Məhkəmə qərarları › İş №2(044)-1030/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1030/2021

23.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1030/2021 23.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı , Cavabdeh1 Elçin oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Elçin oğluna və Cavabdeh2 qarşı «əmlak» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Elçin oğluna və Cavabdeh2 qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Elçin oğlundan və Cavabdeh2 ona məxsus 750 əyyarlı, 25.5 qram çəkidə 1.05 karat brilyant qaşları olan 1 üzük və 1 cüt sırğadan ibarət qızıl dəstini naturada, yaxud həmin dəstin dəyəri olan 2200 (iki min iki yüz) manta pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında “iddianın həcminin azaldılması”na dair ərizə təqdim edərək, Cavabdeh1 Elçin oğlundan və Cavabdeh2 ona məxsus 750 əyyarlı, 25.5 qram çəkidə 1.05 karat brilyant qaşdarı olan bir üzük və bir cüt sırqadan ibarət qızıl dəstini naturada və yaxud həmin dəstin dəyəri kimi 1950 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 Elçin oğlu ilə qonşu binalarda yaşayır. Münasibətləri yaxşı olmuşdur. O, 2020-ci ilin iyul ayında maddi sıxıntıya düşdüyü üçün Elvinə müraciət edərək ondan köməklik göstərməsini xahiş etmişdir. Cavabdeh1 Elçin oğlu ona əgər girov qoyarsa faizə pul verə biləcəyini bildirmişdir. O, Mərkəzi Univermaqdan almış olduğu 750 əyyarlı, 25.5 qram çəkidə 1.05 karat brilyant qaşları olan 1 üzük və 1 cüt sırğadan ibarət qızıl dəstini 10 iyul 2020-ci il tarixdə Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında cavabdehlər Elvin və Pərvizlə görüşərək onlara vermişdir. Cavabdeh1 Elçin oğlu və Cavabdeh2 qızıl-zinət dəstini ondan alaraq sələmçidən pul alıb ona verəcəyini bildirmişlər. Elvin Univermağın qarşısında onu gözləməyini söyləyərək Pərvizlə birlikdə uzaqlaşmışlar. Təxminən yarım saat sonra ikisi birlikdə qayıdaraq ondan girov kimi götürdükləri qızıl-zinət dəstinin müqabilində ona 520 manat pul verərək üstündə 100 manat əlavə olaraq pul ödəməli olduğunu bildirmişlər. 29 iyul 2020-ci il tarixdə iddiaçı Pərvizə zəng edərək, 620 manat pulu düzəltdiyini və qızılı geri götürmək istədiyini bildirmişdir. Pərviz isə qızılların Məhərrəm adlı şəxsdə sələmçidə olduğunu, Univermağın yanına gəlib götürə biləcəyini bildirmişdir. Elə həmin gün o, pulun 300 manatını düzəltmək üçün atası ilə birlikdə Gəncə şəhərində yerləşən “Yelobank”a gedərək atasının adına 300 manat kredit götürmüşlər. Pulu tam düzəltdikdən sonra atası ilə birlikdə Mərkəzi Univermağın qarşısına gedərək orada Pərvizlə görüşüb, 620 manatı gətirdiklərini bildirmişlər. Pərviz isə qızılın sələmçi Məhərrəmdə olduğunu, onun isə Xoşbulaq yaylağında olduğunu, 2-3 günə gələcəyini, qızılı Elvinin götürüb verəcəyini bildirmişdir. 3 avqust 2020-ci il tarixdə Elvinlə görüşdükləri zaman Elvin Məhərrəmin gəldiyini, birlikdə gedib qızılları götürməklərini söyləmişdir. 620 manat atasında olduğu üçün birlikdə evlərinə gedərək, atası pulu özü götürmüş və onlar birlikdə Elvinin maşını ilə Mərkəzi Univermağın yanına gəlmişlər. Mərkəzi Univermağın qarşısında Elvin Pərvizlə birlikdə oradan uzaqlaşaraq kənarda bir qədər söhbət etdikdən sonra, Elvin yanlarına gələrək Məhərrəmin gəlmədiyini, onun şəxsiyyət vəsiqəsi və avtomobilinin sənədlərinin Məhərrəmin qardaşında olduğunu, sənədlərini götürmək üçün ondan 150 manat verməyini istəmiş, Məhərrəm gələndə isə qızılları alıb verəcəyini bidirmişdir. O, atasından 150 manat alaraq Elvinə vermişdir. Ertəsi gün, yəni 4 avqust 2020-ci il tarixdə Pərviz zəng vuraraq pulun qalan 470 manatını Elvinə verməli olduğunu bildirmişdir. Kart nömrəsini göndərdikdən sonra həmin gün Milliön vasitəsilə həmin hesaba 470 manat ödəmişdir. O, sentyabr ayına kimi gözləmiş, lakin cavabdehlər hər gün müxtəlif bəhanələr gətirərək qızıl-zinət əşyalarını qaytarmamışlar. İddiaçı sentyabr ayının 15-də Nizami RPİ-nə gedərək cavabdehlərdən şikayət etmişdir. Elvin və Pərviz Polis İdarəsində ondan qızıl-zinət əşyalarını və pulu aldıqlarını etiraz etmişlər və qaytaracaqlarına söz vermişlər. Lakin bir neçə ay keçməsinə baxmayaraq qızılları yenə qaytarmamışlar. 2020-ci ilin dekabr ayında instagram sosial şəbəkəsində olan elanda Pərvizlə Elvinin ondan götürdüyü qızıl dəstin Mərkəzi Univermaqda satışa qoyulduğunu görmüşdür. Həmin qızıl-dəstin hazırki qiyməti 1950 (min doqquz yüz əlli) manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh1 Elçin oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı ona yaxınlaşaraq maddi problemləri olduğunu və ona köməklik göstərməsini xahiş etmişdir. O da qızıl girov qoyacağı təqdirdə ona köməklik göstərəcəyini bildirmişdir. Daha sonra Pərvizi çağıraraq həmin qızılları Pərvizə vermiş, Pərviz isə pulu Qədirə vermişdir. İddiaçı Pərvizdən alaraq vermiş olduğu pul müqabilində ondan qızıl-zinət əşyasını alaraq Cavabdeh2 vermişdir. O, sadəcə qızılları Qədirdən alıb Pərvizə vermiş, pulu isə Pərvizdən alıb Qəairə vermişdir. Məhkəmədən iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 iştirak etdiyi məhkəmə iclasında bildirmişdir ki, həqiqətən də Elvinlə billikdə iddiaçının göstərdiyi qızıl-zinət əşyalarını iddiaçıdan girov kimi götürüb qarşılığında Qədirə göstərdiyi məbləğdə pul verilmişdir. Lakin İddiaçı götürdüyü pulu bir neçə gün gec qaytardığından onlar girov kimi götürdüyü qızılları satmışlar. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 29.07.2020-ci il tarixli, ********** vöen nömrəli məxaric qəbzindən görünür ki, iddiaçının atası X1 adından 10-403653-7 saylı hesaba 300 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsi Nizami Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25.01.2021-ci il tarixli, 121-26468B-3221 saylı məktubun surətindən görünür ki, İddiaçı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarına əlavə edilmiş 25.01.2021-ci il tarixli, 121-2616-1121 saylı arayışın surətindən görünür ki, İddiaçı tərəfindən Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə edilmiş müraciətdə 10 iyul 2020-ci il tarixdə Gəncə şəhəri, Mərkəzi Univermağın yaxınlığında dostu Elvinə bir cüt qızıl sırğa və üzük girov qoyaraq ondan 520 manat pul almasını, 2020-ci ilin avqust ayında qeyd olunan pulu geri qaytarmasına baxmayaraq girov qoyduğu qızıl-zinət əşyaları ona qaytarmamasına narazılığını bildirmişdir. Araşdırma zamanı vətəndaş İddiaçı izahatı alınmış və o, öz izahatında etmiş olduğu müraciətdə göstərilən xüsusatları təsdiq etmişdir. Araşdırma zamanı Cavabdeh2 izahatı alınmış və o, öz izahatında həqiqətən İddiaçı girov qarşılığında borc pul verməsini və yaxın günlərdə girov əşyaları ona qaytaracağını bildirmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri "xxxx" MMC-nin 22.06.2021-ci il tarixli, 171 saylı rəyindən görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkil üzrə qızıl-zinət əşyalarına baxış keçirilərək çəhrayı qaşlı, brilyant (1 karat) dəst (sırğa və üzük) 750 əyar, 24.8 qram-olan qızıl-zinət əşyalarının 22.06.2021-ci il tarixə olan bazar qiyməti 1950 (min doqquz yüz əlli) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294.2-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Bununla da, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, mülki işin materialları və işin faktiki halları əsasında təsdiq edilmişdir ki, iddiaçının mülkiyyətini təşkil edən 750 əyarlı, 25.5 qram çəkidə, 1.05 karat brilyant qaşdarı olan bir üzük və bir cüt sırqadan ibarət qızıl dəsti cavabdehlər şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşlar. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə və cavabdehlər risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehlər Cavabdeh1 Elçin oğlundan və Cavabdeh2 iddiaçıya məxsus 750 əyyarlı, 25.5 qram çəkidə 1.05 karat brilyant qaşdarı olan bir üzük və bir cüt sırqadan ibarət qızıl dəsti naturada və yaxud həmin dəstin dəyəri 1950 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Elçin oğlundan və Cavabdeh2 iddiaçıya məxsus 750 əyyarlı, 25.5 qram çəkidə, 1.05 karat brilyant qaşdarı olan bir üzük və bir cüt sırqadan ibarət qızıl dəsti alınaraq İddiaçı verilsin. Naturada verilməsi mümkün olmadıqda həmin qızıl-zinət əşyalarının dəyəri kimi müəyyən edilən 1950 manat pul cavabdehlər Cavabdeh1 Elçin oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehlər Cavabdeh1 Elçin oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar