Məhkəmə qərarları › İş №2(044)-172/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-172/2022

06.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-172/2022 06.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh ümumi mülkiyyətdən payının naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanda yerləşən evdə olan ½ payını real olaraq ayrılması və 30 manat dövlət rüsumunu cavadehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ünvan 2 ünvanda yerləşən ev ideal ½ paylarla X2 ilə onun ümumi mülkiyyətidir. X3 payın oğlu Etibar yaşayır və mirası sonuncu qəbul etmişdir. Həmin evdən birgə istifadə edən zaman mütəmadi olaraq aralarında mübahisə olur. Odur ki, paylarının real ayrılmasına, aranın kəsilməsinə ehtiyac yaranmışdır. Payların real ayrılması, hər tərəfin xüsusi mülkiyyətinə bir otaq və başqa sahələr verməklə texniki cəhətdən mümkündür. Belə ki, evin 22,7 kvm və 18,2 kvm sahələri olan 2 yaşayış otağı, 21,8 kvm köməkçi sahəsi, eləcə də sahibliyimizdə olan 75,2 kvm tikilisi var, onları mütəxəssisin köməyi ilə bölmək asandır. Sonda iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisə olunan ev onun ata məhəlləsidir və o, orada yaşayır. Onun qardaşı rəhmətə gedib, qardaşının sağlığında da onlar evin bölgüsü ilə bağlı razılığa gələ bilməmişlər. Həmin həyətdə iki ev var, birinin sənədləri var, digərinin yox, sənədləri olan ev ona məxsusdur və o, həmin evdə yaşayır. İddiaçı həmin həyətə gəlin gəlib, onu orada heçbir payı yoxdur. Sonda o, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 17.01.2018-ci il tarixdə ölmüşdür. Ölüm səbəbi ürək çatışmamazlığı. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ağamirzə Əhmədov küçəsi, ev 8, 2-ci dalan, ev 18 nömrəli fərdi yaşayış evinin ½ payı İddiaçı 01.04.2021-ci il tarixdə, ½ payı isə X1 adına 01.12.2020-ci-ci il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/1405 saylı, 19.11.2020-ci il tarixli arayışının surətindən görünür ki, 12 noyabr 2020-ci il tarixli ********** №-li ərizəsinə və 12 noyabr 2020-ci il tarixli ********** №-li müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən, mülkiyyətində (icarəsində, istifadəsində) olan fərdi yaşayış sahəsi üçün qiymətləndirilmə işi aparılmışdır. Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji fərdi yaşayış sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin 19 noyabr 2020-ci il tarixinə bazar dəyəri 80000 (səksən min) manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər(220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər(220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir(220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər(220.4).Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir(220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər(220.6). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsindən görünür ki, mülki qanunvericilik ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılaraq paylı mülkiyyətçilər arasında bölünməsi qaydasını mərhələli formada müəyyən etmişdir. Həmin qaydaya görə, ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsini tələb edən paylı mülkiyyətçi əvvəl ümumi əmlakdan payının ayrılması tələbi irəli sürə bilər, payın ayrılması mümkün olmadıqda, payının əvəzinə digər mülkiyyətçilər tərəfindən ona kompensasiya ödənilməsini tələb edə bilər və yalnız digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsindən imtina olunduqda, mülkiyyətçi əmlakın hərracdan satılması, əldə olunan pulun paylara uyğun bölünməsi tələbi irəli sürə bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”... Mülki iş materiallarında olan və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərardadına əsasən təyin olunmuş məhkəmə tikinti – texniki ekspertizasının 08.04.2022-ci il tarixli, 10/960 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərd aşayış evinin tərəflərin paylarına uyğun olaraq ½ və ½ hissələrə uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Belə olan halda məhkəmə qeyd olunan normaları və ekspertin rəyini nəzərə alaraq hesab edir ki, ünvan 3 ünvanında yerləşən fərd aşayış evinin İddiaçı məxsus ½ payının naturada bölünməsi mümkün olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməli, məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdən payının naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar