Məhkəmə qərarları › İş №2(044)-127/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-127/2021

10.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-127/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Pərviz Səmədov küçəsində yerləşən 0.005 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının sökülməsi və Cavabdeh həmin torpaq sahəsindən çıxarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq edib bildirdi ki, 2012-ci ildə iddiaçıya Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsində iddiaçıya məxsus 0,005 ha torpaq sahəsində yeləşən 43,6 kvm. qeyri-yaşayış sahəsinin 2012-ci ildə yolun genişləndirilməsi ilə əlaqədar söküləcəyi barədə məlumat vermişlər. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, yolun genişləndirilməsi ilə əlaqədar cavabdehin obyekti sökülmüş və cavabdeh fürsətdən istifadə edərək iddiaçıya məxsus torpaq sahəsini zəbt edərək tikinti işləri aparmışdır. İddiaçı cavabdehdən torpaq sahəsinin boşaldılmasını və tikinti işlərinin dayandırılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ekspert rəyindən də görünür ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 0.0043ha hissəsiin zəbt edərək tikinti işləri aparmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən qəbul etməyərək bildirdi ki, Cavabdeh onun oğludur. Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsində onların 2000-ci ildən obyektləri olmuş, 2012-ci ildə yolun genişləndirilməsi ilə əlaqədar onların obyekti söküldükdən sonra Gəncə Şəhəri İcra Hakimiyyəti tərəfindən onlara həmin ərazidə yer verilmiş və əlavə olaraq verilən yerin arxasındakı sahə də onlara 25000 ABŞ dollarına satılmışdır. Onlar həmin ərazidə tikinti işləri apararaq obyekt tikmişlər. Onlar tikintinin iddiaçıya məxsus torpaq sahəsinə düşən hissəsinin əvəzində iddiaçıya pul təklif etsələr də, sonuncu onlarla razılaşmamışdır. Onlara həmin yerə çəkdikləri xərci ödəyərək torpaq sahəsi verdikdən sonra onlar həmin torpaq sahəsindən çıxmağa razıdılar. Sonda cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan: - MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 43.6 m2 olan Gəncə şəhəri, Nizami rayonu, Pərviz Səmədov küçəsi, 5 saylı çilingər emalatxanası 0.005 ha torpaq sahəsi ilə birlikdə xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. - AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, 43.6 kvm əsas sahə, 43.6 kvm ümumi sahədən ibarət olan Gəncə şəhəri, Səmədov küçəsi, 5 saylı çilingər emalatxanasında olan və 0.005 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası X3 nümayəndəsi X4 tərəfindən xx.xx.2012-ci il tarixdə 20000 manata İddiaçı satılmışdır. - MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 43.6 m2 olan Gəncə şəhəri, Nizami rayonu, Pərviz Səmədov küçəsi, 5 saylı çilingər emalatxanası 0.005 ha torpaq sahəsi ilə birlikdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. - MH seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi ilə Pərviz Səmədov küçəsinin kəsişməsində icarəsində olan 0.005 ha torpaq sahəsində yerləşən 1 girişli, 39.9 kv.m ümumi, 39.9 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Nizami (Gəncə ş.) bələdiyyəsi sədrinin xx xxxxxxx 2005ci il tarixli 51 saylı sərəncamından görünür ki, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2005-ci il tarixli 45 № li sərəncamına əsasən Cavabdeh kommersiya məqsədi ilə istifadəsinə verilən və H.Əliyev küçəsi ilə P.Səmədov küçəsinin kəsişməsinin cənub-şərq hissəsində boş ərazidə tikinti altı sahəsi 50 kvadrat metr olan torpaq sahəsinin bələdiyyə tərəfindən ona icarəyə verilməsi barədəki xx xxxxxxx 2005-ci il tarixli ərazisinin nəzərə alınması və 5 il müddətinə onun tərəfindən illər üzrə icarə haqqının vaxtarışı bələdiyyənin büdcəsinə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2005-ci il tarixli 45 saylı sərancamından görünür ki, Cavabdeh tərəfindən H.Əliyev küçəsi ilə P.Səmədov küçəsinin kəsişməsinin cənub-şərq hissəsindəki boş ərazidə tikinti altı sahəsi 50.0 kv.m olan mağaza tikintisinə icazə verilməsi qərara alınmışdır. - JN-8442, KOD 20100003 saylı, xx.xx.2005-ciil tarixli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamədən görünür ki, Cavabdeh Gəncə şəhəri Nizami rayon bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 51 nömrəli qərarı və xx.xx.2005-ci il tarixli 64 nömrəli icarə müqaviləsi ilə Nizami rayonu H.Əliyev və P.Səmədov küçəsinin kəsişməsində ticarət üçün 5 il müddətinə 0.005 ha torpaq sahəsi sahibkarlığı inkişaf etdirmək şərtilə müvəqqəti istifadə üçün verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt edərək tikinti işləri aparmaqla iddiaçının öz əmlakı üzərində mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə törədir. Buna görə də iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən cavabdehin qanunsuz sahibliyindən özünə məxsus torpaq sahəsini geri tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmçinin məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın rəyindən də müəyyən olunur ki, cavabdeh tərəfindən inşa edilmiş tikililər iddiaçıya məxsus 0.005 ha torpaq sahəsinin 0.0043 ha hissəsinin hüdudları daxilində inşa edilmişdir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 3568/2019 saylı qərardadına əsasən təyin olunmuş məhkəmə tikinti–texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 10/4115 № saylı ekspert rəyində və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa və 13724 interval nömrəli xx.xx.2010-cu il tarixli X6 Pasportuna əsasən İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Pərviz Səmədov küçəsində yerləşən 0.005 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus Gəncə şəhəri, Nizmai rayonu, Pərviz Səmədov küçəsində yerləşən 0.005 ha torpaq sahəsinin 0.0043 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh tərəfindən inşa edilmiş tikililər MA seriyalı, əmlakın Dövlət ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz reyestrindən çıxarışa əsasən İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Pərviz Səmədov küçəsində yerləşən 0.005 ha torpaq sahəsinin 0.0043 ha hissəsinin hüdudları daxilində inşa edilmişdir. Cavabdehin nümayəndəsi mübahisəli torpaq sahəsinin onlara Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verildiyini bildirsə də, torpaq sahəsinin cavabdehə məxsus olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilərək cavabdeh tərəfindən iddiaçıya məxsus Gəncə şəhəri, Nizami rayonu, Pərviz Səmədov küçəsində yerləşən 0.005 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası sökülməli və cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məkhəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyinin verilməsi üçün xərclənmiş 67.20 manat pul vəsaiti isə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Pərviz Səmədov küçəsində yerləşən 0.005 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası sökülsün və Cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün xərclənmiş 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik pul vəsaiti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (Benefisarın bankı: Kapital Bank ASC Xətai filialı; Filialın kodu: 200071; VÖEN: **********; SWİFT kod: AİİBAZ2X; Müxbir hesab: AZ37NABZ********************; Benefisiarın adı: KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR; Benefisiarın hesabı: AZ23AİİB********************; VÖEN: **********) keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar