Məhkəmə qərarları › İş №2(044)-867/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-867/2022

11.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-867/2022 11.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 130 ünvanında yerləşən fərdi yaşayış evinə dair 24.12.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş çıxarışın ləğv edilməsinə, eləcə də 21.01.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş çıxarışın ləğv edilməsinə və evin ilkin hüquqi vəziyyətinə gətirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Gəncə şəhəri, Təbriz küçəsində yerləşən tam yarısı ona məxsus olan 130 saylı fərdi yaşayış evini etimadından sui-istifadə edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********25-10301, qeydiyyat nömrəsi **********, seriya MH0014475 saylı çıxarışla öz mülkiyyətinə çevirmişdir. Mərhum X2 hələ sağlığında, 1973-cü ildə evi ona bağışlamaq istəmişdir. Qeyd etmək istəyir ki, evin balaca oğlu olduğu üçün atası tam şəkildə evi ona bağışlamaq istəsə də şəxsən onun iradəsi ilə evin yarısının da qardaşının adına keçirilməsini atasından xahiş etmişdir. Buna səbəb onun Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşaması olmuşdur. Ata evinin daimi baxımlı olmasını istədiyindən onun razılığı ilə 1973-cü ildə həmin ev iki hissəyə bölünmüşdür. 2021-ci ilin sonlarında Kanadadan öz ölkəsinə qayıtmış, 2022-ci ildə isə əlində olan sənədlərlə həmin evə qeydiyyata düşmək istəyən zaman evin artıq onun adına olmadığı bildirilmişdir. Azərbaycan Respublikasından digər ölkələrə gedərkən o, qardaşına etibarnamə vermişdir. Cavabdeh1 isə həmin etibarnamədən sui-istifadə edərək ona məxsus olan payı özgəninkiləşdirmişdir. Bundan sonra 2011-ci ildə alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Təbriz küçəsində yerləşən 130 saylı fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətinə keçmişdir. Ona görə də, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 130 ünvanında yerləşən fərdi yaşayış evinə dair 24.12.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş çıxarışın ləğv edilməsinə, eləcə də 21.01.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş çıxarışın ləğv edilməsinə və evin ilkin hüquqi vəziyyətinə gətirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etmədiyini bildirdi və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, lakin İddiaçı məhkəməyə ərizə ünvanlayaraq Kanadada aldığı müalicə və müalicədən sonra reabilitasiya (həkimlərin nəzarəti ilə) müddəti qeyri-müəyyən vaxt davam edəcəyindən onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq oğlu Cavabdeh2 işinin mürəkkəbliyi və özünün səhhəti ilə bağlı məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və qanunun tələblərinə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə İddiaçı və digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gəncə “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 970942 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01.02.2016-cı il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 587779 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08.01.2007-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda tam pay mülkiyyət hüququ üzrə Cavabdeh2 adına dövlət reyestrində 14 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda tam pay mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət reyestrində 14 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə şəhər Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 noyabr 2018-ci il tarixli 479160 nömrəli arayışdan görünür ki, İddiaçı 13.10.1957-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə 10.12.1957-ci il 393 sayla akt kitabında qeyd aparılmışdır. X2, anası X3r. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmənin qənaətinə görə iddiaçı iddianın əsasını təşkil edəcək sübutlara malik deyildir. Bu halda iddiaçı subyektiv hüquqa malik olan şəxslər kimi hazırkı iddia tələbini irəli sürməkdə haqlı deyildir. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı mübahisəli evə dair 24.12.2007ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş çıxarışı, eləcə də 21.01.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına rəsmiləşdirilmiş çıxarışı mübahisələndirmiş, lakin mübahisəni əsaslı arqumentlərlə izah edə bilməmiş və bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə eyni zamanda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi çıxarışın ləğv edilməsi tələbinə münasibətdə hesab edir ki, qeyd olunan iddia tələbi iddiaçının istinad etdiyi formal mülahizələrə əsasən təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar