Məhkəmə qərarları › İş №2(044)-501/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-501/2021

21.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-501/2021 21.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak və pul» tələbinə dair iddia tələbi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1 ədəd Beko markalı kondisioner, 1 ədəd 5kq-lıq LG markalı paltar yuyan maşın, 1 ədəd Nord markalı soyuducu, 1 ədəd LG markalı bateraya daşı ilə işləyən su qızdırıcının, onlar olmadıqda isə həmin əşyaların dəyəri - 1800 manatın, ödənilməmiş 2 aylıq kirayə haqqının-460 manatın, həmçinin ödənilən 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyət hüququ ilə həyat yoldaşı X1 məxsus olan birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən evini 2019-cu ilin may ayında Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 230 manata kirayəyə vermişlər. Qeyd olunan əmlakı cavabdehlərə ailəli olduqları və evə yaxşı baxdıqları üçün vermişlər. Mənzil onlara 700 manat dəyərində 1 ədəd Beko markalı kondisioner, 550 manat dəyərində 1 ədəd 5 kq-lıq LG markalı paltaryuyan maşın, 400 manat dəyərində 1 ədəd Nord markalı soyuducu, 150 manat dəyərində 1 ədəd LG markalı batareya daşı ilə işləyən su qızdırıcı ilə birlikdə təhvil verilmişdir. Cavabdehlər kirayə haqlarını 2020-ci il aprel ayınadək ödəmişdilər. May ayında növbəti ödəniş vaxtı gəldikdə Yaqubla telefonla əlaqə saxlamışdır. O isə müxtəlif bəhanələr gətirərək kirayə haqqının ödənişini gecikdirmişdir. 07.07.2020-ci il tarixdə binanın qarşısından gedən zaman həyətdən mənzilin eyvanına baxarkən kondisionerin olmadığını görmüşdür. Yaqubdan kondisionerin harada olmasını soruşduqda o, kondisionerin yandığını bildirmişdir. 08.07.2020-ci il tarixdə mənzilə daxil olarkən su qızdırıcısının, soyuducunun, kondinsonerin, paltar yuyan maşınının olmadığını görmüşdür. Leyladan həmin əşyaların harada olduğunu soruşmuş, o isə bu barədə hər hansı məlumatının olmadığını bildirmişdir. O, cavabdehlərin hüquqa zidd hərəkətlərindən polisə müraciət etmiş, Gəncə şəhər Baş Polis İdarəsinin 25 iyul 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavadehlər məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı müraciəti əsasında Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılmış və həmin araşdırma nəticəsində 25 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Baş Polis İdarəsinin 25 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 əməli özgə əmlakını talama kimi qiymətləndirilməmiş, Cavabdeh1 barəsində cinayət işinin başlanması rədd edilmiş və onun əməli mülki münasibətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndirilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 25 dekabr 2020-ci il tarixli həmin qərarından görünür ki, Cavabdeh1 Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə verdiyi izahatda İddiaçı evində hər ay 230 manat kirayə haqqı ödəyərək kirayədə qaldığını, həmin evdə kirayədə qalarkən bir ədəd kondisioner, bir ədəd soyuducu, bir ədəd paltaryuyanı və bir ədəd su qızdırıcını evdən İddiaçı icazəsi olmadan götürüb 160 manata Goranboy rayonunda olan tanış ustaya satdığını, həmçinin may və iyun aylarının kirayə haqqını vermədiyini etiraf etmişdir. Lakin Gəncə şəhər Baş Polis İdarəsinin 25 dekabr 2020-ci il tarixli qərarında və həmin araşdırmaya dair digər materiallarda digər Cavabdeh2 iddia tələbində göstərilən həmin əşyalara dair hər hansı məlumatının olmasına və ya onları hər hansı şəkildə əldə etməsinə dair hər hansı sübut növü müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallrına ələvə edilmiş “xxxx” MMC-nin 12.04.2021-ci il tarixli, 137 saylı rəyindən görünür ki, 1 ədəd “BEKO” markalı kondisionerin bazar qiyməti 700 manat, “LG” markalı 5kq-lıq paltaryuyan maşın 550 manat, “Nord” markalı soyuducu 400 manat, “LG” markalı batareya daşı ilə işləyən su qızdırıcısı 150 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə iddia tələbinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə də, Cavabdeh1 tərəfindən İddiaçı iddia tələbində göstərdiyi 1 ədəd Beko markalı kondisioneri, 1 ədəd 5kq-lıq LG markalı paltar yuyan maşını, 1 ədəd Nord markalı soyuducunu, 1 ədəd LG markalı batareya daşı ilə işləyən su qızdırıcını heç bir hüquqi əsas olmadan ələ keçirməsi, həmçinin iki aylıq kirayə haqqını, yəni 460 manat pulu ödəmədiyi yuxarıda qeyd olunan sübut növləri ilə təsdiq olunduğundan iddia tələbi Cavabdeh1 dair hissədə təmin edilməli, digər cavabdeh Cavabdeh2 dair hissədə isə iddia tələbi hər hansı mötəbər sübutlarla təsdiq edilmədiyindən həmin cavabdehə dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 30 manat Cavabdeh1 tutulub iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 bir ədəd “BEKO” markalı kondisioner, bir ədəd “Nord” markalı soyuducu, bir ədəd 5 kq-lıq “LG” markalı paltaryuyan maşın və bir ədəd “LG” markalı batareya ilə işləyən su qızdırıcı, onların naturada verilməsi mümkün olmadıqda onların dəyəri olan 1800 (min səkkiz yüz) manat pul, kirayə haqqı olaraq ödənilməmiş 460 (dörd yüz altmış) manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınaraq, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 bir ədəd “BEKO” markalı kondisioner, bir ədəd “Nord” markalı soyuducu, bir ədəd 5 kq-lıq “LG” markalı paltaryuyan maşın və bir ədəd “LG” markalı batareya ilə işləyən su qızdırıcı, onların naturada verilməsi mümkün olmadıqda onların dəyəri olan 1800 (min səkkiz yüz) manat pul, kirayə haqqı olaraq ödənilməmiş 460 (dörd yüz altmış) manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar