Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3420/2021 02.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Yusifova Şəfayət Ağəli qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əşya» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus 3100 manat dəyərində əşyaların naturada, əşyalar olmadığı halda dəyərinin və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun qaynıdır. Həyat yoldaşı Rövşən vəfat edəndən sonra cavabdeh onu iki övladı ilə Gəncə şəhəri, İbrahim Eminbəyli küçəsi, 90 saylı evdən çıxarmışdır. O evdən çıxarkən bir sıra ev əşyaları həmin evdə qalmışdır. Cavabdeh könüllü olaraq həmin əşyaları qaytarmır.Həmin əşyalar aşağıdakılardır: Nərdtaxta, əl işi- dəyəri 200 manat, jurnal stolu əl işi-dəyəri 200 manat, soyuducu- 400 manat, ayaq tikiş maşını 2 ədəd-dəyəri 1000 manat, şifoner, üstlü- dəyəri 100 manat, televizor- dəyəri 100 manat, kompyuter stolu, stullar - dəyəri 250 manat, samavar- dəyəri 200 manat, alüminium beton-dəyəri 40 manat, mətbəxdə işlənən qab qacaqlar- dəyəri 200 manat, 5 ədəd 4 metirlik 100 sm-lik dəmir truba- 400 manat, ümumi dəyəri 3100 manatdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki,Yusifov Rövşənlə uzun müddətdir faktiki nikah münasibətlərində olsa da, onların arasında rəsmi nikah qeyd edilməmişdir. O cəzaçəkmə müəssisəsində olarkən oradan nərdtaxta göndərmiş, eyni zamanda iddia ərizəsində göstərilən qalan əşyaları da onlar birgə nikah dövründə əldə etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, Günəş onun qardaşı Rövşənin qeyri-rəsmi nikah münasibətində olduğu arvadı olmuşdur. Onun tələb etdiyi əşyalar birgə nikah dövründə əldə edilən əşyalar deyildir. Həmin əşyalar mərhum anasına aid olan əşyalardır. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını iş materiallarında olan iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. İlk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2.Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır.
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyalarının iddia etdiyi sayda və növdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, o, sadaladığı əşyalarının cavabdehdə qalmasını biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun həmin tələbini əsaslı hesab etmək mümkün deyildir. Əvvəla məhkəmə onu qeyd edir ki, iddiaçı əşyaları cavabdehdən tələb etməklə həmin əşyaları cavabdehin qardaşı Rövşənlə birgə nikah dövründə əldə edilməsinə istinad etmişdir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.İddiaçı ilə Rövşən Yusifov rəsmi nikah münasibətində olmadığından iddiaçının tələb etdiyi əşyalar sübut edilsə də belə həmin əşyalar bigə nikah müddətində əldə edilmiş əşyalar hesab edilə bilməz. Ona görə də iddiaçı Rövşənə məxsus əşyaları tələb etmək kimi müvafiq subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı ilə Rövşən Yusifov arasında rəsmi nikah qeydə alınmadığından o birgə mülkiyyətə istinad etmək kimi hüquqi ixtiyarlı deyildir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş əşyalarının mövcudluğunu, onun cavabdehdə olduğunu və cavabdeh tərəfindən qaytarılmadığını sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia ərizəsi üzrə tələb təmin edilmədiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı Cavabdeh qarşı «əşya» tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov