Məhkəmə qərarları › İş №2(044)-581/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-581/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-581/2020 18.06.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşıalqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsiilə məhkəməyə müraciət edərək Gəncə şəhəri 1 saylı notariat ofisində bağlanmış 7 oktyabr 2013-cü il tarixli, AN-İ № ******* saylı Daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, iddiaçıCavabdeh1 ilə 13 avqust 1975-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu günə qədər nikahları davam edir. ünvan 1 ünvanında yerləşən əmlak kompleksini tərəflər birgə nikah dövründə 19.05.2007-ci il tarixdə əldə etmişlər. Həmin qeyri-yaşayış sahəsini uzun müddət iddiaçının əri və oğlanları işlətmişlər. 2019-cu ilin əvvəllərində evdə yaranmış problemlə əlaqədar iddiaçı əri Qabilə həmin əmlak kompleksini satmağı təklif etdik də məlum olmuşdur ki, iddiaçının razılığı olmadan həmin qeyri-yaşayış sahəsini əri Qabil 07.10.2013-cü il tarixdə Fikrət Məmədova 40000 manata satmış və alqı-satqı müqaviləsini Gəncə şəhəri 1 saylı notariat ofisi təsdiqləmişdir. Lakin iddiaçının həmin müqavilədən məlumatı və müqavilənin bağlanmasına razılığı olmamış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Notarius tərəfindən müqavilə təsdiq edilərkən mülki qanunvericiliyin normaları pozulduğuna görə həmin müqavilə etibarsız hesab edilməlidir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Ruslan Qazıyev iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh1 ilə Cavabdeh2 arasındakı alqı-satqı müqaviləsini hər iki tərəfdən tərəflərin nümayəndələri imzalamışlar və Qabilin nümayəndəsi səlahiyyəti olmadığı halda notariusa ərizə verərək Qabilin rəsmi nikahda olmadığını, subay olduğunu bildirmişdir. Bundan başqa iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, müqavilə 07.10.2013-cü il tarixdə bağlanmış və 1 illik iddia müddəti keçdikdən sonra iddia qaldırılmışdır. Sonda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı 13 avqust 1975-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Məhkəmənin sorğusuna əsasən Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən təqdim olunmuş 07.10.2013-cü il tarixli, 4Ə-2-334 saylı notariat işinin materiallarından görünür ki, Cavabdeh1 MH seriyalı, ******* nömrəli, 19 may 2007-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən özünə məxsus olan ünvan 1 ünvanındakı əmlak kompleksini etibarnamə üzrə nümayəndəsi X1 vasitəsi ilə Cavabdeh2 40000 manata satmış, sonuncunun əvəzinə müqaviləni etibarnamə üzrə nümayəndəsi X4 imzalamışdır. Həmin notariat işində olan 07.10.2013-cü il tarixli ərizədə Elşən Hüseynov notariusa müraciət edərək Cavabdeh1 şəxsən tanıdığını, evli olmadığını, rəsmi və qeyri-rəsmi nikahı olmadığını qeyd etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Çünki işin faktiki hallarından və iş materiallarından görünür ki, tərəflər birgə nikah dövründə ünvan 1 ünvanındakı əmlak kompleksini əldə etmişlər və həmin əmlaka birgə hüququ olan iddiaçı həmin əmlakın satılmasına razılıq verməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. - 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən hesab edir ki, qanunvericiliyin tələblərinə görə 07.10.2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlanarkən həmin əmlaka birgə hüququ olan iddiaçının, arvadın razılığı alınmalı olduğu halda, bu razılıq alınmadan bağlandığına görə həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilədən yaranan hüquqi nəticələr ləğv edilməlidir. Bundan başqa cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq barədə ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə əqdin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddət iddia müddəti deyil, kəsici müddətdir və həmin müddətin axımı maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İddiaçı mübahisələndirilən əmlak kompleksinin satılmasını 2019-cu ilin əvvəllərində bildiyindən və 2019-cu ilin aprel ayında iddia qaldırdığından məhkəmə hesab edir ki, iddiaçı 07.10.2013-cü il tarixli alqı-satqı müqaviləsinin mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 illik müddəti ötürməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdənmüştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşıalqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanında istifadədə olan 0,64728 ha torpaq sahəsində yerləşən 7689.7 kv.m ümumi, 4896.2 kv.m əsas, 2793.5 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 7 oktyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilədən yaranan hüquqi nəticələr ləğv edilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 1 saylı notariat ofisindən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar