Məhkəmə qərarları › İş №2(044)-268/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-268/2021

04.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-268/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkün cavabdehin qanunsuz zəbtindən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mülkün cavabdehin qanunsuz zəbtindən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunsuz yolla zəbt etdiyi əmlakından çıxarılması və mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh heç bir qanuni əsaslar olmadan ünvan 1 binanın birinci mərtəbəsində yerləşməklə ona məxsus 4,6 kvadrat metr qeyriyaşayış sahəsinə zorakı yollarla daxil olaraq ona mülkiyyət hüququ əsasında məxsus olan əmlakını zəbt etmişdir. Cavabdeh həmin qeyri-yaşayış sahəsində içəridə nə varsa hər şeyi özbaşına ələ keçirmişdir. Nəticədə cavabdehin hərəkətləri onun qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Odur ki, cavadehin ona məxsus ünvan 1 binanın 1-ci mərtəbəsində yerləşən 4,6 kvadratmetrlik qeyri-yaşayış sahəsindən çıxarılmasını və özünün mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.09.2004-cü il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanda yerləşən binanın zirzəmisinə pilləkən açılmaqla istifadəyə verilməsi qət edilmişdir. Daga sonra Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 07.12.2004-cü il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.09.2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.02.2005-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin 07.12.2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ünvan 2 ünvanında yerləşən 4,6 kvadratmetr qeri-yaşayış sahəsi isə İddiaçı adına qeyd edilmişdir. O, İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 4,6 kvadratmetr qeri-yaşayış sahəsini zəbt etməmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işin materiallarında olan: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.09.2004-cü il tarixli, 2-1240/2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən binanın zirzəmisinə gedən 2-ci giriş yolu (pilləkən) açılmaqla istifadəyə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 07.12.2004-cü il tarixli, 1mk-6406/04 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27.09.2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.02.2005-ci il tarixli, 6K-295/2005 saylı qərarının surətindən görünür ki, Apellyasiya Məhkəməsinin 07.12.2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 22.12.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 4,6 kvadratmetr qeri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 08.05.2014-cü il tarixli çıxarış verilmişdir. 08.05.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 4,6 kvadratmetr qeri-yaşayış sahəsi İddiaçı adına qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 17.03.2021-ci il tarixli, 10/4259 nömrəli rəyində göstərilmişdir ki, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin 28.03.2014-cü il tarixli, 5314 saylı alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 249 saylı binanın 1-ci mərtəbəsində yerləşən 4,6 kvadratmetr qeyri-yaşayış sahəsinə 08.05.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 249 saylı binanın 1ci mərtəbəsində olan 4,6 kvadratmetr qeyri-yaşayış sahəsi faktiki olaraq Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 249 saylı binanın zirzəmisinin 11,1 kvadratmetr giriş hissəsinin üstündə yerləşir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 04.05.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 249 saylı binanın zirzəmisini alqı-satqı müqaviləsinə əsasən X1. Həmin zirzəminin 11.1 kvadratmetr hissəsinə girişçıxış sərbəstdir və heç bir qonşu tikililərə maneçilik etmir, İddiaçı məxsus 4,6 kvadratmetr qeri-yaşayış sahəsinə giriş-çıxış sərbəstdir və qonşu tikililərə heç bir maneçilik törətmir. Beləliklə də, məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan əmlakın cavabdeh tərəfindən zəbt edilməsini təsdiq edən hallar müəyyən edilməmiş və eyni zamanda iddiaçı məhkəmə icraatında sübut etmə yükünün öhdəsindən gələ bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 4,6 kvadratmetr qeri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçınə məxsusdur və ona məxsus olan həmin əmlakın zəbt edilməsi hər hansı sübut növü ilə təsdiq edilmədiyindən iddia tələbi əsassız sayılmalıdır. Belə ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılır. Məhkəmə qeyd edir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Bununla bərabər, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və bu institutun xüsusi əhəmiyyət kəsb etməsi çox vacibdir. İddia tələbinin təsdiqlənməsi üçün iddia edən şəxsin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd etmək səlahiyyətinə malikdir. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal yaranır və belə olduğu təqdirdə məhkəmədə iddia üzrə iddiaçıya məxsus olan əmlakın cavabdeh tərəfindən zəbt edilməsi və iddiaçının mülkiyyət hüququna cavabdeh tərəfindən hər hansı qanunsuz müdaxilə edilməsinə dair faktların mövcud olmadığı qənaətinə gəlməklə iddianın əsassız olması nəticəsinə gəlmək üçün zəmin yaradır. Eyni zamanda qeyd edilməlidir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar onları təsdiq etməli olan fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 17.03.2021-ci il tarixli, 10/4259 nömrəli rəyi ilə əlaqədar 100 (yüz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə xərcləri olaraq İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz yolla zəbt etdiyi əmlakından çıxarılması və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar