Məhkəmə qərarları › İş №2(044)-1188/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1188/2021

16.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1188/2021 16.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əməhiyyətli olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 01.02.1976-cı il tarixdə Gəncə (Kirovabad) şəhərində anadan olmuş X5 1977-ci ildə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, mərhum X11 onun doğma bacısıdır. Mərhum bacısı X11 01 fevral 1976-cı ildə Gəncə şəhərində anadan olmuş, 1977-ci ildə, yaş yarım olarkən vəfat etmiş, valideynləri İlhaməni Göygöl rayonu Lüləli kənd qəbiristanlığında dəfn etmişlər. X3 21 iyun 2007-ci ildə, anası X12 17 noyabr 2020-ci ildə vəfat etmişlər. Hazırda anası X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evi adına sənədləşdirmək istəyir, lakin notariusda bacısı X5 ölümünə dair sənəd istəyirlər. Odur ki, Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinə müraciət etmiş və oradan ona məhkəməyə müraciət etməli olmuşdur. Sonda ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X14 bildirdi ki, ərizəçinin atası Sahib Orucov və anası Mənzər Orucov onun qonşusu olmuşdur. Onların 4 övladı olmuş, onlardan bir uşaq vaxtı vəfat etmişdir. Vəfat etmiş uşağın adı İlhamə olmuş, həmin uşaq təxminən 1977-ci ilin yaz fəslində 1 yaş 6 aylıq olarkən vəfat etmişdir. O, həmin vaxt yas mərasimində iştirak etmişdir. Uşağı Göygöl rayonu Lüləli kənd qəbiristanlığında dəfn etmişlər. O, yas mərasimində iştirak etsə də, dəfn mərasimində iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçinin bacısı vəfat edən zaman onun 18 yaşı olmuşdur. Təxminən 1977-ci ildə Sahib Orucovun qızının vəfat etiyini eşitmiş, lakin hansı qızının vəfat etdiyini bilmirmiş. O, və anası yas mərasimində iştirak etmişlər. Uşaq dəfn olunan zaman dəfn mərasimində iştirak etməmişdir. Uşağın hansı səbəbdən vəfat etməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçinin atası Sahib Orucov və anası Mənzər Orucov onun qonşusu olmuşdur. Ərizəçinin bacısı İlhamə Orucova təxminən 1977-ci ildə vəfat etmişdir. Belə ki, o həmin vaxt işdən evə qayıdarkən anası ona Mənzər Orucovanın qızının vəfat etdiyini bildirmiş, daha sonra o, onların yaşadığı evə getmiş və yas mərasimində iştirak etmişdir. Həmin vaxt uşağın hansı səbəbdən vəfat etdiyini bilməmişdir. Uşaq vəfat edən zaman təxminən 1 yaş 6 aylıq olmuşdur. Mülki iş materiallarında olan: - Gəncə şəhər X4 X20 Ailə Sağlamlıq Mərkəzi tərəfindən Ərizəçi verilmiş 15.09.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi bacısı 1976-cı il təvəllüdlü X5 arxivdə heç bir sənədi olmadığına görə ölüm şəhadətnaməsi almaq üçün məhkəməyə müraciət etməsi tövsiyyə olmuşdur. - Gəncə şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X16 Orucova ünvanladığı 11.09.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, miras qoyan mərhumə X12na məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mkr., bina 17, mənzil 24də yerləşən miras əmlaka dair şəhadətnamə verilməsi üçün 1-ci dərəcəli vərəsələrdən birinin hüquqmüəyyənedici sənədi olmadığından vərəsəlik işi təsdiq edilə bilməz. Hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. - Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X10 23 iyun 1973-cü il tarixdə Xanlar rayon Tullar kənd sovetində rəsmi nikaha daxil olmuşlar. - Gəncə şəhər Nizami rayon qeydiyat şöbəsinin 01.02.2021-ci il tarixli məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və şöbənin arxivində yoxlama aparılmış, lakin vətəndaş X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 01 fevral 1976-cı ildə Kirovabad (Gəncə) şəhərində doğulmuş, ata qrafasında X13, ana qrafasında X10 qeyd edilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1983ci ildə Kirovabad (Gəncə) şəhərində doğulmuş, ata qrafasında X13, ana qrafasında X10 qeyd edilmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 21.06.2007-ci il tarixdə vəfat etmişdir. Ölüm səbəbi qara ciyər çatışmamazlığı. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 17.11.2020-ci il tarixdə vəfat etmişdir. Ölüm səbəbi dəqiqləşdirilməmiş ağ ciyər çatışmamazlığı olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Gəncə şəhər Nizami Rayon Qeydiyat şöbəsinin 06.05.2021-ci tarixli arayışdan görünür ki, vətəndaş 01.02.1976-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X5 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq X1 Reyestri Xidmətinin 02.04.2021-ci il tarixli məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar öyrənilərkən X5 ölümü barədə məlumat aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 25.08.2021-ci il tarixli məktubundan görünür ki, X5 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi əsaslı olduğuna görə təmin olunmalıdır. Belə ki, Azərbyacan Respublikası Mülki – Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maraqlı şəxs məktubu ilə təsdiq olunur ki, ərizəçi ölüm haqqında şəhadətnaməni almaq üçün yaşayış yeri üzrə həmin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında akt qeydi aşkar edilmədiyinə görə şəhadətnamənin alınması mümkün olmamışdır. Həmçinin Gəncə şəhər 3 saylı Notariat ofisinin məktubu ilə təsdiq olunur ki, ərizəçi anasından miras qalmış əmlakı vərəsəlik qaydasında əldə etmək üçün həmin notariusa müraciət etmiş, lakin bacısının ölüm sənədi olmadığından vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, X5 1977-ci ildə Gəncə şəhərində vəfat etməsi iş materialları ilə sübuta yetirdiyinə görə bu barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 fevral 1976-cı ildə Kirovabad (Gəncə) şəhərində anadan olmuş X5 1977-ci ildə Gəncə şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar