Məhkəmə qərarları › İş №2(044)-566/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-566/2021

08.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-566/2021 08.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı–İddiaçı, Cavabdeh–Cavabdeh Əbdülrəhman oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Əbdülrəhman oğluna qarşı “əmlak, pul və avtomobil” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Əbdülrəhman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əbdülrəhman oğlundan 1600 manat dəyərində olan boyun sepinin, yaxud onun dəyərinin tutulmasına, birgə əmlakları olan 2000 manat pulun və **-XP-*** dövlət nömrəli VAZ 2107 jiquli markalı avtomaşının dəyərinin bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Əbdülrəhman oğlu ilə 2007-ci ildə ailə qurmuş, nikahlarını xx.xx.2010-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Bəhruz və xx.xx.2010-cu il təvəllüdlü Ömər adlı övladları dünyaya gəlmişdir. Onların arasında bağlanmış nikah pozulmuşdur. Avtomobil tələbinə dair üçüncü şəxsin iştirakı ehtimal olunduğundan cavabdehə qarşı ayrı iddia qaldırmaq məcburiyyətində qalmışdır. 2-3 il əvvəl cavabdeh onun 27 qramlıq qızıl boyun sepini girov qoymuş, dəfələrlə tələb etməsinə baxmayaraq qaytarmamışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Əbdülrəhman oğlu iddia tələbi ilə razı olmadığını bildirərərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Eyni zamanda xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək 2013-cü ildə qızılları Azərkreditdə girov qoyaraq lombard krediti götürmüş və götürdüyü 2200 manat pulu isə evin ehtiyacına, ümumi məsrəflərinə sərf etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Əbdülrəhman oğlu ilə İddiaçı 2007-ci ildə ailə qurmuş, nikahlarını xx.xx.2010-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Bəhruz və xx.xx.2010-cu il təvəllüdlü Ömər adlı övladları dünyaya gəlmişdir. Onların arasında bağlanmış nikah pozulmuşdur.Qaynanası Sənan tərəfindən iddiaçıya 27 qram çəkidə qızıl boyunbağı hədiyyə edilmiş və həmin boyunbağı sonradan Pərvanədən alınaraq satılmışdır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və s.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Mülki Məcəllənin 157.2-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.Bu normadan göründüyü kimi, qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsəində göstərdi ki, o cavabdehin anasıdır. Pərvanəyə 25 qramlıq boyun bağını o özü hədiyyə etmişdir. Sonra həmin boyunbağı lombarda girov qoyulmuş və oradan götürülmüş pul ailənin ümumi məsrfələrinə sərf edilmişdir. Məhkəmənin əvvəlki iclasında verdiyi izahatında cavabdeh göstərmişdir ki, o yol nəqliyyat hadisəsi törətdiyindən pula ehtiyacı olmuş, Pərvanəyə məxsus 27 qram,583 əyarlı qızılı alaraq lombarda qoymuş və əvəzində pul götürmüşdür.Həmin pul la o baş vermiş inzibati xəta pozuntusunun nəticələrini aradan qaldırmışdır. Göründüyü kimi cavabdeh əvvəlki məhkəmə iclasında Pərvanədən alınmış qızılın girov qoyularaq kredit götürüldüyünü, həmin pulun inzibati xətanın nəticələrinin aradan qaldırılmasına sərf edildiyini, daha sonrakı izahatında isə həmin götürülmüş pulu ailənin ümumi məsrəflərinə sərf edilməsi kimi ziddiyyətli izahatlar vermişdir. Məhkəmə həmin izahatlara tənqidi yanaşaraq onu qeyd edir ki, göründüyü kimi qızıllar iddiaçının sahibliyindən qeyri-qanuni şəkildə çıxdığından onun verdiyi həmin izahatlar qızılın iddiaçının sahibliyindən qeyri-qanuni şəkildə çıxarılmasına qanuni çıxarılma kimi don geyindirilməsi istiqamətində verilmiş izahat kimi qiymətləndirilməlidir. Qızılın çəkisinə gəldikdə isə məhkəmə iclasında ifadə vermiş şahid qızılın çəkisinin 25 qram, cavabdeh isə 27 qram olmasını bildirmişdir. İş materiallarında olan rəydən göründüyü kimi 27 qram çəkidə qızıl boyunbağının bazar qiyməti 1600 manatdır. Odur ki, məhkəmə hesab edir ki, 27 qram çəkidə 583 əyarlı qızıl boyunbağı, həmin boyunbağı naturada olmadığı təqdirdə isə onun dəyəri olan 1600 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə iddia tələbinin 2000 manat pulun və avtomobilin bölünməsinə dair hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Əbdülrəhman oğlundan çəkisi 27 qram,583 əyarlı qızıl boyunbağı, həmin əşya naturada mövcud olmadığı təqdirdə onun dəyəri olan 1600 manat pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia ərizəsi üzrə tələb qismən təmin edildiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 manatı iddiaçının özünə aid edilməli, 15 manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh Əbdülrəhman oğlundan çəkisi 27 qram, 583 əyarlı qızıl boyunbağı və ya həmin əşya naturada mövcud olmadığı təqdirdə onun dəyəri olan 1600 manat pul tutularaq(alınaraq) İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 15 manatı onun özünə aid edilsin, 15 manatı isə Cavabdeh Əbdülrəhman oğlundan alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar