı idi. Lakin cavabdeh öhdəliklərinin icrasını dayandırmış və ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X8 iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh1 nəinki öhdəliyin icrasını gecikdirmiş, əksinə bir neçə dəfə kifayət qədər böyük məbləğlər ödəyərək ödəniş qrafiki üzrə nəzərdə tutulan vaxtdan əvvəl ödənişləri həyata keçirmişdir. Ödəniş qrafiki üzrə baxılarsa cavabdehin 03.12.2020-ci il tarixə kredit borcunun qalığı 20600,18 manat olmalıdır. Hətta işə baxılan günə olan qalıq borc məbləği də tələb edilən məbləğdən azdır. Hazırda tələb edilən məbləğin qalıq borc məbləğindən xeyli az olması nəzərə alınarsa cavabdehin ödənişləri gecikdirmədiyi aydın surətdə görünür. Cavabdeh ödənişi edərkən ondan ödənişin qəbul edilməsindən imtina olunmamış, eləcə də ona kredit müddətinin və ya məbləğinin azaldılması təklif edilməmişdir. Cavabdehin gəliri sabit olmadığından imkan düşən kimi artıq ödəmələr etmişdir ki, ödəmələrində gecikmələr yaranmasın. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: 16.03.2010-ci il tarixli 44 nömrəli kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh1 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin alınması üçün 180 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir. 16.03.2010-cu il tarixli 44 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanda 0,0465 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətinə keçmiş və 16.03.2010-cu il tarixli 44 nömrəli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. 20.04.2010-cu il tarixli seriya MA ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan məlum olur ki, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 21 aprel 2010-cu il tarixdə tərtib edilmiş GBİP № 000049 saylı ipoteka kağızının notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, Cavabdeh1 özünə məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini 16.03.2010-cu il tarixli 44 nömrəli kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin ipoteka kağızında aparılmış 03 iyun 2010-cu il tarixli indossament qeydinə əsasən “xxxx” ASC ipoteka kağızı üzrə 49519,37 manat məbləğində tələb hüququnu Azərbaycan İpoteka Fonduna vermişdir. İpoteka kağızında 29.11.2019-cu il tarixli indosament qeydinə əsasən Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondu ipoteka kağızı üzrə 13466,63 manat məbləğində tələb hüququnu xxxx ASC-yə vermişdir. 31.07.2018-ci il tarixli və 19.11.2018-ci il tarixli bidirişlərdən məlum olur ki, cavabdehə “xxxx” ASC tərəfindən borcunun ödənilməsi haqqında xəbərdarlıq edilmişdir. 13.12.2018-ci il tarixdə “xxxx” ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ərizə ilə müraciət edilərək 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmiş, həmin tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Məhkəmə öhdəliyin icrasının cavabdeh tərəfindən pozulub-pozulmadığının müəyyən edilməsi üçün 16 mart 2010-cu il tarixli kredit müqaviləsinin bəzi bəndlərinə diqqət yetirməyi zəruri hesab edir. Müqavilənin 3.1.5-ci bəndində Kreditorun müqaviləyə vaxtından əvvəl birtərəfli xitam vermək və verdiyi kreditin həmin vaxtadək hesablanmış faizlərlə birlikdə qaytarılması və dəbbə pulunun ödənilməsi hüququnun yarandığı hallar qeyd edilmişdir. Həmin hallar arasında kredit müqaviləsi üzrə ödənişin vaxtından əvvəl icra edilməsi nəzərdə tutulmamışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki ilə müəyyən olunmuş müvafiq ödəniş məbləğindən artıq ödəniş o zaman qəbul edilir ki, artıq ödəniş məbləği Borcalanın ipoteka krediti üzrə annuitet ödəniş məbləğinin 20%-dən az olmasın. Bu zaman artıq ödənilmiş məbləğ kredit üzrə əsas borc qalığında nəzərə alınmaqla Borcalanın arzusu ilə ilkin kredit müddəti saxlanılmaqla annuitet ödəniş məbləği azaldılır və ya ilkin annuitet ödəniş məbləği saxlanılmaqla kreditin ödəniş müddəti qısaldılır. Müqavilənin 5.3-cü bəndinə əsasən Borcalanın ödəniş qrafikində nəzərdə tutulmuş məbləğdən artıq ödəniş aparması onu növbəti aylar üçün ödənişlərdən tam və ya qismən azad etmir. Müqavilənin 7.5-ci bəndinə əsasən bu müqaviləyə əlavə, dəyişikliklər və düzəlişlər tərəflər arasında yazılı sazişin bağlanması yolu ilə həyata keçirilir. Göründüyü kimi müqavilənin 5.2-ci bəndində açıq surətdə göstərilir ki, borcalan artıq ödəniş etdikdə onun arzusu ilə ödəniş məbləği və ya kredit müddəti azaldıla bilər. Annuitet ödəniş məbləği və kredit müddəti müqavilənin şərtlərinə aid olduğundan müqavilənin 7.5-ci bəndinə uyğun olaraq bu şərtlərin dəyişdirilməsi yalnız tərəflərin yazılı sazişi ilə mümkündür. Belə bir saziş isə tərəflər arasında bağlanılmamışdır. 16 mart 2010cu il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, kreditin ödənilməsi müddəti 01.04.2010-cu il tarixdən 01.03.2025-ci il tarixədək müəyyən edilmiş, birinci (288,94 manat) və sonuncu (476,51 manat) istisna olmaqla aylıq 477,83 manat ödənilməsi nəzərdə tutulmuşdur. Qrafik üzrə 01.12.2020-ci il tarixə cavabdehin qalıq borcu 20600,18 manat təşkil etməlidir. Belə olan halda cavabdehin öhdəliyin icrasını gecikdirmədiyi, əksinə artıq ödəniş etdiyi, tərəflər arasında ödəniş məbləği və ya kredit müddətinin azaldılması barədə əlavə razılaşma olmadığı müəyyən edilir. Məhkəmə kredit müqaviləsinin 5.3-cü bəndi ilə bağlı qeyd edir ki, həmin bənd kredit müqaviləsinin ümumi məzmununa, həmin müqavilənin 5.2-ci bəndinə uyğun olmadığı və icra edildiyi təqdirdə kreditorun əsassız varlanmasına gətirib çıxardığı üçün etibarsızdır. Belə ki, qrafikdə nəzərdə tutulmuş məbləğdən artıq miqdarda ödəniş edilməsinə, bunun nəticəsində isə müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuş dəyişikliklərdən hər hansı birinin edilməməsinə baxmayaraq borclunun növbəti aylar üçün qrafik üzrə ödənişləri tam həcmdə etməli olması artıq ödənilmiş məbləğin əsassız olaraq kreditin mülkiyyətinə keçməsinə səbəb olacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Həmin Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Həmin Məcəllənin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Aydındır ki, kredit müqavilələri krediti təklif edən tərəfindən hazırlanır və təqdim olunur. Hazırkı kredit müqaviləsi də standart kredit prosedura daxilində ləğv prosesində olan “xxxx” ASC tərəfindən tərtib edilmiş və cavabdehə təqdim edilmişdir. Cavabdehin yaşayış sahəsi əldə etmək üçün ipoteka krediti almış fiziki şəxs olması nəzərə alındıqda onun müqavilənin bu şərtinin mahiyyətini anlaması və qəbul etməsi mümkün görünmür. Digər tərəfdən son nəticədə əldə edən üçün geri qaytarmaq vəzifəsi yaradan əsassız varlanmaya gətirib çıxaran müqavilə şərtinin etibarlı hesab edilməsi mülki qanunvericiliyin prinsiplərinə ziddir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 16 mart 2010-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri pozmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 739.3-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 428-ci maddəsinə əsasən əgər kreditor icranı almaqdan üzrlü səbəbə görə imtina etməzsə, borclu öhdəliyi vaxtından əvvəl icra edə bilər. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. Əgər icra vaxtı müəyyənləşdirilibsə, şübhələr yarandıqda ehtimal edilir ki, kreditor həmin müddətə qədər tələbin icrasını tələb edə bilməz, borclu isə öhdəliyi vaxtından əvvəl icra edə bilər. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Göründüyü kimi mülki qanunvericilikdə öhdəliyin borclu tərəfindən vaxtından əvvəl icrasına (sahibkarlıq fəaliyyətinin subyektləri istisna olunmaqla) heç bir məhdudiyyət qoyulmamışdır. Eyni zamanda məhkəmə iddiaçının nümayəndəsinin kredit müddətinin bank tərəfindən birtərəfli qaydada qısaldılması barədə izahatına əsasən bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Bu baxımdan bank tərəfindən kredit müddətinin birtərəfli qaydada dəyişdirilməsi üçün nə müqavilə üzrə nə də qanun üzrə əsas müəyyən edilməmişdir. Eləcə də nə borcluya, nə də məhkəməyə kredit müddətinin qısaldılmasını təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Buna görə də kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və iddiaçının buna bağlı olan digər tələbləri, yəni kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və mənzilin boşaldılması tələbləri əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar