Məhkəmə qərarları › İş №2(044)-2613/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2613/2020

24.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2613/2020 24.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının” müəyyən olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək babası Ərizəçi Səməd oğlunun 1942-ci ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami küçəsi, 149 saylı ünvandakı mülkün 1/3 hissəsi atası X1 adınadır. Atası xx.xx.2013-cü ildə, atasının anası X3 xx.xx.1981ci ildə vəfat etmişlər. O, atasının qanun üzrə vərəsəsi kimi miras mülkdə yaşamaqla mirası faktiki qəbul edib ona sahiblik edir. Miras qalmış mülkdəki atası X2 məxsus 1/3 payı adına keçirtmək istəyir. Ancaq Azərbaycan Respublikası Dövlət arxivindən babası Ərizəçi Səməd oğlunun 1942-ci ildə Gəncə şəhərində vəfat etməsi barədə sənədin aşkarlanmadığı bildirilmişdir. O, ölüm haqqında sənədin alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, ona rədd cavabı verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq babası Ərizəçi Səməd oğlunun 1942-ci ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, babası Ərizəçi Səməd oğlu həqiqətən 1942-ci ildə Gəncə şəhərində vəfat etmiş, lakin müharibə dövrü olduğundan ölüm kağızı almamışlar. Hazırda vərəsəliklə bağlı sənədlərini hazırlamaq istəyir, lakin babasının ölüm haqqında şəhadətnaməsi olmadığından notariat kontorundan vərəsəlik haqqında şəhadətnamə ala bilmir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, onun müraciəti təmin edilməmişdir. Ona görə də babası Ərizəçi Səməd oğlunun 1942-ci ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə xx.xx.2020-ci il tarixdə məktub ünvanlanmış və məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 bildirmişdir ki, o, ərizəçi Ərizəçi ilə uzun müddətdir ki, qonşudurlar. O, uzun illərdir Ərizəçi tanıyır. O, həmişə Ərizəçilə və ya onun qohumları ilə danışarkən bilmişdir ki, onun Ərizəçi Səməd oğlu adlı babası olmuş və o, müharibə illəri ərəfəsində, 1942-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 bildirmişdir ki, o, ərizəçi Ərizəçi onun atası Allahverdi Qarayev sağ olduğu vaxtlardan tanıyır və uzun müddətdir onunla qonşuluqda yaşayır. O, hələ ərizəçinin atası Allahverdi Qarayev sağ olarkən onunla söhbətlərində bilmişdir ki, Allahverdi Qarayevin atası, yəni Ərizəçi babası Ərizəçi Səməd oğlu müharibə illəri ərəfəsində, 1942-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla, o cümlədən şahid ifadələri ilə yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Gəncə şəhəri 1 saylı notariat kontorunun 311 saylı qərarından görünür ki, Ərizəçi lazımi sənədləri təqdim etmədiyi üçün vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət arxivinin Gəncə filialının 391/3 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ərizəçinin atası Qarayev Allahverdinin atası Ərizəçi Səməd oğlu, anası Qarayeva İmmi Söyün qızıdır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsində qeyd edilir ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Məhkəmə bununla bağlı onu qeyd edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də Ərizəçi Səməd oğlu 1942-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Ərizəçi bununla bağlı ölüm haqqında şəhadətnamə alınması tələbi ilə müvafiq Qeydiyyat şöbəsinə müraciət etsə də, onun müraciəti təmin edilməmiş və ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırılması zamanı Ərizəçi Səməd oğlunun 1942-ci ildə Gəncə şəhərində ölməsi faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, ərizənin məzmunundan, habelə iş materiallarından da aydın olur ki, məhkəmə tərəfindən təsdiq olunmasını istədiyi fakt ərizəçiyə vərəsəliklə bağlı işlərini həll etmək üçün lazımdır və bununla bağlı da o, müvafiq Qeydiyyat şöbəsinə müraciət etmiş, onun etdiyi müraciətə cavab olaraq məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ərizəçinin tələbini əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olmasını məhkəmə müəyyən etməklə bu Məcəllədə müəyyən olunmuş qaydada əldə edilmiş məlumatları yazılı sübutlarla, şahidlərin ifadələri ilə və işdə iştirak edən şəxslərin izahatları ilə yoxlayaraq ərizənin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək, tətbiq edilməli olan hüquq normalarını rəhbər tutaraq hesab edir ki, Ərizəçi Səməd oğlunun 1942-ci ildə Gəncə şəhərində ölməsi faktı məhkəmə iclasında sübut edildiyindən onun həmin ildə ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 307, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi Səməd oğlunun 1942-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar