Məhkəmə qərarları › İş №2(044)-593/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-593/2022

28.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-593/2022 28.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, İddiaçı Cavabdeh qarşı ev, pul və avtomobil tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öz pulu ilə tikilmiş, ona məxsus evin sənədinin, açarının və onun Həsənə aldığı Mersedes avtomobilinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasının və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi tələbi aydın deyildir. Çünki iddiaçı ərizəsində cavabdehdən ev və avtomobil tələb etsə də, tələb etdiyi evin ünvanını qeyd etməmiş, avtomobilin markasını qeyd etsə də, qeydiyyat nömrəsini göstərməmiş, həmçinin ərizəyə əlavə edilən sənədlərin siyahısı tam qeyd olunmamış, tələbin istinad etdiyi halları təsdiq edən sübutlar (evin və avtomobilin sənədləri) iş materiallarına əlavə olunmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2, 149.2.2, 149.2.3 və 149.2.5-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilmələdir. Bundan başqa tələbin istinad etdiyi halları təsdiq edən sübutlar (evin və avtomobilin sənədləri) iş materiallarına əlavə olunmadığı, iddianın qiyməti göstərilmədiyi üçün ödənilməli rüsumunun məbləğini müəyyən etmək mümkün olmur. İddiaçı tərəfindən ərizə verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinin tələbləri pozulmuş, qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmamışdır. İddia ərizəsinə iddiaçı tərəfindən 52 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmiş, halbuki iddia predmeti ev və avtomobilin dəyəri reallıqda ən azı 10000 manatdan çox olduğundan rüsum az ödənilmişdir. Çünki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-ci maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması üçün səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı ev, pul və avtomobil tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar