Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1398/2020 18.06.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim – Hünmətov Zaur Adil oğlunun sədrliyi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi İddiaçı – İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2, Cavabdeh – Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin ona məxsus mənzildən məcburi qaydada çıxarılması və onun öz mənzilinə köçürülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək cavabdehin ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılmasını və onun öz mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev onun mülkiyyətindədir. Cavabdeh onun mülkiyyətində olan evdən çıxmır. İddiaçı evin mülkiyyətçisi özü olduğunu qeyd edir və hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.01.2020-ci il tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına qeydə alınmışdır; “Elektron notariat”X1 Çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində olan və Gəncə şəhəri Gülüstan yaşayış massivində yerləşən 400.0 kv.metr torpaq sahəsindən Cavabdeh xerinə imtina etmişdi; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O tələbini onunla əsaslandırır ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini Cavabdeh vermişdir. O, həmin torpaq sahəsində tikili inşa etməklə yaşayış sahəsinə olan ehtiyacını aradan qaldıra bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini müdafiə edərək bildirdi ki, o 1997-ci ildə ailə quraraq mübahisəli evə gəlin köçmüşdür. O, həmin evə gəlin gələrkən ev qaynatasının adına olmuşdur. Onun artıq yetkinlik yaşına çatmış uşaqları vardır ki, uşaqlar da həmin evdə doğulmuşlar və hazırda da həmin evdə yaşayırlar. Onların başqa yaşayışyerləri yoxdur. İddiaçının isə həmin evdə yaşamasına hər hansı maneə mövcud deyildir. Odur ki, məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahişe dir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə işdə iştirak edənlərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin hallarından göründüyü kimi iddia tələbi iki hissədən ibarətdir:
1. İddiaçının öz mənzilinə köçürülməsindən.
2. Cavabdehin evdən çıxarılmasından. Məhkəmə birinci iddia tələbini əsaslı hesab edir. Belə ki, iş materiallarından gründüyü kimi fərdi yaşayış evi iddiaçının mülkyyətindədir.Cavabdeh məhkəmə iclasında özü etiraf etmişdir ki, iddiaçı hazırda həmin evdə yaşamasa da onun yaşaması üçün də hər hansı maneə yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətci özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının öz mülkiyyətində olan evdən istifadə üçün yaradılmış maneə aradan qaldırılmaqla o öz mülkiyyətində olan evə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhkəmə iddia tələbinin ikinci hissəsini, yəni cavabdehin iddiaçının mənzilindən çıxarılmasına dair hissəsini əsassız hesab edir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi cavabdeh 1997-ci ildə həmin evə gəlin köçərək yaşamış, o gəlin köçərkən onun qeyd edilən evdən istifadə edilməsi üçün mülkiyyətçi tərəfindən hər hansı qeyd şərt göstərilməmiş, göstərilsə də belə həmin qeyd-şərtin nədən ibarət olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o 1998-ci ildə mübahisəli yaşayış evində doğulmuş, elə həmin vaxtdan da həmin evdə yaşayır. O, qardaşı Pərvin, anası və nənəsi birlikdə yaşayırlar.Babası öləndən 7 gün sonra atası başqa qadınla evlənmiş və o qadını da mübahisəli evə gətirmiş,bir müddətdən sonra isə nənəsi həmin qadınla atasını evdən çıxarmışdır. Atası ilə anası 6 il bundan əvvəl ayrılmışlar. Nənəsi ilə anasının arasında mübahisənin yaranmasına səbəb o olmuşdur ki, bir ay bundan əvvəl nənəsi anasına onun əşyalarından istifadə etməsi ilə bağlı irad bildirməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 1999-cu ildə mübahisəli yaşayış evində doğulmuş, elə həmin vaxtdan da həmin evdə yaşayır. O, bacısı Pərvanə, anası və nənəsi birlikdə yaşayırlar. Babası öləndən 7 gün sonra atası başqa qadınla evlənmiş və o qadını da mübahisəli evə gətirmiş,bir müddətdən sonra isə nənəsi həmin qadınla atasını evdən çıxarmışdır. Atası ilə anası 6 il bundan əvvəl ayrılmışlar. Nənəsi ilə anasının arasında mübahisənin yaranmasına səbəb o olmuşdur ki, bir ay bundan əvvəl nənəsi anasına onun əşyalarından istifadə etməsi ilə bağlı irad bildirməsi olmuşdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, cavabdeh lə iddiaçı arasında mənzillə bağlı hüquq münasibətləri 2000-ci ildən əvvəl, yəni cavabdeh iddiaçının mülkiyyətində olan evə gəlin gələrkən yarandığından hüquq münasibətlərinə həmin dövrdən əvvəl mövcud olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123, 60, 87-ci maddələri təşkil edə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından, hazırki mübahisəyə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Hazırki işdə isə cavabdeh öz uşaqları ilə birlikdə daimi olaraq həmin evdə yaşayırlar və cavabdehin həmin evdən istifadə hüquqları mövcuddur. Qanunvericiliyin tələbinə görə əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Cavabdehə iddiaçı tərəfindən torpaq sahəsinin verilməsi cavabdehin hələ yaşayış sahəsinə ehtiyacının aradan qaldırılması demək deyildir. Belə ki, cavabdehə iddiaçıya torpaq sahəsi verilsə belə həmin torpaq sahəsinin üzərində hər hansı yaşayış sahəsinin olmasına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş iddia tələbini əsaslandıran halları sübut etməli, onları dəstəkləyən və iddia tələbini təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanda yerləşən yaşayış evinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə
q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hünmətov