Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2895/2021 26.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh3 Ümid qızının, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ümid qızına qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən ona məxsus 72 adda əşyalarının ya naturada ya dəyərinin müştərək qaydada alınmasına, 6 adda qızıl əşyalarının, 5000 manat pulun, 3 ədəd albomların (şəkil üçün), 2 ədəd 1-ci sinif venetkasının, məktəb çantalarının, dəftər-kitabın, dərs ləvazimatlarının, sənədlərin, pensiya kartlarının, maaş kartlarının və həyətdə olan butulkaların cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, ünvan 1-də yerləşən mülk onun atasına məxsus olmuşdur. Onun hər iki valideyni həmin evdə yaşamış, anasının sağlığında anası özünə aid payı qardaşı arvadı Xanıma bağışlamış, sonradan həmin hissə qardaşının adına keçirilmiş, daha sonra isə onun əlindən geri alınmışdır. Anası vəfat etdikdən sonra, atası Cavabdeh1 ondan ailəsi ilə birgə, həyətdə olan evə köçməyini, həm ona, həm ailəsinə baxmağını xahiş etmiş, digər tərəfdən də söz vermişdir ki, mülkü sonuncunun adına keçirəcəkdir. Buna görə də o, həmin mülkə ailəsi ilə birlikdə bütün əşyalarını da aparıb köçmüş, əşyalarını həyətdə olan digər evə bəzəmişlər. Atasının evinin giriş-çıxışı ayrı, onlarınkı ayrı olmuşdur. O, işlədiyi üçün atasına yaxşı qulluq edə bilməmiş və onu Cavabdeh2 Şakir qızı ilə evləndirmişdir. İlk əvvəl münasibətləri normal olsa da, sonradan onun atası ilə münasibəti korlanmış, 25.09.2010-cu ildə o, evə gələndə mülkün küçə darvazasının qıfılının dəyişdiyini görüb “102” xidmətinə zəng etmiş, polislər gələndə, o, sonunculardan xahiş etmişdir ki, qapının qıfılının dəyişdirilməsi ilə bağlı qapının şəklini çəksinlər, lakin onlar şəkli çəkməmişlər. Qapının arasından baxanda məlum olmuşdur ki, ona və ailəsinə məxsus əşyalarının bir hissəsi mülkün ikinci mərtəbəsində pilləkən boyu qırıq vəziyyətdədir. Ona sonradan məlum olmuşdur ki, atası Qoşqar arvadı Dürdanəni qeydiyyata salıb, sonra da mülkü sonuncunun adına da bağışlamışdır. Dürdanə də həmin evi gizlin Cavabdeh3 Ümid qızına alqı-satqı yolu ilə satıb qaçmışdır. Hazırda atası ilə Dürdanənin harada olmaları barədə onda məlumat yoxdur. Həmin mülkü isə Cavabdeh3 Ümid qızı idarə edir. Elza ona imkan vermir ki, o, özünə məxsus əşyaları ordan çıxarsın. Mülkdə olan əşyalar dəyəri 2000 manat olan 1 ədəd 2 kameralı qutuda (işlənməmiş) soyuducu, dəyəri 1000 manat olan 1 ədəd (işlənmiş) soyuducu, dəyəri 600 manat olan paltaryuyan (avtomat) dəyəri 200 manat olan qaz peçi, dəyəri 150 manat olan soba, dəyəri 50 manat olan sac, dəyəri 50 mant olan ət çəkən maşın, dəyəri 100 manat olan ütü, dəyəri 50 manat olan mətbəx stolu, dəyəri 600 manat olan servant , dəyəri 450 manat olan divan-kreslo (üstü ilə birlikdə), dəyəri 200 manat olan stol və 6 ədəd stul, dəyəri 100 manat olan televizor altı, dəyəri 300 manat olan televizor, dəyəri 50 manat olan DVD, dəyəri 50 manat olan video, dəyəri 100 manat olan krosno, 10 ədədə yaxın kasetlər, dəyəri 200 manat olan 2 ədəd 2 nəfərlik yataq dəsti, dəyəri 200 manat olan dolab, dəyəri 50 manat olan 1 ədəd çarpayı, dəyəri 230 manat olan 3 ədəd buxovu ədyal, dəyəri 600 manat olan döşəklər (4 ədəd tək, bir ədəd cüt), dəyəri 80 manat olan pokrval dəsti (süd rəng), dəyəri 80 manat ola pokrval dəsti (bənövşə rəngi), dəyəri 90 manat olan pərdələr (pəncərələrdə), dəyəri 150 manat pastellər 3 ədəd, dəyəri 100 manat olan işlənmiş pastellər, dəyəri 150 manat olan 2 nəfərlik pastellər (təzə), dəyəri 150 manat olan skaterlər 6 ədəd təzə, 5-i işlənmiş, dəyəri 50 manat olan 2 ədəd stol, dəyəri 30 manat olan turmo, dəyəri 200 manat olan çarpayının altında olan işlənmiş qablar, dəyəri 300 manat olan işlək qablar (mətbəxdə), dəyəri 25 manat olan qaz balonu, dəyəri 20 manat olan 5 ədəd su qabları, dəyəri 300 manat olan 2 ədəd xalça (təzə) gəlinə məxsus olan, dəyəri 200 manat olan 1 ədəd kili, dəyəri 20 manat olan servis dəsti (gəlinə məxsus), dəyəri 600 manat olan servantda olan qablar (gəlinə məxsus bahema və xrustallar), dəyəri 50 manat olan 2 ədəd divan üstü dəsti, dəyəri 20 manat olan içində pul olan kassa, dəyəri 50 manat olan fen, dəyəri 50 manat olan su matoru, dəyəri 30 manat olan şlank, dəyəri 50 manat olan farsunka, dəyəri 15 manat olan ələk, yayqı, oxlov, dəyəri 50 manat olan istilik peçi (əldə düzəlmiş), dəyəri 15 manat olan divar güzgüsü, dəyəri 15 manat olan divar saatı, dəyəri 20 manat olan şişlər, dəyəri 150 manat olan qış ərzaqları, dəyəri 100 manat olan bankalar (dolu və boş), dəyəri 30 manat olan 2 ədəd kilimlər, dəyəri 10 manat olan çərçivə (suvener) şəkil üçün, dəyəri 15 manat olan qoz ağacından suvener, dəyəri 60 manat olan 3 ədəd suvener (gəmi), mücrü və digərləri, dəyəri 400 manat olan 3 ədəd şubalar (iki gödəkçə) biri uzun, dəyəri 150 manat 5 ədəd (təzə) hicablar, dəyəri 30 manat olan jurnalni, dəyəri 10 manat olan ev telefon aparatı, dəyəri 30 manat olan ləyənlər, dəyəri 10 manat olan çörək qabı, dəyəri 10 manat olan 2 ədəd aşsüzən, dəyəri 50 manat olan 3 ədəd tavalar, dəyəri 10 manat olan vanna, dəyəri 30 manat olan 2 ədəd suvenir atlar, dəyəri 20 manat olan yumşaq oyuncaqlar, dəyəri 150 manat olan məktəb geyimləri(uşaqlarının), dəyəri 150 manat olan namaz geyimləri, 3 ədəd albomlar şəkil üçün, 2 ədəd 1-ci sinif venetkalar, məktəb çantaları, dəftər, kitab, dərs ləvəzimatları, sənədlər pensiya kartları, maaş kartları və həyətdə olan butulkalar, qızıl-zinyət əşyaları-dəyəri 440 manat olan 9 qram sırğa, dəyəri 600 mant olan 12 qram tros sep, dəyəri 65 manat olan 1 ədəd gümüş komplekt, dəyəri 30 manat olan gümüş sirğa, dəyəri 30 manat olan gümüş kişi üzüyü, 5000 manat pul cəmi 17.700 manat pul. O, əşyaların bir qismini sonradan evdən çıxarsa da, həmin əşyaların dəyəri 65 manat olan 1 ədəd gümüş komplekt, dəyəri 30 manat olan gümüş sirğa, dəyəri 30 manat olan gümüş kişi üzüyündən başqa hamısı yararsız vəziyyətdədir. Ona görə də iddia ərizəsində göstərdiyi əşyaların hamısını cavabdehlərdən tələb edir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 Ümid qızı məhkəmə iclasında iddianın rədd edərək bildirmişdir ki, o, ünvan 1 ünvanını alqı-atqı yolu ilə, Qoşqardan almışdır. O, evi aldıqda, Qoşqar ondan evin boşaldılması üçün bir ay vaxt istəmişdir. O, evi aldıqdan bir müddət sonra ailəsi ilə həmin evə gəlmiş, ancaq iddiaçı onları qovaraq həmin evə buraxmamışdır. Bundan bir neçə gün sonra o, həmin evə gəlib qapını açmış, evdə heç kəs olmamış, o, öz əşylarını yerləşdirmiş və qapının qıfılını dəyişdirmişdir. Sonra ona polis əməkdaşları zəng edərək iddiaçının ora gəldiyini bildirmiş, o, polis əməkdaşlarına həmin evin mülkiyyətçisi olduğunu demişdir. Daha sonra o, iddiaçıya məxsus əşyaların çıxarılması ilə bağlı məhkəməyə də müraciət etmiş, iddiaçı tapmaq mümkün olmamdığından iddia təmin olunmamışdır. O, evi təmir etmək üçün iddiaçıya məxsus bütün əşyaları bir otağa yığmış, həmin əşyalar işlənmiş olmuş, yalnız 1 ədəd təzə soyuducu olmuşdur. İddiaçı onun evində olan bütün əşyalarını video çəkilişlə gəlib aparmışdır, o, iddiaçının heç bir əşyasını yararsız vəziyyətə salmamış, həmin əşyaların əksəriyyəti köhnədən qalan əşyalar olmuşdur. Hazırda onun evində iddiaçının heç bir əşyası qalmamışdır. Cavabdehin vəkili və nümayəndəsi cavabdehin izahatındakı xüsusatları təsdiq edib iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, iddiaçının qonşusu olmuşdur. İddiaçı anası rəhmətə gedəndən sonra atası ilə birlikdə mübahisəli evdə qalmışdır. Təxminən 5-6 ay əvvəl iddiaçı həmin evdən çıxmış, Qoşqar əmi evi satmışdır. Lakin o, iddiaçının özünə məxsus əşyaları çıxarmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, iddiaçının qonşusu olmuşdur. İddiaçı atası Qoşqar ilə birlikdə mübahisəli evdə yaşamışdır. Təxminən bir neçə ay əvvəl Qoşqar evi satdığı üçün Fazilə oradan çıxmışdır. Lakin o, iddiaçının hansı formada evdən çıxdığını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, o, iddiaçının əvvəl yaşadığı, indi isə Cavabdeh3 məxsus ein yerləşdiyi ərazinin sahə rəisi olmuşdur. İddiaçı DİN “102 xidməti”nə müraciət etdiyi üçün o, həmin evə gəlmişdir. Onun iştirakı ilə iddiaçı evdən bir neçə uşaq paltarlarını və sənəd götürmüş, lakin əşyalar götürülməmişdir. Cavabdeh3 əşyaları bir otağa yığmışdı ki, gəlib aparsınlar. Həmin vaxt Cavabdeh3 yenə müraciət etdi ki, İddiaçı əşyaları götürsün, hətta 500 manat təklif etdi ki, əşyaları aparsınlar. Həmçinin orada İddiaçı adi boş banka göstərərək bildirdi ki, pulu və qızılları bunun içində olmuşdur. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli evdə əşyalara yerli baxış keçirilmiş, baxış zamanı iddiaçıya məxsus əşyaların bir otağa yığıldığı müəyyən olunmuşdur. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1966-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. Ata qrafasında X3, ana qrafasında X4 qeyd edilmişdir. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 18 iyun 1957-ci il tarixdə Daşkəsən rayonu Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10.03.2015-ci il tarixdə vəfat etmiş, ölüm səbəbi ağ ciyər ödemi. - Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin HK-1/1871 saylı materialından görünür ki, İddiaçı 02.12.2020-ci il tarixdə polis idarəsinə şikayət ərizə ilə müraciət edərək bildirmişdir ki, atası ilə yaşadığı evi atası Elza adlı şəxsə satmış, Elza isə qapının kilidini dəyişmiş, nəticədə onun əşyaları həmin evdə qalmışdır. Nizami RPİ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X2 HK-1/1871 saylı materialı nəzərdən keçirmiş və 3 oktyabr 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir, qərardan görünür ki, 21.10.2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan İddiaçı DİN-in 102 xidmətinə etmiş olduğu müraciətində göstərilən ünvan 3 ünvanından qapınn sındırılaraq əşyaların oğurlanması faktı öz təsdiqini tapmamış, belə ki, ünvan 2 ünvanının rəsmi sənədlərlə Cavabdeh3 məxsus olması və 21.10.2020-ci il ünvan 3 ünvanına Cavabdeh3 gələrək evin qıfılını sındırmış və evdə olan əşyaları bir otağa yığmış, təmir məqsədi ilə evin 1 ədəd köhnə taxta pəncərəsini sındıraraq həyətə atmışdır. Araşdırma zamanı tərəflər arasında mübahisənin mülkü xarakterli olması müəyyən edilmiş, mülkü xarakterli məsələlər məhkəmə orqanlarının səlahiyyətində olduğundan və həmin faktda heç bir cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən məlum olmuşdur ki, iddiaçı mübahisəli evdə olan əşyalarını Cavabdeh3 və vəkillərin iştirakı ilə götürmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmamalıdır. Çünki iddiaçı ona məxsus əşyaların bir hissəsinin cavabdehlər tərəfindən yararsız hala salındığını, bir hissəsinin isə ümumiyyətlə mübahisəli evdə qaldığını bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, yerli baxış zamanı, həmçinin video çəkilişdən görünür ki, iddiaçıya məxsus əşyalar işlənmiş olmuş, iddiaçı tərəfindən götürülən əşyaların iddiaçının istifadə etdiyi dövrdə, yoxsa sonradan cavabdehlərin cavabdehlərin hərəkəti nəticəsində zədələnməsini, hazırkı vəziyyətdə olmasını müəyyən etmək mümkün deyildir. Eyni zamanda həmin əşaların 1 il ərzində bir otaqda saxlanması nəticəsində tozlanması təbii haldır. Bundan başqa iddiaçı ona məxsus qızılların və 5000 manat pulun da həmin evdə qaldığını iddia etsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hətta iddiaçı vəsatəti ilə dindirilmiş şahidlər də dəqiq olaraq iddiaçının hansı əşyaları apardığını, hansı əşyaları aparmadığını təsdiq edə bilməmişlər. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı əşyalarının bir hissəsinin cavabdehlər tərəfindən yararsız hala salındığını, bir hissəsinin isə evdə olduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ümid qızına qarşı əmlak və pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2895/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2895/2021
26.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver