Məhkəmə qərarları › İş №2(044)-2904/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2904/2021

09.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2904/2021 09.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil Mehdiyev Rövşən Əmir oğlunun, Cavabdehlər X3 və X4 istirakı ilə, İddiaçı cavabdehlər X5, X6 və X13 qarşı «avtomobilinin alınaraq ona verilməsi» tələbinə dair iddia tələbi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5, X6 və X13 qarşı «avtomobilinin alınaraq ona verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Opel Tiğra” markalı, ** CS *** dövlət qeydiyyat nişanlı ünvan 1 ünvandan – cavbdehlərdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X11 tərəfindən ƏN-Vİİ 307021 saylı etibarnamə əsasında ona "xxxx" markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, ərizə vermək səlahiyyətləri verilmişdir. O, müvəqqəti olaraq avtomobili atası yaşadığı ünvan 1 ünvanda olan qarajında saxlamış və o, hər dəfə avtomaşını qarajdan götürmək istəmiş, lakin cavabdehlər avtomaşını verməyəcəklərini bildirmişlər. O, 2020-ci ilin may ayında avtomobilin çıxarılması üçün ona köməklik etmələri üçün Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət etmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçının nümayəndəsi, vəkil Mehdiyev Rövşən Əmir oğlu məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X8 məhkəmə iclasında bildirdi ki, İddiaçı onun qardaşı qızıdır və onun atası xəstə olanda atasına qulluq etməmiş, hətta yas mərasimlərinin keçirilməsində belə iştirak etməmişdir. İddiaçının atasına xəstə olan vaxt o, və baçısı baxmış və qulluq etmişlər lakin iddiaçı atasına heç bir köməklik etməmişdir. "xxxx" markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil onun qardaşına məxsus olmuşdur. Lakin iddiaçının adına həmin avtomobilə dair necə etibarnamə verməsindən xəbərləri olmamışdır. Məhkəmədən iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasında cavabdeh X8 ilə eyni məzmunlu izahat verdi. Məhkəmədən iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X15 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X12 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlər X3, X4 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 08.07.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, İddiaçı məxsus "xxxx" markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil Atasığorta ASC-də sığoprtalanmışdır. Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsi tərəfindən 18.07.2020ci il tarixdə İddiaçı ünvanlanmış məktubda, ərizədə göstərilən xüsusatlar mülki münasibətlər zəminində baş verdiyindən məhkəmə orqanlarına müraciət olunması bildirilmişdir. 03.06.2021-ci il tarixli ƏN-Vİİ 781192 saylı etibarnamənin surətindən görünür ki, X11 tərəfindən "xxxx" markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, digər hərəkətlər, qeydiyyatda salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək barədə səlahiyyətlər barədə etibarnamə verilmiş və həmin etibarnamə (03.06.2022-ci il tarixədək) 01 (bir) il müddətinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, X11 tərəfindən "xxxx" markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı 03.06.2021-ci il tarixdə ƏN-Vİİ 781192 saylı etibarnamə 01 (bir) il müddətində verilmiş, həmin avatomaşın hazırda cavabdehlərə məxsus ünvanda saxlanılır, hazırda iddiaçı etibarnamə ilə ona verilən "xxxx" markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilini cavabdehlər yaşadığı ünvan 1 ünvandan götürməsinə cavabdehlər mane olurlar. Məhkəmə göstərir ki, İddiaçı mülkiyyətçi olmasa belə onun hüquqları digər şəxslər tərəfindən pozulmaqdan qorunur. Belə ki, məhkəmənin bu yanaşması Mülki Məcəllənin 158.4-cü maddəsindən qaynaqlanır. Həmin normada qeyd olunmuşdur ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırda mövcud durumda Kəmanə Behbudvanın mübahisə nəqliyyat vasitəsini baş etibarnamə əsasında idarə etməsi, onun bir növ həmin əmlak üzərində titul sahibliyi hesab olunur. Hansı ki, həmin etibarnamə avtomobil barəsində bütün hüququların, o cümlədən avtomobili özgəninkiləşdirmək barədə hüququların Kəmalə Behbutovaya verilməsindən ibarət olmuşdur. Yəni, onun avtomobil üzərindəki, sahibliyi, mülki hüququ asbeklərdən yaranan sahibliyin (tradisiyanın) törəmə üsulu ilə ona keçmiş, əmlak üzərindəki faktiki hökmranlığıdır. Yəni bu sahiblik qanuni sahiblikdən doğan İddiaçı münasibətdə vicdanlılıq prinsipinə söykənir. Məhkəmə diqqətə çatdırır ki, Mülki Məcəllənin 165.1-ci maddəsinə görə Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Sadalanan maddi hüquq normalarını işin həqiqi halları ilə sistemli şəkildə təhlil edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı əmlak hüquqlarının cavabdehlər tərəfindən pozulmasının qarşısı alınmalı və onun hüquqları real olaraq özünə fayda verəcək şəkildə bərpa edilməsi təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 03.06.2021-ci il tarixli ƏN- Vİİ 781192 saylı etibarnamə əsasında məxsus olan "xxxx" markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili (1997-ci il buraxılışlı, mühərrik X14XE20722388, ban WOL000075V4037663) cavabdehlər X1, X2 və X10 alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X1, X2 və X10 1997-ci il buraxılışlı, mühərrik X14XE20722388, ban WOL000075V4037663, "xxxx" markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili alınıb İddiaçı verilsin. İş üzrə ödənmilmiş 10 manat dəvlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar