Məhkəmə qərarları › İş №2(043)-843/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-843/2022

26.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-843/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “qızıl-zinət, cehiz və ev əşyaları tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona məxsus 9600 manat dəyərində qızıl-zinyət əşyalarının, 11763 manat dəyərində cehizlik əşyalarının, 4258 manat dəyərində ev əşyalarının və ya həmin əşyaların dəyəri olan cəmi 25621 manat pulun və ödənilmiş 167 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1997-ci ildə mərhum əri X14 ilə evləndikdən sonra, onun anasına məxsus Samux rayonu, Sərkar kəndində yerləşən evə gəlin köçmüş və orada rəsmi qeydiyyata düşmüşdür. 2013-cü ilə qədər qaynanası X2 ilə birlikdə yaşamışlar, əri Xəlilov Zahir vəfat etmiş, 05.03.2020-ci il tarixdə yaşadıqları evi bağlayıb, bir həyətdə yaşadıqları qaynı Mahirə evə nəzarət etməyi tapşırıb, RF-na getmişlər. Cavabdeh baldızı, Cavabdeh1 2-ci Qarabağ müharibəsi zamanı, Gəncə şəhərinə atılan raket zərbəsindən qorxaraq Mahirdən ata evində müvəqqəti məskunlaşmaq üçün icazə istəmiş, o isə onun razılığının olmasını bildirmişdir. Əvvəlcə Mahirə vəziyyət sakitləşdikdən sonra öz evinə Gəncəyə qayıdacağını bildirib. Mahir də yenə razı olmayıb. O evin qıfılını sındırıb evə daxil olmuş və evdən də sonralar çıxmaqdan imtina etmişdir. Onların evdən çıxarılması barədə polisə müraciət etsə də, polis cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarmış və evin mərhum qayınanasının adına olduğu üçün, məhkəməyə mülki qaydada müraciət etməsi tövsiyə edilmişdir. Cavabdehlər, Qətibə, oğlu Ruslan, qızı Həcər ilə evdə qaldıqları zaman ona məxsus qızılzinyət əşyalarını, qızı Məmmədova Aytaca alıb yığdığı cehizlik əşyaları, onun evdə olan cehizlik və digər əşyalarını oğurlayıblar. Cavabdehlərin onun yuxarıda qeyd etdiyi əşyalarının oğurlanması faktını qaynı X15, eltisi X13 (Mahirin arvadı), bacısı X9, baldızının oğlu X10, baldızının qızı X6 və digər qohumlar məhkəmədə şahid qismində izahat verməyə hazırdırlar. Evdən qeyd olunan əşyalar oğurlandıqdan sonra qalan əşyaların siyahısı icraçılar tərəfindən aktda qeyd olunmuşdur. Ona məxsus qızıl əşyaların neçə ədəd, dəyəri, əyarı 24 ədəd şəkillərdə, video çəkiliş diskdə öz əksini tapmış və zərgər tərəfindən rəy ilə təsdiqlənmişdir. Onların əşyaları gecə saatlarında evdə gizlin çıxartdıqları məqamı da diskə köçürülüb və məhkəməyə təqdim ediləcəkdir. Ona məxsus qızıl zinyət əşyaları: Dəst 750 əyar, 1,5 karat brilliant (sırğa, üzük) 20 qram - 2200 (iki min iki yüz) manat; Qolbağı 583 əyar, 12 qram - 800 (səkkiz yüz) manat; Qolbağı 585 əyar, 24 qram - 2200 (iki min iki yüz) manat; Sep 583 əyar, 30 qram - 2000 (iki min) manat; Boyunbağı 583 əyar, 11 qram - 800 (səkkiz yüz) manat; Üzük 750 əyar, 0,30 sot brilliant, 8 qram - 1000 (bir min) manat; Kulon aypara 583 əyar, 9 qram - 600 (altı yüz) manat olmaqla, cəmi 9600 manat. Ev əşyaları: 1 ədəd işlənmiş divan, 2 kreslo-işlənmiş-420 manat; 2 ədəd setka çarpayı- işlənmiş-50 manat; 1 ədəd 2 nəfərlik mebel çarpayı- işlənmış-200 manat; 1 ədəd 2 yarımın 2-yə daşkənd gəvəsi- işlənmiş-50 manat; 1 ədəd 2-yarımın 3-ə Gəncə gəvəsiişlənmiş-70 manat; 2 ədəd kilim - işlənmiş-50 manat; dörd gözlü mətbəx peçi-işlənmiş-50 manat; 6 ədəd bir adamlıq döşək-işlənmış-300 manat; 6 ədəd bir adamlıq yorğan əldə sırınma-işlənmiş-250 manat; 1 ədəd 2 nəfərlik döşək-işlənmiş-100 manat; 1 ədəd 2 nəfərlik yorğan-işlənmiş-80 manat; 8 ədəd balınc-işlənmiş-100 manat; ədəd 2 nəfərlik buxov ədyal-işlənmiş-90 manat; 2 ədəd 1 nəfərlik buxov ədyal-işlənmiş-40 manat; 4 ədəd işlənmiş Lelinqrad ədyalı-işlənmiş-50 manat; 2 ədəd divan, kreslo örtüyü dəsti-işlənmiş-60 manat; 1 ədəd çayni seviz 6 nəfərlik- işlənmiş-15 manat; 1 ədəd tefal çaynik-işlənmiş-30 manat; 1 ədəd 7 litr, 1 ədəd 10 L-qədimi od somavarı-işlənmiş-100-120 manat; 1 ədəd mis yekə ehsan qazanı-işlənmiş-180 manat; 1 ədəd sandıq-işlənmiş-80 manat; 2 ədəd çomadan koja-işlənmiş-80 manat; 2 ədəd yol sumkası -işlənmiş-40 manat; 2 ədəd divar saatı-işlənmiş-35 manat; 3 ədəd stol üstü saat-işlənmiş-30 manat; 1 ədəd paltar dikən maşm-işlənmiş-50 manat; Ailəmizə aid olan sənədlər; Ailəmə aid olan qış-yay geyim əşyaları; Ailəmizə aid olan şəkil albomları; 3 ədəd aliminyum aşsüzən-işlənmiş-15 manat; 2 ədəd tıyən-işlənmiş-40 manat; 40 litr şirəli qazan-işlənmiş-250 manat; 14 ədəd hazır pərdə-işlənmiş-70 manat; 30 ədəd 3 kq banka-15 manat; 10 ədəd 2 kq banka-5 manat; 50 ədəd 1 kq banka-20 manat; 20 ədəd 850 qr banka-10 manat; 40 ədəd 500 qr banka -5 manat; 1 ədəd drel-50 manat; 1 ədəd motorlu əl mişarı drujba-60 manat; 1 ədəd su nasosu-50 manat; 1 ədəd drujba ot biçən-100 manat; 12 ədəd çay dəsmalı-30 manat; 2 ədəd 6 nəfərlik skater -40 manat; 2 ədəd 8 nəfəlik skater-45 manat; 2 ədəd 12 nəfərlik skater-55 manat; 2 ədəd jumalni-40 manat; 1 ədəd ütü-25 manat; 1 ədəd 40 L tuj qazan- 60 manat; 1 ədəd 12 L alminyum qazan -18 manat 51.4 ədəd neji qazan- 70 manat; 4 ədəd nigelni padnus- 20 manat; 6 ədəd lepqa konfet qabı-30 manat; 6 ədəd kustal konfet qabı-35 manat; 6 ədəd qənd qabı-20 manat; 4 ədəd meyvə qabı-25 manat; 120 ədəd bozartma boşqabı-70 manat; 120 ədəd balaca boşqab-60 manat; 60 ədəd düz boşqab- 30 manat; 20 ədəd bulud aş boşqabı- 25 manat; 3 ədəd çilçıraq-150 manat olmaqla, cəmi 4258 manat. Cehizlik əşyalar: 2 ədəd 4-ün 5-ə gəvə -təzə-1000 manat; 1 ədəd əlda toxunma qədimi gəvə 2-nin 3-ə -təzə-400 manat; 1 ədəd kilim-təzə-100 manat; 12 mebel stul qabaq stoluynna-təzə-1000 manat; 1 ədəd şkaf-təzə-220 manat; 4 ədəd bir adamlıq döşək-təzə-380 manat; 4 ədəd bir adamlıq yorğan əldə sırınma-təzə-400 manat; 2 ədəd 2 nəfərlik yorğan -təzə-300 manat; 4 ədəd balınc-təzə-200 manat; 4 ədəd 2 nəffərlik buxov ədyal-təzə-350 manat; 3 ədəd iran ədyalı-təzə -55 manat; 1 ədəd çayni serviz 6 nəfəlik təzə-180 manat; 1 ədəd kruşka naboru-təzə-40 manat; 1 ədəd şirəli qazan dəsti içində 6 qazanı var-təzə-170 manat; 6 ədəd irili xırdalı aliminyum qazan dəstı-təzə-65 manat; 1 ədəd qazan dəsti-təzə-340 manat; 2 ədəd 10 kq-lıq şirəli vedrə-təzə-32 manat; 1 ədəd ətçəkən maşın-təzə-180 manat; 1 ədəd blendr kombayn-təzə-220 manat; 1 ədəd mikromalnovka-təzə-170 manat; 1 ədəd tozsoran maşın-təzə-225 manat; 1 ədəd miksertəzə-40 manat; 2 ədəd dəst sintefon yorğan-təzə-280 manat; 6 ədəd kitab pastel-təzə-270 manat; 2 ədəd yevro pastel -təzə-250 manat; 2 ədəd max-rovni yevro pastel-təzə-340 manat; 1 ədəd ipək yevro pastel -təzə-40 manat; 1 ədəd vişevka toxuma pastel dəsti-təzə- 180 manat; 12 ədəd əl-üz dəsmalı-təzə-100 manat; 6 ədəd can dəsmalı-təzə-120 manat; 6 ədəd tək prastina-təzə-60 manat; 6 dəst balınc üzü-təzə-80 manat; 54 ədəd stəkan-təzə- 50 manat; 54 ədəd nəlbəki-təzə-50 manat; 12 ədəd çexski stəkan-təzə-240 manat; 12 ədəd armudu çexski stəkan-təzə-180 manat; Hərəsindən 120 ədəd olmaqla boşqab dəstitəzə-360 manat; 6 ədəd xrustal meyvə qabı-təzə-72 manat; 12 ədəd çexski xrustal su bakalı-təzə-140 manat; 6 ədəd çexski xrustal mürəbbə qabı-təzə- 72 manat; 2 ədəd xrustal su dolçası hərəsinin yanında da 6 ədəd stəkan-təzə-120 manat; 2 ədəd çexski xrustal meyvə qurusu üçün qab-təzə-80 manat; 30 metra pərdəlik-təzə-280 manat; 3 ədəd skatertəzə-75 manat; 1 ədəd sandıq-təzə-120 manat; 12 ədəd duz qabı xrustal-təzə-12 manat; 3 ədəd tava- təzə-140 manat; 1 ədəd mantı qazanı-təzə-170 manat; 1 ədəd abednı serviztəzə-480 manat; 4 ədəd xrustal gülqabı-təzə-250 manat; 6 ədəd kül qabı-təzə-30 manat; 2 dəst ipək gecə köynəyi -təzə-180 manat; 1 ədəd mis aşsüzən-təzə-25 manat; 1 karopka nazik stəkan-təzə-20 manat; 1 ədəd ütü -təzə-70 manat; 1 ədəd ultrafealitvi lampa-təzə- 130 manat; hərəsindən 80 ədəd qaşıq-çəngəl dəstı-təzə-120 manat; 1 ədəd 24 nəfərlik çəngəl qaşıq naboru-təzə-180 manat; 6 dəst çay dəsmalı-təzə-70 manat; 1 ədəd dvux pakrıval-təzə - 250 manat olmaqla, cəmi 11763 manat. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, əri Zahir Xəlilov 2019-cu ilin noyabr ayında vəfat etdikdən sonra 2020-ci ilin mart ayına kimi Azərbaycan olmuşdur. 2020-ci ilin mart ayının 5-də əşyalarını yaşadığı ərinin ata evində qoyub Rusiya Federasiyasına getmişdir. Evdən gedərkən iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını, qızı üçün aldığı cehizlik əşyalar və özünə məxsus ev əşyaları həmin evdə olmuşdur. Evdən gedərkən əşyaların yerləşdirilməsində eltisi Zahirə Səfərova ilə birlikdə əşyalarını, o cümlədən qızıl-zinət əşyalarını otaqda olan sandığa qoyub getmişdir. Lakin, sonradan Azərbaycana qayıtdıqdan sonra evdə qoyduğu əşyaların cavabdehlər tərəfindən oğurlandığını müəyyən etmişdir. Belə ki, Samux rayon Məhkəməsində baxılan mülki iş üzrə iddianın təmini tədbiri barədə ərizə vermiş və məhkəmənin qərardadına əsasən cavabdehlərin yaşadıqları evdə ona məxsus olan əşyaların üzərinə həbs qoyulmuşdur. İcra məmurunun iştirakı ilə evə baxış keçirilərkən ona məxsus müəyyən əşyalar aşkar edilmiş, lakin iddia ərizəsində göstərdiyi əşyalar, o cümlədən qızıl-zinət əşyalarını aşkar etməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, Gəncə şəhərinə atılan roket zərbərlərindən sonra qorxduğu üçün uşaqları ilə birlikdə Samux rayonunda yerləşən ata evinə getmişdir. İddiaçının tələb etdiyi qızıl zinət əşyaları evdə ümumiyyətlə olmamışdır. İcra məmurları tərəfindən aparılan siyahıyaalma çəkilişlə aparılmışdır. Həmin vaxt evdə olan iddiaçıya məxsus əşyalar icra məmuru tərəfindən siyahıya alınmışdır. Evdə iddiaçıya məxsus başqa əşyalar heç vaxt olmamışdır. İddiaçı 21.09.2021- ci il tarixdə, onun yaşadığı evə anası və bacısı ilə gələrək onu, qızı və oğlunu döyərək, nalayiq sözlərlə təhqir etmişlər. 08 avqust 2021-ci il tarixdə iddiaçı, Mahir qardaşının arvadı Zahirə icra məmurları tərəfindən evdə olan əşyalara həbs qoyularkən onu və oğlunu təhqir etmişlər. 2012-ci ildə rəhmətlik X2 evində Cavabdeh1 aid tikinti materiallarının çəkilişi və Səfərov Mahirin icazəsiz apardığı dəmir boru ve taxtaların videogörüntüsü vardır. Samux Rayon Məhkəməsinə təqdim etdikləri işıq enerjisinin sərfinə görə, qazın çekləri evin təmiri şəkilləri, videogörüntüsü hansı ki, qonşuların şahidliyi subuta yetirir ki, bu ev daima onların istifadəsində olubdur. Anaları rəhmətlik Səfərova Elmira yaşadığı evdə yaşayış olmayıbdır, 2012-ci ildən bunu Qaz və işığın istifadə olunmaması subuta yetirir. İddiaçı Mahir və Zahirə qohumları onlara qarşı şahdilik etmələrində məcbur edirlər. İddiaçının Azərbaycana nadir hallarda gelib-getməsi barədə miqrasiya xidmətində qeydiyyata düşməsi vardır. Balaxanımın ata evi Samux Rayonu Sərkar kəndindədir və həmin evdə də iddiaçının anası Xanım arvad və bacısı Yeganə yaşayır. İddiaçının hazırda onlara qarşı olan iddia tələbinin əvvəlcədən sifarişli, qərəzli olmasından xəbər verir. İddiaçı Samux Rayonu Sərkar kəndinə 2020 - ci ildə müvəqqəti qeydiyyata alınmışdır. Bu haldan iddiaçı sui istifadə etməklə bu gün məhkəməyə qərəzli olan şər - böhtan xarakterli iddia ərizəsi ilə müraciət etməsi elə bunu sübut etdirir. Samux Rayon Polis İdarəsində qohumlar arasında münaqişəli ailə kimi qeydiyyata alınmışdır, iddiaçı, daima Rusiyada yaşayıbdır, hazırdada ailəsi oradadır, Rusiya Federasiyasının vətəndaşlıq pasportu vardır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı qeyd etdiyi əşyaları ona nə saxlanca, nə də borc olaraq verməmişdir. Belə olan halda, yəni, iddiada qeyd edilən əşyalar, onunla iddiaçı arasında ailə hüquq münasibətləri mövcud olmadığından və İddiaçı onlara qızıl-zinət əşyaları borc və ya saxlanca vermədiyinə görə əgər onun dediyi kimi götürülmüşdürsə, onda bu cinayət hadisəsi hesab edildiyi üçün məhkəməyə deyil, polis orqanlarına müraciət edilməli idi və Samux rayon PŞ-nin TQ-nun 28 noyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərarı ilə də sübuta yetirilmişdir ki, heç bir oğurluq hadisəsi olmamışdır. Bundan başqa, nə İddiaçı evdə olan əşyaların üzərinə həbsin qoyulmasını tələb etdiyi ərizəsində hazırkı iddia tələbində göstərilən əşyaları qeyd etməmiş, nə də icra məmurları evə gəlib əşyaları siyahıya alarkən onun hazırda iddiada qeyd etdiyi əşyaların olmadığını bildirməmişdir. Bu hal, həbs qoyma prosesinin videoçəkilişindən və eləcə də, icra məmurları tərəfindən tərtib edilmiş aktdan da bəlli olur. Yalnız, onlara şər atmaq məqsədi ilə akt tərtib edilib imzalar edildikdən sonra, onların iştirakları olmadan aktakı qeydə əlavə olaraq, “əlavə edim ki, əşyaların çox hissəsi olmadı”, qeyd etmişdir. Buradan belə bir sual ortaya çıxır, -əgər əşyaların çox hissəsi yox idisə, bunu nə üçün imzalardan sonra yazır və əgər yox idisə nə üçün siyahıya alma prosesində bu barədə bildirmir? Aydındır ki, bir şəxsin 9600 manat dəyərində qızıl-zinət əşyası hər hansı bir evdə qalarsa, şəxs həmin evə girəndə birinci onu axtarar və tapmasa bunu üstüörtülü -ümumi qaydada “əşyaların çox hissəsi”-kimi deyil, aşkaranə ifadə edərdi. Lakin, həbs qoyulma prosesinin çəkilişində və məhkəməyə əşyalara həbs qoyulması barədə ərizədə, eləcə də aktda nə əşyaların çeşidi, nə də qızıl-zinət əşyaları barədə məlumat göstərilməmişdir. Bundan başqa, iddia ərizəsində guya onların tərəfindən evin qıfılının sındırılıb evə daxil olmaları qeyd edilsə də Samux rayon məhkəməsinin qanuni qüvvədə olan 20.04.2021-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs X15 öz ifadəsində evə onun razılığı ilə girdiklərini göstərmişdir. İddiaçı ümumiyyətlə hazırkı iddia tələbində qeyd etdiyi əşyaların varlığı barədə, həmin əşyaların qeyd edilmiş ünvanda qalması barədə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, qanunverici sübutetmə yükünü iddiaçının üzərinə qoymuş, iddiaçı isə tələb etdiyi pulun məbləği barədə hər hansı mötəbər sübut növünü məhkəməyə təqdim etməmişdir. Qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında digər cavabdehlər Cavabdeh2 oğu və Cavabdeh3 oğlu, iddianı qəbul etmədiklərini, cavabdeh Qətibə Məmmədovanın izahatını təsdiq etdiklərini bildirərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, iddiaçı onun mərhum qaynının arvadıdır. Mübahisənin baş verdiyi ev onların yaşadığı evin qarşısında yerləşir. 03 mart 2020-ci il tarixdə mərhum qaynının yas mərasimi olmuşdur. Eltisinin Rusiya Federasiyasına gedəcəyini bildiyi üçün bir gün sonra onunla sağollaşmağa gedən zaman iddiaçıya məxsus ev əşyaları evdə olmuşdur. Lakin, o, iddiaçının qızıl-zinət əşyalarını görməmişdir. Eyni zamanda cavabdehlərin də iddiaçıya məxsus əşyaları oğurlamalarının, evdən hər hansı əşyanı çıxarmalarının görməmişdir. Şahid suallara cavab olaraq bildirdi ki, onun yaşadığı ev cavabdehlərin yaşadığı evlə eyni həyətdə yerləşdiyindən, evdən hər hansı əşya çıxarılardısa bunu mütləq şəkildə görərdi. Lakin, o, cavabdehlərdən evdən hər hansı əşyanı çıxarmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Samux rayonu Sərkar kəndində mübahisənin baş verdiyi evin qonşuluğunda yaşayır. O, iddiaçıya məxsus ev əşyalarının cavabdehlər və ya başqa şəxslər tərəfindən evdən çıxarılmasının görməmiş, belə bir hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, iddiaçı onun bacısıdır. O, 03 mart 2020-ci il tarixdə bacısının mərhum yoldaşının yas mərasimində iştirak etmişdir. Həmin vaxt bacısına məxsus ev əşyaları orada olmuşdur. Yas mərasimindən sonra bacısı Rusiyaya gedəcəyi üçün ona kömək üçün onun yaşadığı evə getmişdir. Bu zaman bacısı qızıllarını sandığa qoyduğunu bildirmişdir. Bacısı hər zaman qızıllarını özündə saxladığı üçün, qızılları ona verməsi barədə onun təklifi olmamışdır. İş materiallarında olan Samux Rayon İcra və Probasiya şöbəsinin rəisi Asiman Quliyev, icra məmuru Rüfət Kazımov, tələbkar İddiaçı, borclu Cavabdeh1, hal şahidləri Gözəlov, Mübariz Quliyev iştirakları ilə tərtib edilmiş 11.08.2021-ci il tarixli aktın surətindən görünür ki, onlar Samux rayon Məhkəməsi tərəfindən verilmiş 2(058)-665/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Samux rayonu, Sərkar kəndində yerləşən tələbkarın yaşadığı evə getmişlər. Həmin ünvanda borcluya məxsus əşyalar siyahıya alınaraq, üzərlərinə həbs qoyulmuş, borcluya evdən hansı əşyanın aparılması qadağan olmuşdur. Akt iştirakçılar tərəfindən imzalanmışdır. Həmin aktda tələbkar ona məxsus əşyaların natamam olduğunu qeyd etmişdir. İddiaçı tələbində ona məxsus qızıl-zinət, cehiz və ev əşyalarının cavabdehlər tərəfindən oğurlandığını bildirərək, həmin əşyaların və ya onların dəyərinin cavabdehlərdən alınaraq ona geri verilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə məhkəmə iclasında bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, iddia ərizəsində göstərilən qızıl-zinət, cehiz və ev əşyaları onun ata evində olmamışdır, həmin əşyalar onlar tərəfindən götürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya məxsus qızıl-zinət, cehiz və ev əşyalarının cavabdehlər tərəfindən götürülməsinin və ya oğurlanmasının həqiqiliyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, İddiaçı həqiqətən də ona məxsus qızıl-zinət, cehiz və ev əşyalarının cavabdehlər tərəfindən götürülməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəyə təqdim edilən sübutların hər birinə ayrılıqda hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: İddianın təmin etmə tədbirinin görülməsi ilə bağlı qərardadın icrası ilə əlaqədar tərtib edilmiş aktda, iddiaçı ona məxsus əşyaların yerləşdiyini bildirdiyi Samux rayonu Sərkar kəndindəki evdə ona məxsus əşyaların bir qisminin olmadığını qeyd etsə də, bu hal özlüyündə məhz hansı əşyaların olmamasını müəyyən etməyə, həmçinin təsdiq etməyə imkan vermir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə sübut qismində ev əşyalarının video görüntüsünün əks olunduğu disk təqdim olunmuşdur ki, həmin diskə baxış keçirilən zaman müəyyən olunur ki, həqiqətən də diskdəki video görüntüdə olan evdə ev əşyaları vardır. Lakin, həmin diskdən video çəkilişin nə zaman çəkildiyini müəyyən etmək mümkün deyildir. Bundan başqa, iddiaçı iddia ərizəsində ona məxsus əşyaların gecə saatlarında cavabdehlər tərəfindən evdən gizli şəkildə aparılmasının əks olunduğu videogörüntünün diskə köçürüldüyünü bildirmiş və məhkəmə baxışı zamanı həmin diski məhkəməyə təqdim etmişdir. Lakin, iddiaçı tərəfindən təqdim edilmiş diskdə olan videogörüntü məhkəmə iclasında tədqiq edilmək istənilərkən, diskdə olan videofayl açılmadığından videogörütünü tədqiq etmək mümkün olmamışdır. Qeyd olunan xüsusatla bağlı iddiaçı başqa hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə iclasında dindirilmiş şahidlərdən X8 ifadəsində 2020-ci ilin mart ayında iddiaçının Rusiya Federasiyasına getdiyini, həmin vaxt iddiaçı ilə sağollaşmağa gedərkən iddiaçının qızıl-zinət əşyalarını görmədiyini, eləcə də cavabdehlərin iddiaçıya məxsus əşyaları oğurlamalarının, evdən hər hansı əşyanı çıxarmalarının görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərdən X4 ifadəsində Samux rayonu Sərkar kəndində mübahisənin baş verdiyi evin qonşuluğunda yaşadığını, iddiaçıya məxsus ev əşyalarının cavabdehlər və ya başqa şəxslər tərəfindən evdən çıxarılmasının şahidi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 isə ifadəsində iddiaçı Rusiyaya gedəcəyi üçün ona kömək üçün onun yaşadığı evə getdiyini, həmin vaxt iddiaçıya məxsus ev əşyalarının evdə olduğunu görmüş, lakin qızıl-zinət əşyalarının hara qoyulduğunu gözü ilə görməmiş, sadəcə iddiaçı ona qızıllarını sandığa qoyduğunu bildirmişdir. Göründüyü kimi, nə şahidlərin ifadələri ilə, nə də məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla iddiaçının ona məxsus 9600 manat dəyərində qızıl-zinət əşyalarını yaşadığı evdə qoyub getməsi müəyyən olunmur. Digər tərəfdən, məhkəmə iddiaçının uzun müddətli başqa ölkəyə getməsini nəzərə aldıqda, həmin dəyərdə olan əşyaları etibar etdiyi şəxslərə təhvil vermədən, kimsənin yaşamadığı evdə qoyub getməsini ağlabatan hesab etmir. İddia ərizəsində qeyd olunan cehiz və ev əşyaları ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin əşyaların məhz cavabdehlər tərəfindən oğurlanması və ya götürülməsi də məhkəmə iclasında təsdiqini tapmamışdır. Belə ki, mübahisəli evin qonşuluğunda yaşayan və məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, onlar cavabdehlərin yaşadıqları müddətdə həmin evdən hər hansı əşyaları götürməsinin şahidi olmamışlar. İddia ərizəsində sadalanan əşyaların miqdarı və növ çeşidi nəzərə alındıqda, həmin əşyaların heç kim görmədən evdən çıxarılması mümkünsüz görünür. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı bundan əvvəl evdən ona məxsus əşyaların cavabdehlər tərəfindən oğurlanması ilə bağlı hüquq mühafizə orqanına müraciət etmiş və bu müraciət əsasında təhqiqat araşdırması aparılmışdır. Material üzrə araşdırma zamanı Samux rayon Sərkar kəndində yaşayan İddiaçı məxsus məişət əşyalarının, eləcədə qızıl-zinət əşyaların oğurlanması ilə bağlı 24.08.2021-ci il tarixdə Samux RPŞ-nin CAB-yə 181-1438-1221 saylı əməliyyat tapşırığı verilmişdir. Samux RPŞnin CAB-nin 31.08.2021-ci il tarixli 181-14872-1221 saylı əməliyyat tapşırığına cavabına əsasən İddiaçı müraciəti ilə bağlı müvafiq tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Cavabdeh1 Samux rayonu Sərkar kəndində yerləşən ata mülkündən İddiaçı məxsus əşyaları oğurlaması öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, iddiaçı ona məxsus qızıl-zinət, cehiz və ev əşyalarının cavabdehlər tərəfindən oğurlandığını qeyd etsə də, bununla bağlı cinayət prosesini həyata keçirən orqan tərəfindən müvafiq araşdırma aparılmış və oğurluq faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus qızıl-zinət, cehiz və ev əşyalarının cavabdehlər tərəfindən oğurlanması və ya götürülməsi öz təsdiqini tapmadığından, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “qızıl-zinət, cehiz və ev əşyaları tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar